Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Açıq məlumatlara dair növbəti təlim (YENİLƏNİB)

Əziz dostlar,

Mingəçevir Valideynlər Assosiasiyası   Çexiya (“Transitions”) və Polşadan (“Linking”) olan tərəfdaşları ilə birgə sizi Avropa Birliyinin maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramı tərəfindən həyata keçirilən “Əhalinin həssas qruplarının sosial-iqtisadi hüquqlarının təmin olunmasında vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” layihəsi çərçivəsində açıq məlumatlara dair növbəti silsilə təlimlərə dəvət edir.  Bu təlimlər 2017-ci il martın 10-dan 19-dək Mingəçevir Media Mərkəzində keçiriləcək. Təlimlər Azərbaycanın kütləvi informasiya vasitələri, QHT və dövlət müəssisələri nümayəndələri üçün nəzərdə tutulub. Təlimin məqsədi bu üç qrup nümayəndələrinə açıq məlumatların geniş mahiyyətini başa salmaq, əhali ilə birgə fəaliyyət zamanı  jurnalistlərə, fəallara və  dövlət qulluqçularına necə kömək edəcəklərini öyrətməkdir.

Açıq məlumatlar son bir neçə il ərzində bütün dünyada inkişaf etməkdə olan bir istiqamətdir.  O əsas diqqəti medianın və  QHT-lərin daha çox əlavə auditoriya cəlb etmələrinə, dövlət orqanlarının ictimaiyyətlə iş zamanı mürəkkəb informasiyanı daha sadə və əyani şəkildə, asan başa düşülən  tərzdə çatdıra bilmələrinə  hesablanıb.

Əgər siz onlayn nəşrlərinizdəki oxucularınızın, QHT  ilə əməkdaşlıq edən fəallarınızın  sayını artırmaq,  yaşadığınız  regionda ictimaiyyətlə işin effektivliyini artırmaq  istəyirsinizsə, onda bizim təlimlərə qatılın.

Biz bu dəfə də iki qrup yaradırıq.Birinci qrup üçün təlim martın 10-dan 12-nə, ikinci qrup üçün isə martın 17-dən 19-dək aparılacaq. Təlimlərdən sonra iştirakçılarla məşğələlər  onlayn formada davam edəcək.

Təlimin mövzuları:

1. Təklif edilən mövzular üzrə xəritələrin yaradılması.

2.Data jurnalistikaya dair perspektiv layihələrin müzakirəsi.

3.Xəritəçəkmə və qrafiklərin yaradılması. Zamanın əyaniləşdirilməsi.

4.Özəl layihələr üzərində işin təqdimatı.

5.Tableau-ya giriş və onun üzərində işin davam etdirilməsi

Məşğələlər  Şərqi Avropada açıq məlumatlardan yüksək səviyyədə istifadə edən Linking Media  təşkilatının mütəxəssisləri tərəfindən aparılacaq. 2012-ci ildən bəri Linking Media açıq məlumatların geniş yayılmasında iştirak edib,  yerli kütləvi informasiya vasitələrinə və QHT-lərə  əyani materialların, vasitələrin  sayının artırılmasına və öz səhifələri üçün yeni auditoriyanın cəlb olunmasına kömək edib.

Təlimlərə qatılmaq istəyənlər  fevralın 15-nə, saat 18.00-dək  CV-lərini təlimə nə üçün qatılmaq istədikləri barədə məlumatla birgə aşağıdakı ünvana göndərə bilərlər: datajournalism2017@gmail.com

Seçilənlərin ünvanlarına təlimin yeri və vaxtı barədə  məlumat göndəriləcək. Təlim iştirakçılarının nəqliyyat, yemək və otel xərcləri təşkilatçılar tərəfindən  ödəniləcək. Onlar  MVA/LM/Tranzitions təşkilatlarının Avropada sonrakı tədris proqramlarında seçimlərdə iştirak edə biləcəklər.

QEYD: Bundan əvvəlki elanda ərizələrin qəbulu üçün son müddət fevralın 20-si göstərilmişdi. Lakin müraciət edənlərin sayı nəzərdə tutulduğundan xeyli çox olduğundan və təşkilati işlərlə əlaqədar  ərizə qəbulunun müddətini qısaltmalı olduq.  

Şərhlər bağlıdır.