Bağçada uşaq nə yeyir?
Öncə bağçaları ərzaqla təmin edən “İaşəçi” MMC-yə baş çəkdik. Anbarda əsl səliqə-sahmanın şahidi olduq. Müəssisənin direktoru Vahid Əsgərov məlumat verdi ki, anbara qəbul olunan bütün malların sertifikatı var, tez xarab olan məhsullar soyuducuda saxlanılır: “Bir sıra ərzaqları, əsasən kənd təsərrüfatı məhsullarını bazardan alırıq. Orada bizə qaimə vermirlər. Buna görə də onlar alış aktı əsasında alınır. Malın keyfiiiyyətini özümüz yerində yoxlayırıq. Südü fermer təsərrüfatlarından alırıq. İndiyə qədər bu məhsullardan heç bir şikayət olmayıb”.
Vahid müəllimin dediyinə görə, bağçalara kartof, kələm, soğan və s. ayda 2 dəfə, süd məhsulları hər gün verilr.
Öyrəndik ki, bağçaların ət və çörəklə təchizatı tenderi udmuş digər iki müəssisə tərəfindən həyata keçirilir. Çörək hətta kənardan, Gəncədən gətirilir. Müsahiblərimiz Mingəçevirdə bişirilən çörəklə müqayisədə Gəncə çörəyinin daha keyfiyyətli olduğunu bildirdilər. Bu fikirləri sağ sahil qəsəbəsində, 170 uşağa xidmət göstərən 3 saylı “Gülüstan” körpələr evi-uşaq bağçasında olarkən də eşitdik (Bağça əslində 220 yerlikdir, lakin bir hissəsində uzun illər ərzində məcburi köçkünlər məskunlaşıb). Həmin gün günorta naharı üçün ətli düyü şorbası və kartof püresi hazırlanırdı. Bağçanın müdiri Rəna Qədimalıyeva dedi ki, ayda 3 dəfə -ayın 1-də, 10-da və 20-də ət alırlar, o da 3, 4-5 günə çatır”.
Məlum oldu ki, bağçaları ət və digər zəruri ərzaq məhsulları ilə gündəlik təchiz etmək imkan xariicindədir. Çünki normativə görə, hər uşaq üçün bir günə cəmi 98 qəpik ayrılır (hətta
əvvəllər bu rəqəm 39 qəpik idi).
17 nömrəli “Fidan” körpələr evi-uşaq bağçasında da sıxlıq hiss olunur. Bağçanın müdiri Zenfira Qazızadə dedi ki, birinci mərtəbədə məcburi köçkünlərin yerləşməsiylə əlaqədar 12 qrupluq bağçada cəmi 6 qrup fəaliyyət göstərir: “Binamızın əsaslı təmirə ehtiyacı var. Sevindirici odur ki, yemək və yataq yerləri, digər otaqlar mərkəzləşdirilmiş qaydada istiliklə təmin olunur. İcra hakimiyyətinin sifarişi ilə kombi çəkilib”.
Biz bağçanın mətbəxində kotlet və kartof püresi hazırlandığını müşahidə etdik. Anbarda makaron, vermişel, ət və s. vardı.
220 yerlik 16 saylı “Aynur” körpələr evi-uşaq bağçasında da nümunəvi şəraitlə üzləşdik. Səliqə-sahman göz oxşayırdı. Biz əvvəl mətbəxə baş çəkdik, şorba və plov hazırlandığını müşahidə etdik. Bağçanın müdiri Kamilə İlyasova dedi ki, daxil olan qidaların keyfiyyətindən razıdırlar: “Nəzərdə tutulan təqvim və normativ üzrə bağçaya ayrılan ərzaq məhsullarınının çatdırılmasında heç bir problem yoxdur. Sadəcə normativlərə yenidən baxılmasını arzu edərdik”
Reydin yekunları barədə mətbuata açıqlama verən Mingəçevir İcra hakimiyyəti başçısının müavini Ramiz Əliyev bağçalarda sanitar normaların yerinə yetirilməməsi və mənşəyi məlum olmayan ərzaqlardan istifadə edilməsi barədə fikirlərin həqiqətə uyğun olmadığını bildirdi: “KİV nümayəndələri də şahid oldular ki, bütün məhsulların sertifikatı var. Sanitar qaydalara ciddi əməl olunur. Baxmayaraq ki, çətin şəraitdə çalışırlar, Mingəçevir bağçalarında uzun illərdir ki, məcburi köçkünlər yerləşib”.
R.Əliyev onu da bildirdi ki, 2013-cü ildə 3 bağça əsaslı təmir olunub, 2014-cü ildə isə onalrı 4 bağça da əsaslı təmirə saxlanacaq.
Şərhlər bağlıdır.