Mingəçevir Turizm Kollecində Milli Dirçəliş günü
Bir müddət əvvəl MTK-da Milli Dirçəliş Gününə həsr edilmiş tədbirlər planına uyğun olaraq rəngarəng müsabiqələrə və silsilə toplantılara start verilmişdir. Kollecin tələbələri fəal şəkildə bu tarixi günə həsr olunmuş inşa yazılar və şeir müsabiqələrinə qoşulmuşdular. İstedadlı tələbələrin əl işləri və qrupların hazırladıqları divar qəzetləri stendlərdə nümayiş olunurdu. Müxtəlif qrupları təmsil edən tələbələr arasında diskussiyalar və futbol yarışı təşkil edilmişdir.
Noyabrın 17- də isə silsilə tədbirlərin yekunu olaraq kollecin H. Əliyev ideoloji kabinetində “Milli dirçəlişdən qüdrətli dövlətçiliyə doğru” mövzusunda elmi-nəzəri konfrans keçirildi. Tədbiri açıq elan edən kollecin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov Azərbaycanının müstəqillik yolunda keşməkeşli mübarizə tarixi haqqında məlumat verdi. Azərbaycanda bu hadisələrin milli azadlıq hərəkatı kimi qiymətləndirildiyini və Vətənimizin istiqlaliyyət qazanmasında əsas amil sayıldığını bildirdi. Həmçinin 17 noyabr Milli Dirçəliş Gününün həm də ümumilli birliyimizin rəmzi kimi yaddaşlarımızda xüsusi yer tutduğunu qeyd etdi.
Konfransda kollecin müəllimləri Xəyalə Abbasova, İbrahim Əyyubov, Aygün Əzizova, Əşrəf Əsgərov, Elmira Rəhimova və Nurlana Mustafayeva “Azərbaycanda milli azadlıq hərəkatı”, “17 noyabr milli dirçəliş və milli oyanış günümüzdür”, “17 Noyabr Milli Dirçəliş Günü- xalqın istiqlal mücadiləsinin əsas mərhələlərindəndir”, “İmperiya buxovundan qurtaran müstəqil Azərbaycan uğurlu inkişaf yolundadır”, “17 Noyabr bizim milli oyanıqlığımızın ilk təzahürüdür” və “Həqiqi liderlə xalqın birliyi “ mövzuları üzrə maraqlı məruzələrlə çıxış etdilər.
Toplantının bədii hissəsində isə özfəaliyyət qrupu üzvlərinin ifasında maraqlı ədəbi bədii kompozisiya iştirakçılara təqdim olundu.
Şərhlər bağlıdır.