Vardenkliff qülləsi, alternativ düşüncə və ümidlərimiz…
Nikola Tesla– bu ad çoxlarına tanış olmaya bilər, amma çoxları onun kəşflərindən faydalanır və faydalanırıq. Tesla adı günümüzdə daha çox məşhur milyarder Elon Muskın avtomobil şirkəti olaraq tanınır. Məqsədim nə Elon Muskdan danışmaq, nə də Teslanın elmi kəşfləri haqqında söhbət etmək deyil, onun ən böyük elmi kəşfinin məndə yaratdığı duyğular və düşüncələr haqqında söhbət açmaqdır. Teslanın ən böyük kəşflərindən biri alternativ enerji mənbəyi olan Vardenkilif qülləsidir. Əgər bu qüllənin tikintisi və istifadəsi baş tutsaydı, o zaman bütün dünyadakı insanlar naqil olmadan elektrik enerjisi ilə, özü də pulsuz, təmin olunacaqdı. Bu qüllənin tikintisi üçün torpaq sahəsi ayırmış bankir, hüquqşünas və iş adamı Ceyms Vardenkliffin şərəfinə qülləyə onun adı verildi. Bu ideyanı Tesla qismən də olsa həyata keçirdi, lakin həm bəlli, həm də bəlli olmayan səbəblərdən işlər dayandırldı və bir də heç bir zaman həyata keçirilmədi. Təəssüf ki, bütün dünyanın elektik enejisinə olan ehtiyacını ödəməyə çalışan bir insan, bu dünyaya, borclu olduğu insanların əlindən sığındığı otel otağında gözlərini əbədi yumdu. Onu otağında tapanda isə, artıq iki gün idi ki, vəfat etmişdi. Çox acı və kədərli bir əhvalatdır. Tesla elmin çətin yollarında təkbaşına addımladı, ailə qurmadı, hamının qayğısına qalmağa çalışdı, amma qayğısına qalan olmadı.
Həm Teslaya qədər, həm də Tesladan sonra elmdə çoxlu kəşflər oldu. Bu elmi kəşflər kimlərisə varlandırdı, kimlərsə bunun heç fərqində də olmadı, kimlərisə də bədbəxt etdi. Amma insanların maddi ehtiyacları heç bir zaman tükənmədi, tam olaraq ödənmədi və heç ödənmir də. Dünən yaranan texnologiya bu gün artıq köhnəlmiş sayılır, sabah yeniləri yaranır, köhnələr isə zibilliyə atılır. Sanki ehtiyaclar durmadan artır, eyni zamanda çeşidli zibilliklər də artır: metal, plastik, radioaktiv, kağız və sair, ilaxır… Tutaq ki, insanlar başqa planetlərə də getdilər, lap elə Aya, Marsa orada evlər tikəcəklər, mexanizmlər quraşdıracaqlar, sonra onlar köhnələcək, yeniləri yaranacaq, orda da zibilliklər yaradacaqlar, yəqin ki, geri dönüşüm də olacaq, yenidən istehsal olacaq, amma hər halda tam olaraq deyil. Təsəvvür edin ki, insan bütün qalaktikanı dolaşır, getdiyi hər yerdə zibilliklər yaradır, amma yenə də düşüncədə, ictimai şüurda çox da irəli gedə bilmirik. Bəlkə insanlar bu israfçılığın qarşısını almaq haqqında da düşünə, bir-birinə zərər vurmamaq və qayğısına qalmaq, təbiəti korlamamaq, bir-birini şüurca yüksəltməyin yollarını tapa? Qoy bahalı maşınlar olmasın, bahalı villalarda yaşamağa ehtiyac qalmasın, amma insanlar bir-birinə dəyər verməyi öyrənsin.
Teslanın ideyası, alternativ enerji mənbəyi yaradıb, ondan hər kəsin, bütün dünya insanlarının faydalana bilməsini təmin etmək idi, bəlkə biz də alternativ düşüncə haqqında fikirləşək? Elə bir düşüncə ki, bütün insanlar bu düşüncənin daha sağlam, daha faydalı və yararlı olduğuna inansın. Əslində bu çox vacibdir, amma bu düşüncəni yaratmaq üçün insanlar ənənəvi ünsiyyət formalarının bir çoxundan, xarakterlərindəki bir çox mənfi cəhətlərdən imtina etməlidirlər: şəxsi ambisiyalarından, eqolarından, şəxsi istəklərindən, pintiliklərindən, cinsi ayrıseçkilikdən, hakimiyyət hərisliyindən . Ümumi və alternativ düşüncənin yaranması üçün insanlar bir-birini tanımalı, fikirlərini, düşüncələrini bəlli etməli və paylaşmalı , hər bir insanın anlayacağı, inanacağı, əməl edəcəyi üstün düşüncənin yaranmasına nail olmalıdırlar, eynilə “Vardenkliff qülləsi” kimi. Bu üstün düşüncə və ya alternativ düşüncə, hər bir insanın ağlını, düşüncəsini işıqlandırcaq qədər sadə və aydın, məntiqli və inadırıcı olmalıdır. Ola bilər ki, bu düşüncə tərzi tez və asan yaranmasın, amma ən azından bu məqsədlə yola çıxıldığı üçün bir gün yarana bilər. Əlbəttə Elon Musk, Miçio Kaku, Nassim Taleb, yaxud Şervin Peşavər olmaq asan deyil, amma alternativ sağlam düşüncəni yaratmaq, inkişaf etdirmək də çətin deyil. Bu insanların ideyaları sadəcə varlanmaq üçün deyil, həm də üstün düşüncəli insan olmaq üçün də kömək edə bilər. Çünki bilikli, üstün və geniş düşüncəli insan həm də hər cür müəmmanı izah etməyə qadir ola bilir, mürəkkəblikləri asanlaşdıra bilir. Elmi ixtiralar və elmi ideyalarla varlanan insanlar adətən insanlara – özünə güvənməyi, biliyini artırmağı, xəyallar qurub və xəyallara doğru can atmağı – məsləhət görürlər. Amma biliyi olmayan, özünə güvənməyən və xəyalları olmayanlar üçün bu məsləhətlərin heç bir önəmi olmur və belə insanlar həmişə başqalarının köməyinə ehtiyac hiss edirlər. Düşünürəm ki, ən çox aldanan və təsir altına düşənlər, eyni zamanda hər cür inkişafın əngəllənməsinə dolayısı ilə yardım edənlər, zorakılıqların, müharibələrin səbəbkarları da elə həmin çoxluqlar olur.
Neçə əsrlərdir ki, yeni texnologiyalar insanlara maddi ehtiyaclar “ yaradır”, çoxlu pullar üçün meydan qurur, amma bütün bunlar insanın ictimai şüurunu inkişaf etdirmir, onu İNSAN kimi yetişməyə yox,daha çox biznesmen olmağa, varlanmağa ruhlanıdırır, başqaları üzərində hökmranlıq hissini artırır, daha doğrusu çoxluq bu ideyaları belə anlamaq və qəbul etmək istəyir və təəssüf ki, buna vərdiş edir.
Əslində Tanrının varlığını hiss etmək, ona inanmaq əsl insani keyfiyyətləri anlamaqda, sadə, dürüst insan olmaqda, həqiqətləri duymaqda insana kömək edə bilər, amma təəssüf ki, dini təsəvvürlər, yanlış inanclar, təriqətlər, məzhəblər insanlara əsl həqiqəti anlamaqda mane olur. İnsanlar savadlı, aydın düşüncəli
olmadan, yalançı dindar kölə olurlar. Odur ki, Tanrını duyana qədər, özü də sırf elmi və məntiqi mahiyyət daşıyan alternativ düşüncə bu vasitəçiliyin öhdəsindən gələ bilər.
Yaradıcı, bacarıqlı həm də ideyaları ilə varlanan insanlar yüksək biliyə, çoxlu sərvətə təkbaşına çatmırlar. Onlar ilk öncə həmfikirlərini axtarıb tapırlar, yaradıcı, bacarıqlı insanları, həm də onları anlayan insanları ideyalarına cəlb edirlər, ünsiyyət qururlar, birgə fəaliyyət göstərirlər, bir-birilərinə inanırlar, güvənirlər. İdeyalarının həyata keçməsinə sevinirlər, xoşbəxt olurlar. Başqlarının da imkanlarının artmasına səbəb olurlar. İstəyirlər ki, onları anlayan, başa düşənlər çox olsun. Amma nə qədər çox olsa da, bu ideyalar hamı tərəfindən eyni cür başa düşülüb, qəbul edilmir. Hamı varlanmaq istəsə də, varlananların çoxu pulu yaxşı məqsədlər və xeyirxah işlər üçün xərcləmirlər. Silah, narkotika, insan alveri, hər cür istismar varlanmanın digər səbəbləri də olur. Çox insan Aya onun gözəlliklərini görmək, oradan Yerə tamaşa etmək üçün , yaxud Marsa bu planeti öyrənmək üçün getməyi düşünmür, oralarda daha çox mənfəət əldə etmək, hakimiyyət və daha çox güc qazanacağını fikirləşirlər. Bütün bunlar isə yenə həmin geridə qalmış, sosiallığa və inkişafa zərbə vuran düşüncənin davamı olur. İstər Yer planetində yaşayanlar olsun, istər Marsa, ya başqasına getmək istəyənlər, əgər insanların düşüncəsi, məntiqi onları bir-birinə zərər vumağa təhrik edirsə, hökmranlığını qorumağa yardım edirsə, bu zaman istənilən elmi kəşf zibillikləri doldurmaqdan başqa bir işə yaramayacaq.
İnsan qonşuya gedəndə özünü və ailəsini təmsil edir. Başqa kəndə və ya şəhərə gedəndə həm özünü, ailəsini, həm də öz kəndini və ya şəhərini təmsil edir. Başqa bir dövlətə gedəndə isə özünü, ailəsini, kəndini və ya şəhərini, həm də dövlətini, millətini təmsil edir. Eyni zamanda fikirləşək ki, əgər başqa bir planetə getmək şansımız olsaydı o zaman özümüzü və planetimizi necə təmsil edərdik? Burada mənə elə gəlir ki, sadəcə özümüz və planetmiz əsas diqqətdə olacaq, hansı ailə, kənd-şəhər, dövlət və ya millətdən olmağımız ilk olaraq heç bir əhəmiyyət daşımayacaq, sadəcə sən və Yer planeti və sənin bir İNSAN kimi təmsilçi olmaq qabiliyyətin rol oynayacaq. Çox əhəmiyyətli və vacib məqamdır, anlamaq lazımdır ki, bir insan olaraq hansı dəyərlərin əhəmiyyət kəsb edəcək, hansı bacarıqların sənə gərək olacaq, anlayacaqsan ki, dünya insanı ola bilmək imkanlarından nə qədər yararlana bilmisən? Heç olmazsa bir dəfə də olsun bu haqda düşünmüsünüzmü? Əgər düşünməmisinizsə, gec deyil, bu an bu haqda düşünə bilərsiniz.Ən maraqlısı isə, Yerin planet olaraq qalma şansı və insanların yaşama haqqı sənin təqdimatından asılı olarsa???
Mənə elə gəlir ki, hansısa başqa planetə getməsək belə, hərdən özümüzə daha da kənardan baxmağı bacarmalıyıq. Dünya insanı olmaq cəhdlərimiz, əslində bir dövlət, millət, xalq, ailə və fərd olmaq şansımızı yaradır. Bir-birimizi tanımadan, anlamadan, dəyər vermədən, təbii ki, qarşılıqlı olaraq, bu şansı qazanmaq çox çətindir. Kiçik, cılız duyğuların əsiri olmaq, varlanmaq, güc-qüvvət sahibi olmaq, işğal və istismar etmək, zülm vermək, bütün bunlar həmin o uzaqlardan çox mənasız görünür, hətta Yer üçün də , bizim üçün də təhlükəli görünür. Ən kədərlisi isə odur ki, sən uzaq bir planetdə, Yerin təmsilçisi olduğun bir anda çevrilib Yerə baxasan və insanların bu planetdə yaşamağa haqqı olmadığını, buna layiq olmadığını anlayasan…
Mehparə Rəhimqızı
Şərhlər bağlıdır.