Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Sülh quruculuğu ilə bağlı növbəti ictimai müzakirə

“Regionlarda sülh quruculuğu və birgə yaşayış sahəsində müzakirələrin təşkili” layihəsi çərçivəsində Bərdədə görüş olub

“Humanitar Tədqiqatlar” İctimai Birliyi Bərdə rayonunda ictimai müzakirə təşkil edib. “Regionlarda sülh quruculuğu və birgə yaşayış sahəsində müzakirələrin təşkili” layihəsi çərçivəsində Bərdə Şəhər bələdiyyəsinin inzaibati binasında keçirilən tədbirə 25 nəfər Bərdə rayon sakini qatılıb.

Tədbirdə çıxış edən “Humanitar Tədqiqatlar” İctimai Birliyinin rəhbəri Mehriban Məmmədova layihənin məqsədi ilə bağlı məlumat verib: Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir. Layihənin məqsədi cəbhəyanı regionda  sülh quruculuğu və birgə yaşayış sahəsində müzakirələrin təşkili ilə ictimai rəyin öyrənilməsidir. Belə ki, Azərbaycan 44 günlük Vətən Müharibəsinin nəticələrinin beynəlxalq miqyasda legitimləşdirilməsi istiqamətində də ardıcıl və səmərəli fəaliyyət həyata keçirməkdədir.  Respublikamız müharibə dövründə olduğu kimi, sülh quruculuğu mərhələsində də beynəlxalq hüquqa əsaslanan mövqeyini aydın şəkildə ifadə edir. Azərbaycan ən ali səviyyədə sülhə hazır olduğunu, Azərbaycan qanunları çərçivəsində yaşamaq istəyən ermənilərin bütün hüquqlarının tanınacağı bəyan edib. Layihə çərçivəsində artıq Ağdam, Tərtər və Qazax rayonlarında yaşayan insanların Ermənistanla sülhü necə gördükləri, ermənilərlə birgəyaşayış üçün təkliflərinin necə olması, gələcəkdə təkrar münaqişənin yaşanmaması üçün  həyata keçirilməsi vacib olan addımlarla bağlı region sakinlərinin rəyləri öyrənilib”.

Daha sonra çıxış edən layihənin eksperti Rafiq Muradov müzakirə olunan mövzu ilə gözləntiləri açıqlayıb.

Tədbirdə çıxış edən Bərdə rayon sakini olan şəhid atası ermənilərlə birgəyaşayışın mümkün olacağını qeyd etdi: “Biz əvvəllər ermənilərlə çox yaxşı əlaqələr qururduq. Kənd təsərrüfatı mallarımızı Xankəndiyə satırdıq. Ustalar ermənilər olurdu həmişə, evlərin tikilməsində iştirak edirdilər. İndi də mən müəllim olaraq gedib onlara dərs deməyə hazıram. Baxmayaraq ki, övladım şəhiddir, əgər dövlətimizin siyasi mövqeyinə uyğun olarsa, gələcəkdə Xankəndində erməni uşaqlarına dərs deyərdim”.

İki qardaşı I Qarabağ müharibəsində qazi olan xanım iştirakçı qeyd edib ki, doğmalarının nə əziyyət çəkməsinin canlı şahididir: “Mən heç vaxt onlarla (ermənilərlə) əvvəlki münasibətləri qurmağa hazır deyiləm. I Qarabağ müharibəsi zamanı mənim 15 yaşım var idi və biz çölə çıxa bilmirdik, çörək tapa bilmirdik, işıq yox idi, təhsildən uzaq qalmışdıq. Bunları unuda bilmərəm”

44 günlük Vətən Müharibəsi iştirakçısı olan Bərdə rayon sakini qeyd edib ki, ermənilərlə birgəyaşayışa psixoloji olaraq hazır deyil: “Ermənilər tolerant bir vətəndaş olaraq demək istəyirəm ki, digər milli azlıqlar kimi bizim qanunvericiliyimizi qəbul edib yaşayacaqlarsa, yaşasınlar, əks halda bizim ölkəni tərk etsinlər.”

Daha sonra mövzu ilə bağlı iştirakçıların sualları cavablandırılıb.

Şərhlər bağlıdır.