Bizimlə həyatınız həmişə işıqlı olacaq!

25 il əvvəl Azərbaycanda nə baş verib?

Bu gün-18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür. Düz 25 il qabaq  Azərbaycanın keçmiş parlamenti (Ali Sovet) Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edib. Aktın qəbulu günlərlə çəkib. Ali Sovetin növbədənkənar sessiyası oktyabrın 8-də işə başlasa da, dörd  gün davam edən qızğın müzakirədən sonra qərar vermə prosesi  bir həftə sonraya qalıb. Nəhayət, parlamentdəki demokratik qüvvələrin təsiri altında əksəriyyət 1991-ci il oktyabrın 18-də tarixi sənədə “HƏ” deyib. 360 deputatdan 258-i Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının lehinə səs verib, yerdə qalanlar isə əleyhinə çıxıb,  ya da sessiyaya qatılmayıblar.

6 fəsil, 32 maddədən ibarət olan Konstitusiya Aktında deyilir: “Maddə 1. 1920-ci il aprelin 27-28-də RSFSR-in XI ordusunun Azərbaycana təcavüzü, respublika ərazisinin zəbt etməsi, beynəlxalq hüququn subyekti olan Azərbaycan Demokratik Respublikasını devirməsi Rusiyanın müstəqil Azərbaycanı işğal etməsi hesab edilsin.

Maddə 2. Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Respublikasının varisidir.

Maddə 3. SSRİ-nin təşkili haqqında 1922-ci il 30 dekabr tarixli müqavilənin Azərbaycana aid hissəsi imzalandığı andan etibarsızdır”.

1991-ci il dekabrın 29-da keçirilən ümumxalq referendumunda əhalinin 95%-i  iştirak edib,  Azərbaycanın müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verib.

2006-cı il dekabrın 8-də isə Milli Məclis Əmək Məcəlləsinə dəyişiklik edib. Həmin dəyişikliyə görə, 18 oktyabr Müstəqillik Günü, 12 noyabr Konstitusiya Günü, 17 noyabr Dirçəliş Günü bayram kimi qalsalar da, istirahət günü kimi qeyd edilmir.

Şərhlər bağlıdır.