Zorakılığa qarşı qanunvericilik bazası kifayət qədərdir, lakin təcrübədə qanunlar işlək deyil
Martın 5-də “Qadın Hüquqları – Türkiyə və Azərbaycanda bu sahədə əldə olunan nailiyyətlər və mövcud çətinliklər” mövzusunda onlayn seminar keçirilib. BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının nümayəndəsi Zülfiyyə Quliyeva iştirakçıları salamladıqdan sonra qurumun Ali Komissarı Mişel Başeletin Beynəlxalq Qadınlar Gününün əhəmiyyətindən, qadın liderliyindən bəhs edən video müraciəti dinlənilib.
Seminarda Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü Sima Yaqubova ölkəmizdə qadınların ədalət mühakiməsinə çıxışı, Cümhuriyyət Qadınlar Dərnəyinin rəhbəri, Prof. Dr. Tülin Oygür Türkiyə Respublikasında qadın hüquqları səhəsində qeyri-hökumət təşkilatlarının fəaliyyəti, əldə etdiyi təcrübə və gələcək hədəflər, Türkiyə Vəkillər Kollegiyasının İnsan Hüquqları üzrə komissiyanın üzvü, Ekmen hüquq və konsaltinq şirkətinin rəhbəri Səidə Ekmen Türkiyə Respublikasının İstanbul Konvensiyasının ratifikasiyası üzrə təcrübəsi barədə danışıblar.
Tədbirə aparıcılıq edən BMT-nin Rezident Əlaqələndiricisi Ofisinin nümayəndəsi Şəms Mustafayeva aktiv dialoq üçün münbit şərait yaradıb. Nəticədə iştirakçılar çat bölümündə maraqlı fikirlərini bölüşüb, eyni zamanda aktiv müzakirələrə qoşulublar. Mingəçevir Valideynlər Assosiasiyasının prezidenti Fərman Nəbiyev diqqətə çatdırıb ki, qadınlara qarşı zorakılığa bir çox hallarda qadınların özləri şərait yaradırlar: “Qızını müti böyüdən, təhsilsiz qızını heç bir peşəyə malik olmadan ərə verməyə razı olan ana sabah övladının gələcək ərindən asılılığına və hətta zorakılığına şərait yaratmırmı?”
S.Yaqubova bu suala cavabında bildirib ki, əslində həmin ana özü zorakılığa məruz qalmış və bu zorakılığı məcburi olaraq şüuraltına normal hal kimi yansıtmiş zərəçəkəndir.
Yeditəpə Universitetinin doktorantı Aysel Güngör Türkiyede apardığı araşdırma haqqında məlumat verib. O, vurğulayıb ki, qadınlar adətən iş həyatında müxtəlif zorakılığa məruz qalır, hətta eyni işi icra etməklərinə baxmayaraq, kişilərlə müqayisədə az əmək haqqı alırlar.
Seminar iştirakçılarından Nicat İslamov, Rəzalə Abbasova, Seymur Zeynalov, Məleykə xanım və başqaları bir çox məqamlara diqqət yetiriblər. Qeyd olunub ki, zorakılığa qarşı qanunvericilik bazası kifayət qədərdir, lakin təcrübədə qanunlar işlək deyil, xüsusən qurbanların hüquqlarının müdafiəsi baxımından kifayət qədər müraciətlər nəticəsiz qalmaqda davam edir. Kişilər ən çox qadınları iqtisadi asıllıq şəkilində zorakılığa məruz qoyurlar. Cəmiyyətdə yaxşı qarşılanmayan hansısa hərəkət qadın tərəfindən ediləndə, çox böyük qəbahət (bəzən ailənin dağılmasına gətirib çıxarır), kişi tərəfindən ediləndə isə adi hal kimi qəbul edilir. Bu münasibət dəyişməyincə, kişi və qadın hüquq bərabərliyi sənəddən reallığa keçə bilməyəcək.
Şərhlər bağlıdır.