“Zaman adlı qatar” Mingəçevirdən keçir
Mayın 9-da Mingəçevir Dövlət Dram Teatrında “Zaman adlı qatar” filminin qala gecəsi keçirilib. Filmə baxan insanlar Azərbaycan kinosunun yeni bir mərhələyə qədəm qoyduğunun şahidi olublar. Filmdən əvvəl yaradıcı qrupla görüş keçirilib. Onlar tədbirə toplaşanlara film haqqında məlumat veriblər. Xatirə fotoları çəkdirilib.
Rejissor Kənan Musayev filmin süjetinin real həyatdan götürüldüyünü deyib: “Ümumiyyətlə, Şərqdə ana mövhümü çox müqəddəsdir. Bizim filmimiz Azərbaycan anasının balasına məhəbbəti, onun üçün hansı fədakarlığa qadir olması haqqındadır. 2007-ci ildə Mərdəkanda bir ailədə ana vəfat edəndən sonra ona çox bənzəyən bir xanım uşaqlara analıq edib. Ailə bu gün xoşbəxtdir və uşaqlar hələ də bilmirlər ki, bu qadın onların doğma anaları deyil”.
Sənubər ananın obrazını canlandıran Xalq artisti Həmidə Ömərova öncədən filmin süjeti haqqında danışmaq istəmədiyini söyləyib: “Amma onu deyim ki, film məhəbbət əsasında qurulub. Doğrudur, hər şey ananın fədakarlığından başlayır. Lakin sonra bu daha geniş məcraya keçir. Əgər ana gəlinini əvəz edə biləçək qızı seçməsəydi, tamamilə bir-birinə yad olan gənclər görüşməzdilər və sizi ağladacaq bu film meydana çıxmazdı. Fimin qala gecəsi “Nizami” kinoteatrında oldu, tamaşaçılar zalı göz yaşları ilə tərk etdilər. Hesab etmirəm ki, mingəçevirlilər Baki tamaşaçılarından fərqlənirlər. Hamımızın ürəyi var, kövrəyik, anayıq, övladlarımız var. Mən söz verirəm ki, siz də filmin təsirindan ağlayacaqsınız”.
Tamaşaçılar Ayaz Salayevi bu filmdə bəstəkar obrazında görürlər. O, aktyor olmasa da Kənan Mustafayevin təklifini qəbul etdiyini deyib: “Bu çox mühüm bir mövzudur. Mövzu ondan ibarətdir ki, burda məsuliyyət hissi hər şeydən üstündür. İnsan başa düşür ki, kimsə səndən daha mühümdür bu dünyada. Kiməsə sən ömrünü qurban edə bilərsən. İnsanı insan edən bu hisdir”.
7 yaşlı Ayan Babayeva Zeynəb rolunu oynayır. Bu balaca qızcığazın obrazını filmin şahı adlandırmaq olar. Onun keçirdiyi hislər, anası üçün axıtdığı göz yaşları tamaşaçını qəhərləndirir, onu düşünməyə vadar edir. Ayan kinofilmləri çox sevdiyini deyir: “Heç gözləmirdim ki, Xalq artisti Həmidə Ömərovayla bir filmə çəkilərəm. Amma bugün cox xoşbəxtəm ki, belə filmə çəkildim”.
“Ümid bəsləyirik ki, filmə baxandan sonra bizim zəhmətimizi qiymətləndirəçəksiniz. Hər halda film özü haqqında danışacaq. Arzu edirəm ki, o dəqiqələr sizin üçün xoş olsun, o anları yaşayasınız ”. Bu fikrləri isə “Zaman adlı qatar” filminin bədii rəhbəri Vaqif Azəryar səsləndirib.
Filmin operatoru Hikmət Əsgərov aktyorların oyununu tamaşaçılara vizual olaraq çatdırmaq missiyasının digər quruluşcu operator Yuri Varlovski ilə onun üzərinə düşdüyünü vurğulayıb.
Tamaşaçılar Aksana Rəsulovanı iki rolda görüblər. O, həm Zeynəbin doğma anası- dünyasını dəyişən İradəni, həm də müğənni kimi fəaliyyətə başlayan Leylanı oynayıb. Leylanın həyatı bir mesajla dəyişir. O, anasını itirən Zeynəbə təskinlik vermək üçün Sənubər ananın xahişini yerinə yetirir və sonda karyerasından əl çəkərək içində yaranan analıq hissinə təslim olur.
Film çöx təəssirli notlarla bitir. Zamanın qatarı Leylanı Türkiyəyə apardığı zaman o növbəti stansiyada enərək, artıq doğmalaşdığı insanlara qovuşur.
“Zaman adlı qatar” filmi bir həftə MDDT-da nümayiş olunacaq.
Şərhlər bağlıdır.