Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Böyük elmə gedən yol təhsildən keçir”

Mingəçevir Dövlət Universitetində Tələbə Elmi Cəmiyyətinin ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Böyük elmə gedən yol təhsildən keçir” mövzusunda elmi-nəzəri konfransı keçirilib.

TEC sədri, baş müəllim Günəş Şəfaqətov qeyd edib ki, Azərbaycan tarixinin Heydər Əliyev dövrü taleyüklü məqamları, dövlətçilik uğrunda gərgin mübarizə və s. ilə öz tutumuna, kütləsinə görə bütöv bir mərhələ, epoxadır: “Zaman etibarilə bizlərə çox yaxın olduğu üçün bu gün həmin dövrün tarixi qiymətini, dəyərini bəlkə də düzgün ifadə etmək bir qədər çətindir. Ancaq heç şübhəsiz, dövlətçilik, idarəetmə, regional siyasət, elm, təhsil, mədəniyyət, idman və s. haqqında yazılacaq nüfuzlu kitablar məhz Heydər Əliyev irsindən qaynaqlanacaq, xalqımızın bu dahi oğlunun fəaliyyəti elmi və elmi-pedaqoji cəhətdən daha mükəmməl öyrəniləcəkdır”.

G.Şəfaqətov qeyd edib ki, ulu öndər respublikaya rəhbərlik etdiyi həm birinci, həm də ikinci dönəmində təhsil sahəsinə xüsusi həssaslıqla yanaşıb: “O deyirdi ki, təhsil sahəsi nə sənayedir, nə kənd təsərrüfatıdır, nə ticarətdir. Bu, cəmiyyətin xüsusi, intellektual cəhətini əks etdirən bir sahədir. Belə halda təhsil sisteminə çox diqqətlə yanaşmaq lazımdır və bu sistemə münasibət çox həssas olmalıdır. Ulu öndərin layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyev isə bu gün nəinki təhsilə, həm də gənc alim və tədqiqatçılara dövlət səviyyəsində xüsusi diqqət və qayğı göstərir, onların elmi və ictimai-siyasi fəaliyyətlərinin dəyərləndirir”.

Elmi işlər üzrə prorektoru, professor Veysəl Əyyubov 3 fakültə üzrə TEC konfranslarının keçirildiyini nəzərə çatdırıb: “Ən maraqlı və aktual 9 mövzu seçilərək bu günkü konfransın proqramına salınıb”.

Konfransda tələbələrdən Nigar Adıgözəlova,  Nigar Mayılova,  Samrin Xanlayev,  Eşqin Məmmədov,  Aytən Mahmudova,  Səadət Yusibova,  Günel Əhmədova,  Fəridə Quliyeva və  Tacirə Cəfərova maraqlı məruzələrlə çıxış ediblər. Onlar  “Azərbaycan ədəbi dilinin inkişafında M.P.Vaqif mərhələsi”, “Əşyaların interneti”, “Qeyri-neft bölməsinə alternativ inkişaf yolu yoxdur”, “İnformasiya texnologiyaları sahəsində kibernetik cinayətlər”, “Ekoloji problemlərin həll yollarının bəzi aspektləri”,  “Ərzaq təhlükəsizliyi-strateji məqsəd”, “Məktəb riyaziyyat kursunda funksiyanın kəsilməzlik xassələrinin tətbiqləri”, “3D printerlərinin iş prinsipi və tətbiq sahələri”, “Beynəlxalq inteqrasiyada Azərbaycanın milli iqtisadi təhlükəsizliyinin Heydər Əliyev strategiyası” mövzularında araşdırmalarını təqdim ediblər.

Şərhlər bağlıdır.