Cəmiyyət

“Zəfərə Gedən Yol”

Tural Kərimov: “İstər pandemiya, istərsə də İkinci Qarabağ müharibəsi zamanı gənclərin həmrəylik və birliyinin şahidi olmağımız bizi sevindirdi

“Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin təşkilatçılığı, Mingəçevir Dövlət Universiteti, şəhər Gənclər və İdman İdarəsi və “İşıqlı Gələcək” GİB-in tərəfdaşlığı ilə keçirilən 2 fevral Azərbaycan Gəncləri Gününə həsr olunan “Zəfərə Gedən Yol” onlayn gənclər forumu uğurla başa çatıb.

Forumdan öncə gənclər Ümummilli Lider Heydər Əliyevin abidəsini və İkinci Qarabağ müharibəsində Vətənimizin ərazi bütövlüyü uğrunda Şəhidlik zirvəsinə ucalan Şəhidlərimizi ziyarət edib.

Forum Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Forumu açıq elan edən Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov gəncləri salamlayaraq, onları Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edib. Mingəçevirin gənclər şəhəri kimi tanındığını deyən İcra Hakimiyyətinin başçısı şəhərimizin gəncliyinin hər zaman aktiv olduğunu və ictimai işlərdə yaxından iştirak etdiyini bildirib. Ümummilli Lider Heydər Əliyev tərəfindən xüsusi diqqət və qayğı göstərilən gənclərimizə bu gün də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən etimad göstərildiyini diqqətə çatdırıb. İkinci Qarabağ müharibəsində Vətənimizin ərazi bütövlüyü uğrunda mübarizə aparanların əksəriyyətinin məhz gənclər olduğunu vurğulayıb.

Daha sonra çıxış edən Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov gəncləri təbik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Vətən müharibəsi zamanı gənclərimizin Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda mübarizə apardığını deyən rektor bir çox gənclərimizin arxa cəbhədə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işində yaxından iştirak etdiklərini bildirib. Şahin Bayramov: “Gənclər və təhsil ifadələri hər zaman yanaşı çəkilir, gənclərimiz ən enerjili dövrünü məhz təhsil müəssisələrində keçirir”. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin son çıxışında qeyd etdiyi kimi gənclər üçün yeni, ehtiyac olan ixtisasların yaradılmasına başlanılacağını, onlara start-up hərəkatlarında iştirak etmək imkanının yaradılacağını bildirib. Sonda Cənab Prezident İlham Əliyevin gənclərin ən yaxın dostu olduğunu qeyd edib.

Gəncləri təbrik edən Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli 2 fevral tarixinin Azərbaycan Gəncləri Günü kimi təsis olunmasının gənclər siyasətində bir dönüm nöqtəsi olduğunu bildirib. Kamal Nəcəfli: “Mingəçevir gəncliyi ölkə gəncliyinin ayrılmaz bir hissəsi olaraq bu uğurların əldə olunmasında yaxından iştirak edirlər. Məhz İkinci Vətən müharibəsində Mingəçevir gəncləri istər ön, istərsə də arxa cəbhədə mübarizə apardılar.” Mingəçevir şəhər Gənclər və İdman İdarəsi olaraq gənclərin vətənpərvər ruhda tərbiyəsi, intellektual və idman yarışlarında iştirakının təmin olunması, zərərli vərdişlərdən uzaq olması və asudə vaxtlarının səmərəli təşkilinin qarşıya qoyulan əsas məqsədlər olduğunu vurğulayıb.

Hər il Azərbaycan Gəncləri Günü ərəfəsində silsilə görüş, təlim, yarış və müsabiqələrin təşkil edildiyini deyən Mingəçevir Gənclər evinin direktoru Tural Kərimov bu il pandemiya ilə əlaqədar olaraq proqramın onlayn şəkildə həyata keçirildiyini bildirib. Gənclər Gününün MDB məkanı və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunduğunu deyib. Tural Kərimov: “İstər pandemiya, istərsə də İkinci Qarabağ müharibəsi zamanı gənclərin həmrəylik və birliyinin şahidi olmağımız bizi sevindirdi. İlin sonuna yaxın bizi çox sevindirən və qürurlandıran bir hadisənin daha şahidi olduq. Bu isə Müzəffər Ali Baş Komandanımızın başçılığı altında Ordumuzun əldə etdiyi zəfər xəbəri idi.” 2020-ci ilin hesabatını forum iştirakçıları ilə bölüşən direktor Gənclər və İdman Nazirliyinin bir qurumu kimi gənclər üçün çalışdıqlarını söyləyib, komandası ilə birlikdə 2021-ci ildə daha geniş fəaliyyətləri ilə daha çox gənci əhatə etməyə çalışacaqlarına söz verib, bu dövr ərzində Gənclər Evi ailəinin bir üzvü olan gənclərə göstərdikləri etimada görə  təşəkkürünü bildirib.

Forum iştirakçıların suallarının cavablandırılması və təkliflərinin dinlənilməsi ilə davam edib.

 

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Close