Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“İnformasiya təhlükəsizliyi: nəzəri və hüquqi əsaslar” layihəsi çərçivəsində Bakıda konfrans keçirilib

JuHİ  Mətbuat xidmətindən verilən məlumata görə, dekabrın 10-da Jurnalistlərin Həmkarlar İttifaqının təşkilatçılığı  Bakı şəhərində “İnformasiya təhlükəsizliyi” mövzusunda konfrans  keçirilib. Konfransa KİV və QHT təmsilçiləri, internet fəalları qatılıblar.  Tədbir, Azərbaycan Respublikasının Prezidenti yanında  Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun  maliyyə yardımı ilə həyata keçirilən “İnformasiya təhlükəsizliyi: nəzəri və hüquqi əsaslar” layihəsi çərçivəsində baş tutub.

JuHİ sədri  Müşfiq Ələsgərli bildirib ki, bu gün informasiya təhlükəsizliyi dünyanın trend mövzularındandır: “Ölkə  jurnalistlərini,  internet üzərindən xəbər yayan informasiya istehsalçılarını  beynəlxalq səviyyəli  təhlükəsizlik təcrübələri ilə tanış etmək, onların bu sahədə  biliklərini artırmaq günün zəruri məsələlərindəndir.  Bu, Azərbaycan jurnalistləri və ümumilikdə xəbər istehsalçıları üçün son dərəcə vacibdir. Konfransın gedişində  həm jurnalistlərin fərdi təhlükəsizliklərini təmin etmək mexanizmləri, həm də  xəbərin məzmun  təhlükəsizliyi barədə müzakirələr aparılıb”.

Müşfiq Ələsgərli qeyd edib ki, konfransda  həmçinin, yayılan informasiyaların məzmununa  görə yaranan hüquqi məsuliyyət məsələsi də müzakirə edilib: “İnternet üzərindən informasiya yayan vətəndaşlarda və media qurumlarında yaydıqları informasiyalara görə daşıdıqları etik və hüquqi məsuliyyət barədə təsəvvür formalaşdırmaq günün vacib məsələləri  sırasındadır. Konfransda  sosial media istifadəçilərinin və ümumilikdə internet üzərindən    informasiya yayan vətəndaşların diqqət yetirməli olduqları nüanslar diqqətə çatdırılıb”.

JuHİ üzvü Nəzirə Nurullayeva təhlükəsizlik mövzusunda beynəlxalq təlimlərdə əldə etdiyi bilgiləri konfrans  iştirakçıları ilə bölüşüb. Əməkdar jurnalist Azər Həsrət, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Eçin Mirzəbəyli, Azərbaycan Jurnalistlər Şəbəkəsinin sədri Ayaz Mirzəyev və digərləri informasiyanın və informasiya  istehsalçılarının təhlükəsizliyi yönündə maraqlı təcrübələrini bölüşüblər.

Tədbirin sonunda bir sıra jurnaistlərə “Beynəlxalq media vəsiqəsi” təqdim edilib.

Şərhlər bağlıdır.