Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Yüz nəfərdən çox əsgər valideyni və məktəblilər hərbi hissədə

“N” saylı hərbi hissədə  “Açıq qapı” günü keçirilib.  Yüz nəfərdən çox əsgər valideyni və məktəblilər onların qonağı olub. Hərbi hissənin komandiri İkram Səfərov son vaxtlar ordumuzun döyüş və mənəvi-psixoloji hazırlığının daha da gücləndirilməsi, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması və maddi-texniki bazanın möhkəmləndirilməsi məqsədilə görülən işlərdən, xalqla ordunun monolit birliyindən danışıb, xalqın orduya, ordunun xalqa arxalandığını qeyd edib: “Bu gün hərbi hissənin qapısı hamının üzünə açıqdır. Məqsəd  budur ki, valideynlər övladlarının yaşayış tərzini görüb tam rahat olsunlar”.

Hərbi hava qüvvələrinin  idarə rəisi,  polkovnik Elçin Axundov üzünü balaca uşaqlara tutub: “Bu gün burada balaca məktəblilər də iştirak edirlər. Onların qəlbinə elə bir toxum atmaq lazımdır ki, gələcəkdə o toxum cücərsin,  onlar  vətənin keşiyində dayanmağı əzmlə bacarsınlar”.

Hərbi hava qüvvələrində mənəvi-pisixoloji təminat şöbəsinin rəisi polkovnik Elçin Mustafayev deyib ki,  ordu ilə xalq arasında uçurum yaratmaq istəyənlərin qarşısı alınmalıdır: “Əgər xalq, dövlət yaşamaq istəyirsə, onun güclü ordusu olmalıdır”.

Mingəçevir İcra Hakimiyyətinin nümayəndəsi Sahib Əliyev Azərbaycanda ordu quruculuğundan danışıb. Son 26 il ərzində hərbidə qulluq göstərən Camal Rüstəmov və Rüstəm Rüstəmov Gəncə şəhərində 3 otaqlı mənzillə təmin olunduqlarını və dövlətimizə minnətdarlıqlarını bildiriblər. Valideynlər gündən-günə qüdrətlənən Azərbaycan Ordusu ilə fəxr etdiklərini, Silahlı Qüvvələrimizə inandıqlarını bildirib, əsgərlərimizə Vətənə şərəflə xidmət etməyi, torpaqlarımızın müdafiəsində ayıq-sayıq dayanmağı və işğal altında olan ərazilərimizin azadlığı uğrunda Ali Baş Komandanın əmri ilə hər an döyüşə qalxmağa hazır olmağı tövsiyə ediblər.

Qonaqlar əsgərlərin məişət şəraiti, qış geyimləri  (süni xəzdən papaq, yaxası boğazdan yarı yun köynək, qış səhra kostyumu, yarı yun əlcək, iplik corab, yazlıq uzunboğaz çəkmələri) və  gündəlik ərzaq normaları ilə yaxından tanış olub, yataq yerləri, hamam-camaşırxana və yeməkxanaya baş çəkiblər. Valideynləri maraqlandıran suallar hərbi hissə rəhbərliyi tərəfindən cavablandırılıb. Mingəçevir Ağsaqqallar şurasının üzvü Cəlal Həsənov gördüklərimdən məmnunluq hissi keçirdiyini deyib. Valideyn Qurban Vahidov deyib ki, bu gün övladlarının şəraiti ilə tanışlıq onda rahatlıq yaradıb:  “Bir valideyn kimi qəlbim çox rahat oldu. Gözüm arxada qalmayacaq”.

Hərbi hissənin rəhbərliyi adındn ictimai fəaliyyətdə fərqlənən bir qrup hərbçiyə fəxri fərmanlar, valideynlərə təşəkkür məktubları təqdim edilib. Mingəçevir şəhər mədəniyyət və turizm şöbəsinin musiqiçiləri maraqlı konsert proqramı ilə əsgər və valideynlərdə əsl bayram əhval-ruhiyyəsi yaradıblar. Qonaqlar əsgərlərlə birgə rəqs edib, şənləniblər. Onlar bayram süfrəsində qonaqlarla birlikdə nahar ediblər.

Şərhlər bağlıdır.