Yerli məhəllə komitəsi yaradılıb
Azərbaycanda “Yerli Demokratiya Həftəsi” çərçivəsində nəzərdə tutulmuş tədbirlər cədvəlinə uyğun olaraq, Mingəçevir Bələdiyyəsinin üzvləri 20 Yanvar küçəsindəki 10 saylı binanın sakinləri ilə görüşüblər. Bələdiyyənin sədr müavini Əli Əliyev sakinlərə 2018-ci ilin 9 ayı ərzində görülmüş işlərdən və gələn il üçün planlaşdırılmış fəaliyyətlərdən danışıb. “Yerli sosial məsələləri” daimi komissiyasının sədri Zahid Qasımlı bələdiyyənin 2019-cu ildə sosial layihələrə daha çox üstünlük verəcəyindən, bunun üçün təklif və layihələrin verilməsinin vacibliyindən söhbət açıb.
Sakinlərdən Sərdar Xankişiyev, Səbinə Mikayılzadə və Esmira Babakişiyeva məhəllənin problemlərindən bəhs ediblər. Əsas problem kimi məhəllədə çoxdan tikilmiş xeyir-şər mağarının təmir edilməsi göstərilib. Onlar bina sakinlərinin iştirakı ilə məhəllə komitəsinin yaradılmasını təklif ediblər. Səsvermə nəticəsində 5 nəfərdən ibarət məhəllə komitəsinin tərkibi müəyyənləşib. Məhəllədə nüfuzu, işgüzarlığı ilə seşilən Sərdar Xankişiyev komitənin sədri seçilib.
Binada daha çox nəqliyyat işçilərinin yaşadıqları nəzərə alınaraq, məhəllə komitəsi “Nəqliyyatçı” adlandırılıb. Məhəllə komitəsinə bələdiyyə ilə sıx fəaliyyət göstərmək tövsiyə olunub.
Bələdiyyənin mətbuat xidməti
Şərhlər bağlıdır.