Yaşayış yerini tərk etmək üçün 8103-ə SMS göndərməli olacağıq
Nazirlər Kabineti dekabrın 8-də Azərbaycan Respublikasında xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında qərar qəbul edib. Qərara əsasən 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək ölkənin bütün ərazisində iş və xidmət sahələrinin fəaliyyəti (bir sıra sahələr istisna olmaqla) dayandırılır.
Bəzi hüquqi və fiziki şəxslərin hərəkətlərinə barələrində məlumatlar işəgötürənlər tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol veriləcək. Müvafiq dövlət qurumları və özəl hüquqi şəxslər əməkdaşları barədə məlumatları “icaze.e-gov.az” portalına 2020-ci il 9 dekabr tarixindən saat 10:00-dan etibarən daxil edə bilərlər.
Digər şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmələrinə isə təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaq, ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, dövlət xidmətlərindən, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti ilə, həmçinin açıq havada vaxtın keçirilməsi üçün mümkün olacaq. Həmin şəxslər yaşayış yerini və olduğu yeri tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS (1 və ya 2 rəqəmini və şəxsiyyəti təsdiq edən məlumatı) göndərməli və ya “E-Təbib” mobil tətbiqi vasitəsilə həmin icazəni almaq üçün müraciət etməlidirlər. SMS – məlumatlar və “E-Təbib” mobil tətbiqindən istifadə ödənişsizdir. Yaxın qohumunun dəfnində iştirak etmək istəyənlər isə yaşayış yerini və olduğu yeri tərk etmək üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin “102” Xidməti – Zəng Mərkəzi vasitəsilə icazə almalıdırlar.
Həyat və sağlamlığına bilavasitə təhlükəli vəziyyət yarandıqda, məhkəməyə və ya hüquq mühafizə orqanlarına çağırıldıqda (məhkəməyə və ya hüquq mühafizə orqanlarına çağırılmasına dair sənəd əsasında) şəxsin yaşayış yerini və olduğu yeri SMS göndərmədən və ya “E-Təbib” mobil tətbiqi vasitəsilə icazə almadan tərk etmək hüququ vardır.
Həmin müddətdə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, habelə Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində (kənd və qəsəbələr istisna olmaqla) hərəkət məhdudiyyətləri tətbiq edilir. Operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin və Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin nəqliyyat vasitələri hərəkəti istisna olmaqla, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisinə, habelə Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərinə (kənd və qəsəbələr istisna olmaqla) giriş-çıxış dayandırılır.
Qərarın tələblərinin pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Şərhlər bağlıdır.