AzərbaycanElm və təhsilMDUXəbərlər

Mingəçevir Dövlət Universiteti Elmi Şurasının növbəti iclası keçirilib

2020-ci ilin 7 dekabr tarixində Mingəçevir Dövlət Universiteti (MDU) Elmi Şurasının növbəti iclası keçirilib.

“Microsoft Teams” platforması üzərindən online formatda keçirilən iclası açan MDU-nun rektoru Şahin Bayramov, ilk növbədə, Ali Baş Komandanımızın rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun əldə etdiyi tarixi qələbə münasibətilə iclas iştirakçılarını təbrik edib və 44 gün davam edən döyüşlərdə universitetin tələbə, məzun və əməkdaşlarının da iştirak etməsindən qürur duyduğunu bildirib.

Sonra, MDU-da kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi məqsədilə cari tədris ilində universitetdə akademik fəaliyyətə cəlb olunmuş professor Əsgər Tağızadə, dosent Əlləz Əliyev (hər ikisi Azərbaycan Texniki Universitetindən) və dosent Mais Güləliyev (AMEA İqtisadiyyat İnstitutu) Şura üzvlərinə təqdim edilib.

İclasın gündəliyinə uyğun olaraq, Ş.Bayramov MDU-nun elmi jurnalının təsis edilməsi haqqında məlumat verib və universitetin elmi tədqiqat fəaliyyətinin çoxşaxəli olduğunu əsas gətirərək sözügedən jurnalın “Davamlı inkişaf” adlandırılmasını təklif edib. İndiyə qədər elmi jurnalın olmamasının universitetin alimləri və gənc tədqiqatçıları üçün elmi fəaliyyətdə müəyyən çətinliklər yaratdığını və onların elmi tədqiqatlarının üzə çıxarılması imkanlarını məhdudlaşdırdığını qeyd edən rektor artıq problemin həlli istiqamətində real addımlar atıldığını diqqətə çatdırıb. Universitetin elmi tədqiqat fəallığının artmasına töhfə verəcək jurnalın ilkin mərhələdə ildə 4 dəfə nəşr olunacağını bildirən rektor jurnalın müvafiq qaydada qeydiyyata alınması üçün zəruri addımların atılacağını diqqətə çatdırıb. Təklif Elmi Şura üzvləri və iclas iştirakçıları tərəfindən böyük sevinclə qarşılanıb, elmi jurnalın təsis olunması, onun redaksiya heyətinin təsdiqi və qeydiyyatla bağlı müvafiq dövlət qurumu qarşısında vəsatət qaldırılması barədə qərar qəbul olunub.

İclasda, “2020-ci ilin elmi-tədqiqat işlərinin nəticələri və 2021-2025-ci illər üçün planlaşdırılan 5 illik elmi-tədqiqat işlərinin təsdiqi haqqında” və “MDU-da tədrisin keyfiyyətinin mövcud vəziyyəti haqqında” hesabatlar dinlənilib. Müzakirələrdən sonra, rektor tədqiqat mövzularının adlarının seçilməsi meyarları, elmi-tədqiqat işlərinin nəticələrinin tətbiqiliyi və onların elmi jurnallarda dərc edilməsi, yeni tədris standartlarına uyğun dərslik və dərs vəsaitlərinin çap edilməsi, elektron tədris resurslarının, xüsusilə videodərslərin hazırlanması işlərinin davam etdirilməsi məsələlərinə toxunub və bununla bağlı müvafiq göstərişlər verib. Hər iki hesabat Elmi Şura tərəfindən qəbul edilib.

Sonda, dünyada və ölkəmizdə COVİD-19 infeksiyasına yoluxma hallarının artdığını qeyd edən Ş.Bayramov universitet kollektivini bütün mümkün mühafizə vasitələrindən istifadə etməyə və karantin rejiminin qaydalarına ciddi şəkildə riayət etməyə çağırıb.

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Close