Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Yanar şam və tonqal bayram ovqatı gətirsə də təhlükə törədə bilər

FHN əhalini, müəssisə və təşkilatları Novruz şənliklərində yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə çağırır

Milli bayramımız Novruzun gəlişi ərəfəsində hər birimizin arzusudur ki, bütün bayramlar, o cümlədən Novruz şənlikləri də ən ülvi duyğularla yaddaşlara həkk olunsun, bayramlar yalnız və yalnız xoş hisslərlə xatırlansın. Bunun üçün isə bir sıra təhlükəsizlik qaydalarına, o cümlədən yanğın təhlükəsizliyi ilə bağlı bütün tələblərə ciddi əməl olunmalıdır.

Novruz bayrami ilə əlaqədar keçirilən şənliklərdə:

  • Əhali tərəfindən pərakəndə halda tonqallar yandırılarkən yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunmalıdır;
  • Tonqallar ətrafında olan yanar materiallardan, mühəndis-texniki qurğulardan, qaz xətlərindən, evlərdən, binalardan, ot tayalarından, tezalışan maye və materialların saxlandığı yerlərdən kənarda yandırılmalıdır;
  • Bayram şənlikləri zamanı tonqallar tam söndürülənədək nəzarətdə saxlanılmalıdır. Unutmaq olmaz ki, zəif bir küləyin əsməsi nəticəsində tam sönməmiş tonqalın közü yanğın üçün mənbə ola bilər;
  • Novruz şənliklərində yanar mayelərin hopdurulması ilə hazırlanan məşəllərin azyaşlı uşaqlar tərəfindən havaya atılması nəticəsində də ciddi yanğınlar baş verə bilər. Belə ki, məşəllər evlərin dam örtüklərini və ya həyətyanı sahələrə yığılmış yanar materialları, çəpərləri, ot tayalarını alışdıra bilər.

 Novruz bayramı şənliklərində uşaqları nəzarətsiz qoymayın!

  • Bahar bayramı şənliklərində azyaşlıların, uşaqların ciddi odla dəcəllik etməsinə yol verilməməlidir. Uşaqlar adət-ənənələrimizə uyğun olaraq tonqalların üzərindən atılarkən özlərini yanğından qorumalıdırlar. Bayram tədbirlərində, xüsusən də tonqal ətrafında əyləncə və şənliklərdə azyaşlı uşaqlar mütləq valideynlərin nəzarəti altında olmalıdırlar.
  • Bayram şənlikləri zamanı şam yandırılarkən yanğın təhlükəsizliyi qaydalarına diqqət yetirmək lazımdır. Unutmaq olmaz ki, yanar şamı öz ərintisi ilə stol, kibrit qutusu üzərinə və s. yerlərə yapışdırmaq olmaz.
  • Bayram tədbirləri zamanı müəssisə və təşkilatların, təhsil ocaqlarının, xüsusən də internat tipli və s. məktəblərin rəhbərləri yanğın təhlükəsizliyi qaydalarına nəzarəti daha da gücləndirməlidirlər.

Milli bayramımızi – Novruzu xoş duyğularla başa vurmaq üçün yuxarıda sadalanan, həmçinin yanğın təhlükəsizliyi ilə bağlı digər qaydalara əməl etmək vacibdir.

                                               

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti

Şərhlər bağlıdır.