Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Xarı Bülbül” orta məktəbləri gəzir

Şagirdlərə “Heydər Əliyev zəkasının işığında” adlı konsert proqramı təqdim olunub

Mingəçevir şəhər Ü.Hacıbəyli adına 11 illik musiqi məktəbinin Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə silsilə tədbirləri davam edir.  Mayın 16-da məktəbin “Xarı Bülbül” xalq çalğı alətləri ansamblı  M.Hüseynzadə adına 3 saylı tam orta məktəbdə “Heydər Əliyev zəkasının işığında” adlı konsert proqramını  təqdim edib. Tədbirdə orta məktəbin müəllim və şagirdləri iştirak edib.  Azərbaycan Respublikasının Dövlət himni oxunub.  Sonra Amin Həsənovun rəhbərlik etdiyi  “Xarı Bülbül” xalq çalğı alətləri ansamblının müşaiyəti ilə milli musiqimizdən nümunələr səslənib.  Ü.Hacıbəylinin Koroğlu Uvertürası, R. Hacıyevin “Azərbaycan”,  M.Maqomayevin “Radio marşı”, “Şuşanın dağları”, “Xudayar təsnifi”,  “Qaytağı” ritm qrupunun (rəhbəri Diqqət Sadıqovdur) ifası  və ulu öndərə həsr olunan şeirlər tədbir iştirakçılarında xoş ovqat yaradıb.

Ü.Hacıbəyli adına 11 illik musiqi məktəbinin tədris hissə müdiri Lalə Əliyevanın dediyinə görə, konsert proqramlarının məqsədi məktəblilərə  Azərbaycan bəstəkarlarını tanıtmaq, onlara milli musiqimizi  sevdirməkdir:  “Bu, ənənə halını alacaq və “Xarı Bülbül” xalq çalğı alətləri ansamblı şəhərimizin müxtəlif orta məktəblərində çıxış edəcək”.

3 saylı tam orta məktəbin müəllimləri musiqi məktəbinin təşəbbüsünü bəyənibdiklərini söyləyib, kollektivə uğurlar diləyiblər.

Şərhlər bağlıdır.