Cəmiyyət

Veronika Divişova: “Biz cəmiyyət üçün xeyirli iş görürük. Cəmiyyət də bizə ideyalar verir”

Çexiyanın Sourcefabric təşkilatının bir qrup nümayəndəsi iyunun 11-dən 13-dək “Mingəçevir işıqları” qəzetinin qonağı olub

Çexiyanın Sourcefabric təşkilatının bir qrup nümayəndəsi iyunun 11-dən 13-dək “Mingəçevir işıqları” qəzetinin qonağı olub və  redaksiyanın yeni internet səhifəsinin hazırlanmasında kollektivə yaxından köməklik göstərib. Əməkdaşımız  Sourcefabricin beynəlxalq koordinatoru Veronika Divişova ilə təşkilatın Azərbaycanda və dünyada fəaliyyəti barədə söhbət aparıb.

-Təşkilatınız haqqında bir az ətraflı bilmək istərdik. Azərbaycanda və ondan kənarda hansı işləri görürsünüz?

-Biz Çexiyada yerləşirik. Beynəlxalq sferada fəaliyyət göstəririk. Əsas işimiz texnologiya ilə bağlıdır. Biz xüsusilə xəbər təşkilatları üçün alətlər yaratmaq üzrə ixtisaslaşmışıq. Demək olar ki, bütün alətlərimiz rəqəmsal,  onlayn media üçündür. Biz iki istiqamət üzrə fəaliyyət göstəririk. Belə ki, artıq fəaliyyət göstərən onlayn media və ənənəvi mediadan rəqəmsala keçmək istəyənlər üçün alətlər yaradırıq. Bunlar hər cür-istər böyük, istərsə də kiçik media təşkilatları ola bilər. İri təşkilatlar yaxşı maliyyə imkanına malikdirlər, kiçiklərin isə imkanları o qədər də yaxşı olmaya bilər.

Biz eyni zamanda Şərqi və Qərbi Avropa, Latın Amerikası, həm də Afrikada işləyirik. Yaratdığımız bütün alətlər açıq resurslardır. Məqsədimiz odur ki, bütün insanlar onları pulsuz yükləyə və üzərində hansısa dəyişikliklər apara bilsinlər. Açıq resurslu alətləri daha çox nəyəsə görə pulsuz sözü ilə bağlayırlar, amma əslində bu əsas məqsəd deyil. Əsas məqsəd odur ki, həmin alətləri onlar götürüb daha da inkişaf etdirə bilsinlər və dəyişsinlər.  Bu alətlərin əsas fəlsəfəsi ondan ibarətdir ki, ətrafında istifadəçilər cəmiyyəti yaradır. İnsanlar bir yerdə işləyirlər və alətlərin inkişafında və dəyişdirilməsində maraqlıdırlar. Biz cəmiyyət üçün xeyirli iş görürük. Cəmiyyət də bizə ideyalar verir.

Biz gəlir götürməyən təşkilatıq və müxtəlif yardımlar hesabına fəaliyyət göstəririk. Lakin Çexiya qanunvericiliyinə əsasən həm də gəlir götürə bilirik. Amma bütün gəlirimizi yenidən məcburi olaraq hansısa fəaliyyətlərə və alətlərə sərf etməliyik. Məsələn, varlı böyük media təşkilatları hansısa alətləri bizdən pulla istəyir, onlar əslində digər kiçiklərə kömək edirlər ki, o alətləri pulsuz əldə etsinlər.  Eyni zamanda, pulu olmayan təşkilatlar da bizim alətlərin inkişafında yardımçı olurlar. Bu da başqa cür köməkdir.

Biz bir sıra Gürcüstan təşkilatlarına yardım edib, alətləri pulsuz vermişık. Əvəzində onların ideyaları əsasında alətlərdə çoxlu yeniliklərimiz də olub.

-Hansı alətlərdən istifadə edirsiniz?

-Alətlərdən biri də sizin istifadə etdiyiniz Newscoop-dur. Bu ənənənvi medianı onlayn varianta çıxartmaq üçün bir alətdir. Bizim digər alətlərimiz də var. Onlardan müqayisədə ən müasiri olan Super Deskdir. Amma bu tam hazır deyil. Alətin məqsədi odur ki, onlayn olaraq hər hansı bir xəbər otağından xəbər məkanını idarə etməyə imkan verir. Təsəvvür edin ki, bir məkandan siz müxtəlif media növləri üçün çap edə bilirsiniz. Yəni siz bir onlayn səhifənizdən həm radio yayımı  edirsiz, həm yazı, həm çap, həm də onlayn qəzet və s. Bu əslində heç harda olmayan unikal bir alətdir. Bütün dünya bu istiqamətə gedir. Bu aləti yaxınlarda təqdim edəcəyik. Bunları ondan ötrü edirik ki, dünyada müstəqil media inkişaf etsin. Məqsədimiz isə varlı və o qədər də varlı olmayan medianı eyni alətlərə çıxış imkanını saxlamaqdır.

-Azərbaycanda nə vaxtdan işləyirsiniz?

-Artıq bir il yarımdır ki, burdayıq. Yəqin ki, yenidən bir ilə yaxın da burda çalışacağıq. Biz hazırkı müttəfiqimiz olan “Mingəçevir işıqları” və digərləri ilə daha uzunmüddətli işbirliyi qurmaq arzusundayıq. Bizim proqramlarda hansısa yenilik, dəyişiklik etsək, istərdik ki, sizə onları yenidən təqdim edək. Azərbaycan və digər ölkələrdə partnyorlarımıza yardım edirik ki, onlar da bizdən xeyir görsünlər.

-Köməklik etdiyiniz təşkilatlar uğur qazana bilməyəndə sizin mövqeyiniz necə olur? Onlarla yenidən işləyirsiniz, ya imtina edirsiniz?

-Biz uğur qazanmayan təşkilatların uğursuzluğunun səbəblərini araşdırmağa çalışırıq. Bunun bizim alətlərlə bağlılığını müəyyənləşdiririk. Bəlkə onlara uyğun deyil bu alət, bəlkə biz onlara yaxşı təlim keçməmişik. Və yaxud onlar hansısa uzunmüddətli problemlə qarşılaşıblar ki, saytlarını idarə edə bilmirlər. Hərdən elə olur ki, təşkilat özünü həddən artıq yüksək dəyərləndirir, alətlərimizdən istifadə etmir və ya istifadə etmək üçün lazımi qədər əmək sərf eləmir. Biz müəyyənləşdiririk ki, əgər doğrudan da bizim yardımımız lazımdırsa, həmin təşkilata yenidən qayıdırıq.

-Sayt etimadınızı doğrultmayanda hansı tədbirləri görürsünüz?

-İki məsələ ola bilər: Birincisi, ya təşkilat bizim alətlərdən deyil, köhnə variantdan istifadə edir. İkincisi də odur ki, əgər onların uzunmüddətli heç bir problemı yoxdur, sadəcə olaraq sayt üzərində işləmirlər. O zaman bizim yeganə cəza variantımız odur ki, biz xidmətlərimizi dayandırırıq. Çünki başqa cəza və təsir metodumuz yoxdur. Biz inaniriq ki, alətlərimiz yüksək keyfiyyətə və daha yaxşı fəaliyyət göstərməyə imkan yaradır. Ona görə çalışırıq ki, bunlar həyata keçirilsin, yəni təşkilat nəyisə etməyəndə bu nəinki bizim itkimizdir, həm hə onun itkisidir.

-Azərbaycanda neçə təşkilatla işləyirsiniz?

-Azərbaycanda hazırda dörd təşkilatla işləyirik. Biz hamısıyla işi bitirməmişik. Ona görə də müqayisə etmək istəmirəm. “Mingəçevir işıqları” lap təzədir bu prosesdə. Biz hər bir müştəriylə müxtəlif münasibətdəyik və hər biri ilə fərdi  səviyyədə işləyirik. Layihənin nəticələrini indidən müəyyənləşdirmək istəmirəm. Çünki sonuncu məqama çox var.

-Oxucularımıza arzularınız…

-Bütün hallarda əsas məsələ inkişaf-yenilik, innovasiya ilə bağlıdır. Bu iştirakçılar, media təşkilatları və daha böyük şirkətlər üçün vacibdir. Mən belə məsləhət görərdim ki, həmişə yeniliyi istifadə etməyə çalışasınız. Nəticələri tez çıxarın. Bu sizə xeyir verirsə, onları inkişaf etdirin, xeyir vermirsə digərlərinə keçin.

Tag
Daha çox

Oxşar yazılar

Close