Bizimlə həyatınız həmişə işıqlı olacaq!

2015-ci ilin I rübündə Mingəçevir sənayesinin inkişafı

269

Respublikanın istər əhalisinin sayına, istərsə də iqtisadi potensialına görə dördüncü şəhəri olmaqla bərabər, Mingəçevir əsas sənaye mərkəzlərindən də biridir. Şəhər sənayesində elektroenergetika, kimya, mədənçıxarma, maşınqayırma və başqa qeyri-neft sahələri cəmləşmişdir.

Mingəçevirdə sahibkarlığın inkişaf etdirilməsi, azad rəqabət mühitinin formalaşmasını bir qədər də sürətləndirmiş və bu proseslər fəaliyyətdə olan təsərrüfat subyektlərinin sayının və tərkibinin dəyişməsinə öz müsbət təsirini göstərmişdir. Şəhərdə bir çox yeni müəssisə və təşkilatlar yaranmış, rəqabətə davam gətirə bilməyən təsərrüfat subyektlərinin müəyyən hissəsi ləğv edilmiş, digər hissəsi isə öz fəaliyyət istiqamətlərini dəyişdirmişdir. Uçot Vahidlərinin Dövlət Reystri üzrə 01 aprel 2015-ci il tarixinə şəhərdə əsas fəaliyyət növü sənaye olan hüquqi şəxslərin sayı 91 olmuşdur ki, onlardan 40-ı 2015-ci ilin yanvar-mart aylarında fəaliyyət göstərmişdir.

Sənaye fəaliyyəti ilə məşğul olan 40 müəssisənin işçilərin sayına və gördükləri işin həcminə görə 11-i və ya 27,5%-i iri və orta sahibkarlıq subyekti, 29-u və ya   72,5%-i isə kiçik sahibkarlıq subyekti sayılır.

2015-ci ilin yanvar-mart aylarında şəhərdə təşkilati hüquqi formasından asılı olmayaraq sənaye müəssisələri tərəfindən istehsal olunmuş məhsulların (natural ifadəsində) həcmi 2014-cü ilin müvafiq dövrünə nisbətən fiziki həcm indeksi tətbiq edildikdən sonra artım tempi 98,8% təşkil etmişdir. 2015-ci ilin yanvar-mart aylarında kiçik sahibkarlıq subyektləri də nəzərə alınmaqla şəhər sənayesinin təsərrüfat subyektləri tərəfindən fəaliyyətdə olan topdansatış qiymətlərində 58,1 milyon manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir. 2015-ci ilin yanvar-mart aylarında dövlət sektorunda istehsalın həcmi sənaye məhsulunun 97,9%-ni, qeyri-dövlət sektorunda isə istehsalın həcmi sənaye məhsulunun 2,1%-ni təşkil etmişdir. Ümumi sənaye istehsalının 96,1%-i malların (əmtəələrin) istehsalı, 3,9%-i isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılmışdır. 2015-ci ilin yanvar-mart aylarında şəhər sənayesinin təsərrüfat subyektləri tərəfindən istehsal edilmiş məhsulun həcmi respublika üzrə istehsal edilmiş məhsulun həcminin 1,0%-ni təşkil edir.

Hesabat dövründə istehsal edilmiş sənaye məhsulunun 96,4%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin, 2,0%-i emal bölməsinin, 1,4%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsinin, 0,2%-i mədənçıxarma bölməsinin payına düşür.

İstehlakçılara əvvəlki illərin hazır məhsullarının qalıqları da daxil olmaqla 58,2 milyon manatlıq məhsul göndərilmiş, müəssisələrin anbarlarında 1351,9 min manatlıq hazır məhsul ehtiyatı qalmışdır ki, bu da 2015-ci ilin yanvar ayının 1-i vəziyyəti ilə müqayisədə 0,5% və ya 7,1 min manat azdır. İstehlakçılara göndərilmiş sənaye məhsulunun 82,0 milyon manatını və ya 0,1%-ni ixrac olunmuş mallar təşkil etmişdır.

Şəhər sənayesinin əsasını elektroenergetika təşkil edir. 2015-ci ilin yanvar-mart ayları  ərzində istehsalın həcmi sənayenin ümumi məhsulunun 96,4 %-ni təşkil etmiş elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində 56040,3 min manatlıq məhsul istehsal olunmuşdur. 2015-ci ilin yanvar-mart aylarında ölkədə istehsal olunan  elektrik enerjisinin (əmtəəlik) 35,3%-i və ya 2160,6 milyon kvt.saatı Mingəçevirdə fəaliyyət göstərən müəssisələr tərəfindən hasil edilmişdir ki, bunun da 98,9%-i istilik elektrik stansiyasının, 1,1%-i su elektrik stansiyasının payına düşür. Şəhərdə istehsal olunmuş elektrik enerjisinin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,1% və ya 85,9 milyon kvt. saat çox olmuşdur. 2015-ci ilin yanvar-mart aylarında şəhərdə 1,6 min Qkal istilik enerjisi istehsal edilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə eynidir.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2015-cü ilin yanvar-mart aylarında sənayenin elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində 4,4 faizlik artım, mədənçıxarma bölməsində 27,9 faizlik, emal bölməsində 85,0 faizlik və su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində 6,4  faizlik geriləmə müşahidə olunmuşdur.

2015-ci ilin yanvar-mart ayları  ərzində istehsalın həcmi sənayenin ümumi məhsulunun 2,0%-ni təşkil etmiş emal sənayesi müəssisələri tərəfindən 1137,9 min manatlıq məhsul istehsal olunmuşdur. Emal bölməsində rezin və plastmas məmulatların istehsalında artım müşahidə edilmişdir. Emal sənayesində rezin və plastmas məmulatların istehsalının xüsusi çəkisi 34,7%, digər qeyri-metal mineral məhsulların istehsalının xüsusi çəkisi 29,2%, qida məhsulları istehsalının xüsusi çəkisi 12,6%, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalının xüsusi çəkisi 7,2%, geyim istehsalının xüsusi çəkisi 5,3%, elektrik avadanlıqları istehsalının xüsusi çəkisi 2,8%, poliqrafiya fəaliyyətinin xüsusi çəkisi 2,3%, hazır metal məmulatların istehsalının xüsusi çəkisi 2,1%, maşın və avadanlıqların istehsalının xüsusi çəkisi 0,3%, sair məhsulların istehsalının xüsusi çəkisi 3,5% təşkil etmişdir.

Hesabat dövründə sənaye müəssisələrində məşğul olan işçilərin orta sayı əvvəlki ilin müvafiq dövrü ilə müqaisədə 5,7% və ya 181 nəfər azalaraq 2972 nəfər olmuşdur. Ən çox işçi elektrik enerjisi, qaz  və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində (1661 nəfər) mövcud olmuşdur ki, bu da sənayedə çalışan cəmi işçilərin 55,9%-ni təşkil etmişdir. Emal sənayesində 619 nəfər və ya cəmi işçilərin 20,8%-i məşğuldur. 2015-ci ilin yanvar-mart aylarında su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində işləyənlərin sayının artması müşahidə olunmuşdur. Bundan başqa elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, rezin və plastmas məmulatların istehsalı, maşın və avadanlıqların istehsalı, mədənçıxarma sənayesi, kompüterlərin istehsalı, elektrik avadanlıqlarının istehsalı, digər qeyri-metal mineral məhsulların istehsalı, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində işləyənlərin sayının azalması müşahidə olunmuşdur. 2015-cü ilin yanvar-mart aylarında sənayedə çalışan cəmi işçilərin 88,9%-i iri və orta sənaye müəssisələrində, 11,1%-i kiçik sahibkarlıq subyektləri sayılan sənaye müəssisələrində məşğul olmuşdur.

2015-ci ilin yanvar-mart aylarında sənaye müəssisələrdə əmək haqqının azalması müşahidə olunmuşdur. Hesabat dövründə sənaye müəssisələrində işləyən işçilərə ilkin hesablamalara görə cəmi 3036,2 min manat əmək haqqı hesablanmışdır ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə  müqayisədə 10,6% və ya 360,7 min manat azdır. Hesablanmış cəmi əmək haqqının 88,6%-i və ya 2690,9 min manatı dövlət sektorunda işləyən işçilərin, 11,4%-i və ya 345,3 min manatı isə qeyri-dövlət sektorunda işləyən işçilərin payına düşmüşdür. Hesablanmış cəmi əmək haqqının 75,3%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində mövcud olmuşdur. Hesabat dövründə şəhərin sənaye müəssisələrində işləyənlərin orta aylıq nominal əmək haqqı 350 manat 30 qəpik olmuşdur ki, bu da əvvəlki ilin səviyyəsindən 5,0% və ya 18 manat 40 qəpik azdır. 2015-ci ilin yanvar-mart aylarında dövlət sektorunda çalışan muzdlu işçilərin orta aylıq nominal əmək haqqı 388 manat 70 qəpik, qeyri-dövlət sektorunda çalışan muzdlu işçilərin orta aylıq nominal əmək haqqı isə 197 manat 90 qəpik olmuşdur.

Əvvəlki ilin müvafiq dövrünə nisbətən fəaliyyət sahələri üzrə orta aylıq nominal əmək haqqının azalmasını qrafik təsvirdən görmək olar.

1. Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsi

2. Emal sənayesi

3. Mədənçıxarma sənayesi

Orta aylıq nominal əmək haqqı əvvəlki ilin səviyyəsindən elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində 2,5%, emal sənayesində 17,3%, mədənçıxarma sənayesində isə 53,8% azalmışdır. Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində orta aylıq nominal əmək haqqının səviyyəsi bütövlükdə şəhər sənayesi üzrə olan orta göstəricidən 108 manat 70 qəpik  və ya 31,0% çoxdur.

2015-ci ilin yanvar-mart aylarında fəaliyyət göstərən sənaye müəssisələrində 428 nəfər, o cümlədən əlavə açılmış iş yerlərinə 294 nəfər işə qəbul edilmiş və 359 nəfər işdən çıxmışdır. 2015-ci ilin yanvar-mart aylarında yeni iş yerlərinin 272-si və ya 92,5%-i dövlət sekorunda, 22-si və ya 7,5%-i qeyri-dövlət sekorunda olan müəssisələrdə istifadəyə verilmişdir.

Son illər şəhərdə quruculuq işləri artmış və abadlıq işləri geniş vüsət almışdır. 2015-ci ilin yanvar-mart aylarında şəhərin sənaye müəssisələrində 1394,4 min manat dəyərində yeni əsas fondlar istifadəyə verilmişdir. 2015-ci ilin yanvar-mart aylarında bütün maliyyə mənbələri hesabına şəhərin sənaye müəssisələrində ilkin məlumatlara görə əsas kapitala cəmi 1393,6 min manat investisiya yönəldilmişdir. İnvestisiyanın 97,7%-i qeyri-dövlət sektoruna, 2,3%-i dövlət sekoruna yönəldilmişdir. 2015-ci ilin yanvar-mart aylarında əsas kapitala yönəldilmiş investisiyanın 97,7%-i emal sənayesində, 2,3%-i isə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində istehsal təyinatlı obyektlərin tikintisinə yönəldilmişdir. Cari hesabat dövründə sənaye müəssisələrində tikinti quraşdırma işlərinə 1155,9 min manat investisiya qoyulmuşdur.

2015-ci ilin yanvar-mart aylarında şəhərin iri və orta sənaye müəssisələrınin fəaliyyəti nəticəsində mal və xidmətlərin satışından əldə edilən gəlir ötən ilin müvafiq dövründən 6,5 % və ya 3837,3 min manat azalaraq 55257,1 min manat olmuşdur. Satılmış mal və xidmətlərin istehsalına çəkilmiş xərclərin (maya dəyəri) məbləği isə ötən ilin müvafiq dövründən 3,4 % və ya 1929,0 min manat azalaraq 55456,0 min manat olmuşdur. 2015-ci ilin yanvar-mart aylarında şəhərin iri və orta sənaye müəssisələrində satışdan yaranan zərərin məbləği 198,9 min manat, ümumi zərərin məbləği isə 34,9 min manat təşkil etmişdir. Cari ilin hesabat dövrü ərzində şəhərin iri və orta sənaye müəssisələri üzrə 162,0 milyon manatlıq tələbləri (debitor borcları), 354,2 milyon manatlıq öhdəlikləri (kreditor borcları) yaranmışdır.

Şərhlər bağlıdır.