Vətəndaşın tələb etdiyi kompensasiyanı icra hakimiyyəti hansı mənbədən ödəməlidir?
Bu və digər suallara avqustun 27-də Mingəçevir Şəhər İcra Hakmiyyəti başçısı yanında Şuranın növbəti iclasında cavab axtarılıb. İHB-nın müavini-şəhər təsərrüfatı şöbəsinin müdiri Məhluqə Cavadova 2019-2020-ci ilərin payız-qış mövsümünə hazırlıqla bağlı şəhərin idarə, müəssisə və təşkilatlarında icrası nəzərdə tutulan tədbirlərdən danışıb. Məruzədə və digər çıxışlarda vurğulanıb ki, ən ciddi problem tüstü bacalarının mütəmadi təmizlənməməsi ilə bağlıdır. Xüsusən payız aylarında yarpaqların bacalara tökülməsi sonradan fəsadlara yol açır, nəticədə dəm qazından zəhərlənmələr və insan itkiləri baş verir. Vaxtında budanmayan və ya kəsilməyən qurumuş ağaclar yaşayış evləri, obyektlər, maşın və mexanizmlərin, ən başlıcası isə insanların üstünə aşa bilir.
Digər narahatçılıq 50-60-cı ilərdə yeraltı çəkilmiş qaz xətləri ilə bağlıdır. Hazırda avtovağzal yaxınlığında qaz sızmaları müəyyən edilib. Qazıntı işləri aparılarkən asfalt örtüyü dağıdılır, onun bərpası isə arzu edilən səviyyədə olmur. Eyni zamanda qazıntı işləri yollrda avtomobil nəqliyyatının hərəkətinin məhdudlaşdırılmasına gətirib çıxarır. Əgər vaxtında gilizlərdən istifadə olunsaydı, indi boruları dəyişəndə böyük bir ərazini qazmağa ehtiyac qalmazdı.
Vətəndaşların mülkiyyət hüquqlarının qorunması, pozulmuş hüquqların bərpası istiqamətində görülmüş işlər barədə İH-nin hüquq şöbəsinin müdiri Mahir Əliyev məlumat verib. O, deyib ki, haqqında bəhs olunan məsələ ilə əlaqədar 7 ay ərzində İH-nə 121 müraciət daxil olub. Problem bundadır ki, əksər vətəndaşlar şəxsi əmlaklarını nə özləri qoruya bilir, nə də bunu başqalarına etibar edirlər. Şəhər Mühafizə Xidmətinin rəisi Süleyman Paşayevin açıqlamasına görə, onların idarəsi tərəfindən Mingəçevirdə cəmi 149 obyekt qorunur ki, bunun da 36-sı şəxsi mənzillərə aiddir: “Vətəndaş hər ay üçün cəmi 25 manat ödəməklə mənzilinin mühafizəsini təmin edə bilər. Bizim müasir texniki avadanlıqlarımız var və daim yeniləri gətirilir”.
İH başçısı İlham İsmayılovun fikrincə, mühafizə xidməti həm idarə və müəssisələr, həm də əhali arasında maarifləndirici söhbətlər aparsa, onların imkanlarından istifadə edənlərin sayı qat-qat artar. Başçı eyni zamanda şəxsi və dövlət mülkiyyətinə ziyan vurulan və nəticədə illərlə həllini tapa bilməyən məsələlərə diqqəti yönəldib. Əvvəlki illərdə bir neçə məktəbin həyətyanı ərazisi qeyri-qanuni olaraq fərdi mənzil tikintisi üçün vətəndaşların mülkiyyətinə verilib. Yevlağın Havarlı bələdiyyəsi Mingəçevirə məxsus torpaqları öz əmlakı kimi satır, onu alanlar isə DƏDRX-dən çıxarış əldə etdikdən sonra mübahisələr məhkəmə müstəvisinə keçir. Eyni zamanda keçmiş İH başçılarının vaxtında obyektləri sökülmüş mülkiyyət sahibləri məhkəmənin qərarı ilə İH-dən kompensasiya ödəməyi tələb edirlər. Hazırda bu məbləğ 120 min manat təşkil edir. Maliyyə Nazirliyi vəsait ayırmadığından, İH-nin büdcəsində isə bu məqsəd üçün pul nəzərdə tutulmadığından vətəndaşlarla yerli hakimiyyət orqanı arasında narazılıq yaranır.
“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası ilə əlaqədar Mingəçevir şəhərində görülən işlərin vəziyyəti haqqında Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli hesabat verib. Amma İlham İsmayılov gənclərlə aparılan işin arzu edilən səviyyədə olmadığını diqqətə çatdırıb: “Vaxtilə mən bu şəhərdə komsomol komitəsinin birinci katibi idim. Gənclərlə vaxtaşırı görüşür, geniş müzakirələr keçirirdik. Böyük otağımız olmadığından indi Bələdiyyə yerləşən binadakı konfrans zalından istifadə edirdik. Amma bu gün gənclər təşkilatları Gənclər Evindən, Heydər Əliyev Mərkəzinidən yararlana bilərlər. Vaxtilə Mingəçevirdə universitet, bu qədər kollec də yox idi. Adətən tələbələr Gənclər Evinə gəlirlər. Bəs başqaları? İdarə və müəssisələrdə çalışanlar, işləməyənlər necə olsun? Onlarla da canlı iş qurmaq, belələri üçün də maraqlı əyləncələr təşkil etmək vacibdir. Mingəçevir gənclərini düzgün isiqamətləndirmək və tərbiyələndirmək lazımdır”,
İclasın sonunda İH başçısı “Respublika” qəzetinin bölgə müxbiri İlqar Həsənova Mingəçevirdə gedən prosesləri obyektiv işıqlandırdığına görə təşəkkürünü çatdırıb və ona 60 illik yubileyi münasibətilə İH adından Fəxri Fərman və hədiyyə təqdim edib.
Şərhlər bağlıdır.