“Hər bir ağacın bir meyvəsi var. Qəlbin meyvəsi isə övladdır.”
Həzrəti Məhəmməd p (s) Allahın peyğəmbəri
Mizanul-Hikmət 6723.
“Ana müqəddəsdir.” “Cənnət anaların ayaqları altındadır.” Ulu Tanrı və onun Peyğəmbərləri tərəfindən uca tutulan ANA adı ilə bağlı çox danışmaq, çox demək olar. Dünyaya gələn hər bir qız gələcəyin anası, bu inkar edilməz müqəddəsliyin davamcıları, bu müqəddəs adın daşıyıcılarıdır. Hər bir qadın ANAdır. Dünyaya övlad gətirib onun nazın çəkib hər əzabına qatlaşan da, ANA olmaq ümidi ilə yaşayıb bu arzusu ürəyində qalan da, doqquz ay bətnində gəzdirib min bir əzabla dünyaya gətirdiyi ciyərparasını bir an içində vicdan əzabı çəkmədən küçələrə atan da. Atılan körpələri götürərərək, ona canı-qanı olmasa belə, ANA məhəbbəti ilə qayğı göstərən də ANAdır.
Daşqın Güneyli
Yaz gəlmişdi.
Ana təbiətin oyanışı hər tərəfə sevinc dolu, bir fərəh hissi gətirmişdi. Adəti üzrə həryanda bir canlanma hiss olunurdu. Yazın gəlişi ilə təbiətin özünəməxsus şıltaqlığı hər yanda xoş bir ovqat yaradırdı. Uca dağların qoynunda yerləşən, çoxda böyük olmayan bir kənd, kəndin kənarında yol üsdündə tikilmiş kiçik bir ev varıdı. Bu yaz özü ilə bir dünya hüzn gətirmişdi bu kiçik evə.
Oyna oyunu görüm.
Şirin toyunu görüm.
Gözüm boyunda qaldı,
Böyü, boyunu görüm.
Laylalarıyla el arasında tanınan bu evdən, indi tənha ananın hüzünlü ağısı eşidilirdi. Oğlunun müharibədə düşmən gülləsi ilə ölümü ananın qəddini vaxtından əvvəl əymiş, gənc qızların həsədlə baxdığı zil qara, uzun hörükləri qısa vaxt içində dümağ ağarmışdı. Həmişə oğlunun şirin şıltaqlığı ilə darayıb, sonradan bir uşaq ərköyünlüyü ilə qarışdırdığı saçlarını ana oğlunun ölümündən sonra daramırdı.
Ana evin gündoğan tərəfində qoca tut ağacının altında oturub, üzü qəbirstanlığa doğru gözlərini dikmişdi. Sanki övladının gələcəyinə ümidliymiş kimi, nəzərlərini yoldan çəkmirdi. Üzünə düşən iri yağış damlası onu xəyaldan ayırdı. Xəfif mehin üzünə dağıtdığı, pırpızlaşmış saçlarını əli ilə geri edib, kəndin üstündə topalaşan qara buluda baxdı. Əllərini dizinə dayayıb asta-asta qəddini düzəldib evə doğru addımladı. Arxasınca qapını örtüb, kiçik pəncərədən yenədə qəbirstanlıq yoluna baxmağa başladı. Qəfl çaxan şimşək gözünü qamaşdırdığından əlinin dalı ilə gözlərini qapayıb pəncərədən geri çəkildi, evin yuxarı küncündə qoyulmuş köhnə taxtın üstündə uzandı. Son günlər içində çuxura düşmüş gözlərini tavana zilləyərək astaca layla deməyə başladı.
Tutub durmaz dünyanı.
Gedir ömür karvanı.
Oğul, gir cənazəmə.
Ol bu köçün sarvanı.
Oxuduğu şirin laylalarla bir vaxtlar oğlunu yatırmağa çalışan ananın səsi, bu kasıb komanın divarlarında əks-səda verərək, sanki onun özünə layla çalırdı. Çöldə yağan şıdırğı yağışın səsi, ara-sıra nərildəyən göy gurultusu, sanki ananın səsini batırmağa çalışırdı. Ana isə öz xəyal dünyasında, şirin-şirin həzin layla oxuyurdu. Birdən dayanıb dinşəməyə başladı. Yağışın yaratdığı kiçik gölməçələri şapıldadaraq gecənin səsizliyinə hakim kəsilən ayaq səslərinə diqqət kəsildi. Gözləri, evin sonsuz qaranlığına dikilərək ürkək-ürkək səyriməyə başladı. Ayaq səsləri evin yanından keçərək qapı ağzında kəsildi. Onsuzda ayaq səsindən təşvişə düşən ana, çaxan ildırımın nərəsindən qorxaraq yorğanı sinəsinə sıxdı, sanki şiddətlə çırpınan ürəyini köksündə çıxmağa qoymurdu. Qapı döyülməyə başladı tak, tak, tak ana bir azda təşvişə düşdü. Bəlkə ötüb keçər deyə səsini şıxarmadı. Amma qapı təkrar döyülməyə başladı. tak, tak, tak.
– Kiiimdi? – deyə ana səsini çıxardı.
Səsindəki xırıltı, hüzn və təlaş ananın qorxduğunu açıq biruzə verirdi.
– Mənəm ey ay ana, aç qapını.
– Buyyy başıma xeyir. Mənim qapımı səndən başqa kim döyər a boyuna qurban.- deyə bir uşaq cəldliyi ilə yerindən sıçrayıb qapıya doğru qaçdı. Qapı ağzında durmuş oğlunun boyuna sarılıb möhkəm-möhkəm bağrına basdı.
– Boyuna qurban olum ay oğul.
– Ay ana mənə bir stəkan çay ver, içim qızışım. Yaman üşüyürəm.
– Bu saat boyuna qurban olum, – deyə evin içində var-gəl etməyə başladı. Bir andaca çaşıb qalmışdı, nə etdiyini özüdə bilmirdi. Yarı sevinc, yarı kədər dolu nəzərlərlə taxtın üsdündə uzanmış oğlunu süzməyə başladı.
– Anan qurban a bala, əynini dəyişsəydin barı paltarların tamam islanıb.
– Üstümü ört ay ana üşüyürəm ey.
Titrək əlləriylə oğlunun saçını oxşamaq istədi. Açılan qəfl atəş səsindən sonra, oğlunun başından axan qan, ananın əlini havada qoydu. Ana əlini ağzına tutaraq tükürpədici bir səslə qışqırdı. Gözlərini evin qaranlığa qərq olmuş zülmətinə zilləyərək nə baş verdiyini anlamağa çalışdı. Atəş səsi yenə gəldi. Bu dəfə nə oğul var idi, nədə o dəhşətli qan izi. Yenədə ildırım çaxdı. Ana yaşadığı bu dəhişətin yuxu olduğunu indi anladı. Yerindən qalxıb taxtın üstündə oturdu. Nə vaxt yuxuya getdiyini xatırlamağa çalışdı.
– Üstümü ört ay ana üşüyürəm ey.
Az öncə yuxuda oğlunun dediyi sözü xatırlayaraq bir uşaq cəldliyi ilə ayağa qalxdı.
– Yooox, bu yuxu deyil. Balam məni çağırır. O üşüyür. Yoxsa belə bir gündə məni çağırmazdi ki. Gəlirəm anan qurban, gəlirəm a bala.
Ana asılqandan şalını götürüb başına ataraq evdən çıxdı. Bu kasıb komanın qapısından qopan cırıltı, sanki öz nəriltisilə cahana hakim kəsilən ildırım şaqqıltısına meydan oxuyurdu. Ana evdən çıxıb kəndin kənarından başlayaraq qaratikan kolları arasından keçib üzü qəbirsdanlığa gedən cığıra doğru yön aldı.
Ana gəlirdi.
Övlad çağrışına gəlirdi.
Adi günlərdə qəbristanlıqdan qorxan ana indi ora şəstlə, məğrurl gedirdi. Heç bir qüvvə durdura bilməzdi onu. Çünki övlad məhəbəti aparırdı onu. Yaşının ahıl çağına baxmayaraq heç bir yorğunluq hiss etmədən var gücü ilə qaçırdı ana. Lakin ayağına yığışmış palçıq onun hərəkətini məhdud-laşdırırdı.
Birdən ayağı büdrəyərək üzü aşağı yumalandı. Özünü düzəldib, arıq cılız əllərini yerə dayayaraq uşaq kimi iməkləyə-iməkləyə cığıra doğru çıxmağa başladı. Yamacda bitən göy otların nəmişliyindən, ana sürüşərək aşağı yuvarlanırdı. Çox çətinliklədə olsa yola çıxmağı bacardı. Ayağında qalmış bir tay köhnə qaloşuda cığırın içində atıb, qacmağa başladı..
Adamı vahiməyə salan qorxunc baş-daşlarının arasından keçib çökəklikdə dəfn edilmiş oğlunun qəbrinə doğru gedən ana, qəbrin yanında büdrəyib yıxıldı. Əlini baş daşına dayaq verərək müvazinətini düzəldib qəbrin böyründə oturdu. Arıq, qırışmış əlləriynən sinə daşını siğallayaraq.
– Boyuna qurban olum ay oğul. Ölüm mənimdir a bala. Mən qoyaram səni tək qalasan? -deyərək başını sinə daşına tərəf əydi. Birdən başını qaldırıb ətrafa diqqət kəsildi. Yenidən başını sinə daşının üstünə əyərək dinşədi. Qulağına şırıltı səsi gəlirdi. İlan vurmuş kimi yerindən sıçrayıb ayağa qalxıb, qəbrin ətrafına dolandı. Yanılmamışdı, şırıltı qəbirdən gəlirdi. Hansısa həşaratın açdığı yuvadan qəbirə su tökülürdü. Ana başındakı şalı açıb yuvanın ağzına qoydu.
– Qoymaram, mənim balam üşüsün. Mən bilirdim, bilirdim ki, mənim balam məni boş yerə çağırmayıb.
Ana, kövrək əlləriylə, torpağın bağrını didərək qəbrə dolan suyun qarşısını almağa çalışırdı. Göydən düşən iri yağış damlaları, islanaraq üzünə dağılmış saçları, ananı təntidirdi. Qəddini düzəldərək, əlinin dalıyla saçlarını geri eləyib üzü yuxarı qaçmağa başladı. Gecə qaranlığında korun-korun əlini yerə sürtərək, irili-xırdalı daşlarla qəbirə doğru axan suyun qarşısını kəsməyə cəhd edirdi. Ana nə xırda daş parçalarının didib parçaladığı əllərinin sızıltısına, nədə barmaqlarının arasından süzülərək yağış sularına qrışıb axan qana fikir vermirdi. O çətinliklədə olsa qəbirə doğru axan suyun qarşısını kəsib təkrar qəbrin yanına döndü. Ana sinə daşını qucaqlayaraq yenədə öz həzin laylalarını oxumağa başladı. O gecə qəbristanlıqda uyuyan ruhlar da bir ana laylası dinləyirdi.
Yaz gəlmişdi.
Təbiət axar-baxarlılığıyla min bir şıltaqlığını gösdərirdi. Üfüqdən doğan günəşin ilıq şüaları yam-yaşıl otun üsdündə qalan yağış damlalarına gözqamaşdırıcı bir parıltı bəxş edirdi. Yenə də quşlar öz nəğmələrini oxuyur. Yenə də qaranquşlar yuvalarından çıxaraq, gah yuxardan, gahda aşağdan uçuşaraq kölgələrindən qorxub qaçan böcəkləri ovlayıb, yuvasında gözləyən balalarına aparırdı. Nə axşamkı, göy gurultusudan, nə şimşək çaxışından, nə də yağan leysan yağışdan əsər-əlamət yox idi. Axşamkı təbiət şıltaqlığından geriyə yadigar olaraq iki şey qalmışdı. Biri, dar cığırın içində altını palçıq tutmuş, nimdaş, çox könə bir qaloş, biri isə oğlunu üşüməkdən qoruyurmuş kimi, sinə daşını isti ana qucağına möhkəm-möhkəm sıxaraq, başını qalları, üstünə qoyaraq həyatını övlad məhəbbətinə qurban vermiş ana cəsədi var idi, ana cəsədi.
Oğul üçün bu həyatda bir sirr açılmamış qalırdı. Əbədi olaraq da açılmayacaqdı. O heç vaxt bilmədi və bilməyəcəkdir ki, onun körpə ikən min bir dəcəlliklə incitdiyi və indi ANA deyə çağırdığı bu insan onun həqiqi öz ANAsı deyil.
Daşqın Güneyli,
“Qızıl qələm” mükafatçısı
Şərhlər bağlıdır.