Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Universitetdə Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan mühazirə

484

2022-ci ilin 29 mart tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Təhsil fakültəsinin Humanitar fənlər kafedrasının təşkilatçılığı ilə 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş “Tarixi yaddaşımıza yazılan qanlı səhifə” mövzusunda mühazirə keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən mühazirədə universitetin akademik və inzibati heyət üzvləri, tələbə və magistrantlar iştirak ediblər.

Mühazirədə giriş sözü ilə çıxış edən MDU-nun Humanitar fənlər kafedrasının müdiri, dosent Esmira Cəfərova Azərbaycanın müxtəlif ərazilərində erməni millətçiləri tərəfindən on minlərlə dinc sakinin etnik və dini mənsubiyyətinə görə qətlə yetirilməsi, bir çox tarixi, mədəni və dini abidələrin dağıdılması ilə nəticələnən Mart soyqırımının tariximizin qan yaddaşına çevrildiyini bildirib. Ümummilli lider Heydər Əliyevin müvafiq Sərəncamına əsasən hər il 31 mart tarixinin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edildiyini diqqətə çatdıran E.Cəfərova bu məqsədlə universitetdə təşkil edilən tədbirlərin tarixi həqiqətlərin gənc nəsillərə çatdırılması baxımından önəmindən bəhs edib.

Sonra, MDU-nun Humanitar fənlər kafedrasının müəllimi Aygün Qədirova məruzə ilə çıxış edib. 1918-ci ilin martın 31-də xalqımıza qarşı törədilmiş qanlı faciədən 104 il ötüdüyünü qeyd edən A.Qədirova məruzəsində soyqırımın səbəbləri və tarixi kökləri, ermənilərin mənfur, vəhşi, terrorçu və vandal xislətini ifşa edən tarixi faktlar barədə danışıb, qanlı hadisədən çıxarılası dərslərlə bağlı fikirlərini bölüşüb.

Mövzu ətrafında aparılan müzakirələrdən sonra, iştirakçıların çoxsaylı sualları cavablandırılıb.

Qeyd edək ki, MDU-da tarixi günlərə həsr edilmiş tədbirlərin keçirilməsinə xüsusi diqqət yetirilir, tələbə gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi məqsədilə onlar arasında müvafiq maarifləndirmə və təbliğat işlərinin gücləndirilməsinə önəm verilir.

Şərhlər bağlıdır.