Azərbaycanınn 10 milyonuncu vətəndaşının doğulması bütün ölkəmizdə olduğu kimi Mingəçevirdə də böyük atəşfəşanlıqla qeyd olundu. Aprelin 7-də səhər tezdən başlayaraq, bütün küçə və məhəllələrdə ağacəkmə və təmizlik kampaniyası baş tutdu. Əsl bahar havası olduğundan nahardan sonra mingəçevirlilər Kür sahilindəki istirahət parkına gələrək, mədəniyyət şöbəsinin hazırladığı konsert proqramını izlədilər. UGİM-in təqdim etdiyi rəqslər, MTK tələbələrinin flaşmobu maraqla qarşılandı. “Ay mənim əzizlərim” mahnısını diskə yazılmış musiqi ilə deyil, canlı səsi ilə ifa edən müğənni Tahir Həsənov həm də dedi ki, 10 milyonuncu vətəndaş onun əmisinin nəticəsidir. Səhiyyə Nazirliyinin açıqlamasına görə, aprelin 6-da saat 03:30-da Bakı şəhərində Rauf Həsənov və Nigar Ocaqovanın ailəsində doğulan qız uşağının çəkisi 3,6 kiloqram, boyu 52 santimetrdir. Körpə tam sağlamdır və peşəkar tibb işçilərinin nəzarəti altındadır.
“Biz artıq 10 000 000-luq ölkəyik” adı ilə təşkil olunan tədbirə toplaşmış hökumət qurumları, idarə və müəssisə nümayəndələri, gənclər, təqaüdçülər və digər şəhər sakinləri xoş istirahət günündən məmnun qadıqlarını bildirdilər. Düşünürük ki, əhalinin daha çox toplaşdığı bu və digər məkanlarda təkcə bayram günlərində deyil, vaxtaşırı musiqili-əyləncəli axşamların təşkilinə ehtiyac var.
Etiraf edək ki, əhalisi ilbəil artan, çoxsaylı qonaqları qəbul edən Mingəçevir kütləvi istirahət yeri baxımından darısqaldır. Uzunluğu 500-600 metrə çatan Sahil parkında yay aylarında iynə atsan, yerə düşmür. Üstəlik uşaq maşınları ilə pul qazanan sahibkarlar əlavə sıxlıq və səs-küy yaradır. Mingəçevir Bələdiyyəsinin sədri Coşqun Abdullayevin dediyinə görə, həmin iş adamlarına mövcud fəaliyyətlərini “Dostluq” parkında davam etdirmək təklif olunub: “Bizi anlaşıqlı qəbul edənlər də, müqavilə bağlanmamasına baxmayaraq, qanunsuz fəaliyyət göstərənlər də var. Bu barədə polis şöbəsinə müraciət etmişik”.
Yeri gəlmişkən, parkda uşaqların əylənməsi üçün son illərdə quraşdırılan attraksionlarda əylənmək istəyənlər də az deyil. Halbuki belə attraksionları məhəllələrə daşımaqla sıxlığı müəyyən qədər azaltmaq olar. Yəqin M.P.Vaqif sağ olsaydı və Mingəçevirə gəlsəydi deyərdi:
“Kür qırağının əcəb seyrangahı var,
Gen-bol gəzintisi, hayıf ki, yoxdur…”
Şərhlər bağlıdır.