Toya gələsilər ölüm xəbərinə toplaşdılar
əbər verdiyimiz kimi, dünən Mingəçevir polis şöbəsində ölümlə nəticələnən hadisə baş verib. Müxbirimiz bu gün mərhumun yaşadığı Mingəçevir kəndində ailəsinə baş çəkib, əzizlərinin və hadisə iştirakçılarının fikirlərini öyrənməyə çalışıb. 17 yaşlı Əzizov Vaqif Kazım oğlu deyib ki, dünən yoldaşları ilə birgə axşam radələrində bilyard oynamaq üçün kənddən çıxıb: ”Üç nəfər idik: Bəhruz, Dilqəm və mən. Qəbiristanlığın yanına çatanda serjant Samir Həmidov qabağımıza çıxdı. O, 12 nömrəli məktəbdə Bəhruzla sinif yoldaşı olub. Bir sinif aşağıda oxuyub. Bəhruzla yaxşı münasibəti vardı Samirin maşınının arxasınca da bir 015 gəldi. İçində 3 nəfər vardı. Mən onları tanımadım. Bircə Samiri tanıyırdım. Samir bizə yaxınlaşdı. Dedi ki, oturun maşına, gedirik şöbəyə. Biz etiraz etdik, nə səbəbə aparmaq istədiyini soruşduq. O isə bildirdi ki, səbəbini şöbədə deyəcək. Bundan sonra Bəhruzu və məni zorla maşınına otuzdurdu, Dilqəmə isə dedi ki, sən get”.
Vaqifin dediyinə görə, Polis şöbəsində onu Bəhruzdan ayırıblar: “Mən onun hara aparıldığını görmədim. Məni kəmərimdən, başıaşağı tutmuşdular, saldılar ayaqyoluna, üstümü yoxladılar. Sonra gətirdilər kabinetə. 20 dəqiqədən sonra səs gəldi ki, bir nəfər özünü 3-cü mərtəbədən yerə atıb”.
Mərhumun əmisi Səməd Hacıyev bildirdi ki, Bəhruzun daimi işi yox idi: “Atası bazarda çalışırdı, Arabir Rusiyaya gedirdi, Bəhruz da ona kömək edirdi”.
Səməd kişinin dediyinə görə, morqda qardaşı oğlunun cibindən kağız bükülü çıxdığı iddia olunur: “Prokuror belə dedi. Amma onun üst-başını şöbədə yoxlayıblar. Üstündə mobil telefon, saat, siqaret, siqaretyandıran, bir də 3-4 manat pul olub. Onlar da polisdə, stolun üstündə idi. Necə olub ki, öləndən sonra morqda tapılan bükülünü polis şöbəsində tapa bilməyiblər?”
Əmisi onu da deyir ki, əvvəllər, 7-8 ay əvvəl Bəhruzu hansısa işlə bağlı polisə çağırmışdılar: “Amma mənim məlumatıma görə, onun polislə heç bir problemi olmayıb. Tay-tuşlarıyla, istər böyük, istər kiçik olsun, hamıyla münasibət saxlayırdı”.
Bəhruzun atası Dilsuz Hacıyev isə hadisəni belə xatırlayır: “Bəhruz evimizdən çıxandan 20-25 dəqiqə sonra xəbər tutduq. Təcili yardımda işləyən qonşularımız xəbər verdilər ki, Bəhruzu morqa apardılar, nəsə olub.Özü də mərkəzi xəstəxanada morq ola-ola, aparıblar şəhərin ucqar yerindəki – DRES-dəki morqa. 17.35-də bunlar polisə daxil olublar, 17.45-də bu hadisə baş verib. Əməliyyatçılar mənim övladımla nə söhbət ediblər? 10 dəqiqə ərzində onu yaxşıca döyüblər, öldürüb, tullayıblar çölə”.
Ata deyir ki, dindirilmə aparılan kabinetdən Bəhruzun özünü tullaması mümkün deyil: “Qapının ağzında pəncərəyə dirənən qabaq stoludur, 2 dənə də oturacaq stulu. Pəncərəyə getmək üçün stolun üstünə çıxmaq lazımdır. Pəncərə stolun arxasındadır. Əgər Bəhruz ordan tullanıbsa, mən razı. Amma oradan aşağıda, 2-ci mərtəbənin ağzında meydança var. Tullanacağı təqdirdə ora düşərdi. Niyə birbaşa yerə düşüb? Əgər bunun qaçmaq fikri vardısa, 3-dən 2-yə, 2-dən 1-ə tullanardı. Əgər asfalta tullanırsa, bu niyə təpəsi aşağı düşməlidir? Özünü suya atmır ki…”
Valideyn dünən götürülən ekspertizanın rəyi ilə razılaşmayacağını da deyir: “Biz müstəqil ekspert tələb edirik. Övladımızı yenidən morqa aparmaq varsa da, təzədən ekspertiza etdirəcəyik. Dünən gecə camaat polis şöbəsinin qarşısına toplaşanda Daxili İşlər Nazirliyinin generalı bizi şəxsən qəbul etdi, istintaqın obyektiv aparılacağına söz verdi”.
Bəhruz il yarım Beyləqanda hərbi xidmətdə olub. Orda düşmən gülləsinə rast gəlməyib. Burda isə… ”Erməni gülləsindən ölsəydi, deyərdik Vətənimizi qoruyarkən şəhid olub. İndi nə deyək?”-atası belə dedi.
Mərhumun evindən ayrılanda qonşusu dedi ki, bu gün Bəhruzun əmisigilin qapısında toy olasıydı…
Şərhlər bağlıdır.