Teatr-həyatımızın zinəti
Çoxdur gözəl sənətkar mühəndis, həkim, zərgər,
Neftçı, bəstəkar.
İncə bir sənət də var.
Teatr sənətidir, həyatın zinətidir.
Biz səhnədə görürük sevimli artistləri,
Bax, bu yaxşıdır, bu da pis
Yaxşı nədir, pis nədir, onu öyrədir artist.
Bəli, sözün əsl mənasında teatr həyatımızın zinətidir. Bu günkü və keçmış həyatımızın, estetik zövqümüzün formalaşmasında mühüm rol oynamış və oynayır. Teatr yarandığı ilk gündən həyatın güzgüsü olmuşdur. Pis və yaxşını bir-birindən ayırd etməkdə avanqard olmuşdur.
1969-cu il mart ayının 28-dən C.Cabbarlının “Almas” əsəri ilə pərdələrini ilk professional dövlət dram teatrı kimi tamaşaçıların üzünə açan Mingəçevir Dövlət Dram Teatrı sözün əsl mənasında ömrümüzün bir zinətinə çevrildi və çox əsrli milli mədəniyyət tariximizin bir parçası kimi inkişaf etdi. Düz 44 ildir ki, teatrımız tələbkar tamaşaçıların mədəni-estetik zövqünü oxşayır. Bu 44 ildə teatrın uğurları da olub, uğursuzluqları da. Əlbəttə, uğursuzluqları demək olar ki, lap az olub. Uğurları isə teatrımıza peşəkar aktyor ansamblı qazandırıb. Onlardan dünyasını dəyişənlər də var, yaşayanlar da. Mərhum Gəray Gərayev, Nefton Tağıyev, Qasım Qasımov, Gülsolmaz Qafarova, Şirəli İlyasov tez-tez öz pərəstişkarları və sənət dostları tərəfindən xoş xatirələrlə yad olunur. Respublikanın Əməkdar artistləri Akif Mirabov, Elmira Yaqubova, aktyorlardan Zülfü Məmmədov, Şıxı Yaqubov, Afət Əliyeva, İbrahim Türksoyun səhnə fəaliyyəti isə bu günkü gənc aktyorlara örnəkdir, onlara müsbət mənada təkan verir.
Təbii ki, teatrın uğurları rejissorların xidməti ilə əlaqəlidir. Respublikanın Xalq artisti Zülfüqar Abbasov, artıq təqaüddə olan İldırım Cabbar hazırladıqları tamaşalarda yeni-yeni istedadlar kəşf edir və onlarla fərdi hazırlıqlar keçirdilər. Məhz onların səylərinin nəticəsində bu teatrda bir neçə peşəkar aktyor yetişib.
Ancaq nə danmaq olar, 2000-ci ildən teatr tənəzzülə uğrayır. Ali təhsilli, istedadlı aktyorlar tədricən teatrdan uzaqlaşırlar. Bəziləri paytaxta üz tutur, bəziləri də başqa peşələrdə çalışmaqla qazanc əldə edirlər. Teatr tamaşaçı qıtlığı ilə üzləşir və öz çətin günlərini yaşayır. Bu proses uzun müddət davam edir. Hətta teatrı əsaslı təmirə dayandıranda Azərbaycan DRES qəsəbəsindəki mədəniyyət evinə köçürürlər. Bir neçə il burada nəfəs almalı olur.
Artıq 2-ci ildir ki, teatr kollektivi yeni, müasir avadanlıqlarla təchiz olunmuş geniş və gözəl binada fəaliyyətini davam etdirir. Turizm və Mədəniyyət Nazirliyi rəhbərlikdə dəyişikliklər edib. Teatrın respublikanın Əməkdar İncəsənət xadimi Həsən Həsənov direktor, gənc rejissor Günay Səttarova isə baş rejissor təyin edilib. Teatrda təzə ab-hava yaranıb. Gənc rejissorlar dəvət olunur, maraqlı tamaşalar hazırlanır. Dramaturgiyamızın banisi M.F.Axundzadənin 200 illik yubileyi ilə bağlı Ümumrespublika Teatr Festifalı məhz Mingəçevirdə keçirilib. Kollektiv gənc rejissor Günay Səttarovanın quruluşunda M.F.Axundzadənin hekayə və pyesləri əsasında hazırlanmış “Can Bizimkilər” kollajını tamaşaçılara təqdim edib. Bu, yeni bir rejissor dəsti-xətti ilə hazırlanmış tamaşadır. Çox maraqla qarşılandı. Köhnə tamaşaçılar yenidən öz doğma teatrlarının tələbkar tamaşaçılarına çevrilirlər.
Teatrda “İlham” teatr studiyası da yaradılıb. Studiyada peşəkar aktyorlar və rejissorlar müəllim kimi fəaliyyət göstərir, gənclərə sənətin sirrlərini öyrədir, onları böyük səhnəyə professional aktyorlarla birgə tərəf müqabili olmağa hazırlayırlar.
Gərgin zəhmət öz bəhrəsini verir. Asim Muxtarov, İlqar Rəhimov, Günel Əhmədova, Ceyhun Əhmədov, Afiq Yusibov böyük səhnədə təcrübəli aktyorlarla bir səhnədə oynamaqdan qürur duyur. Günel xanım professionallarla tərəf müqabili olmağı özü üçün əsl məktəb sayır.
Teatr sənətinin əsas nüanslarından biri təcrübə səhnəsidir. Bu studiyanın yetirmələri olan gənc aktyorların fikrincə, teatrdan kənarlaşmış aktyorların yenidən səhnəyə qaytarılmasına, ən azından müqavilə ilə tamaşalara cəlb olunmasına ehtiyac var. Bu addım teatrın ümumi işinə, studiyadakı gənclərin tam püxtələşməsinə fayda verərdi. Gənclər ümid edirlər ki, teatrın direktoru Həsən Həsənov və baş rejissor Günay Səttarova yaxın günlərdə belə bir addım atacaq.
Hər kəs teatrımızın inkişafı üçün əlindən gələni etməli, yaxşı mənada onun fanatı, patriotu olmalıyıq. Əbəs yerə deməyiblər ki, teatr həyatın zinətidir, yaxşını pisdən ayıran bir böyük təbliğat obyektidir. Bu obyektə, bu məbədə canımızla, qanımızla xidmət etmək borcumuzdur.
Şərhlər bağlıdır.