Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Əlilliyə görə əmək pensiyaları necə müəyyən edilir?

286

Sual: Əlillik dedikdə nə başa düşülür?
Cavab: Əlillik şəxsin xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar müəyyən edilir. Əlillik qrupları (birinci, ikinci və üçüncü qruplar), əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri, habelə onların başvermə müddəti müvafiq Tibbi Sosial Ekspert Komissiyaları tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur.

Sual: Əlilliyin səbəbləri hansılardır?
Cavab: 1.Ümumi səbəbdən əlillik;
2.Əmək şikəstliyi və peşə xəstəliyi nəticəsində əlillik;
3.Hərbi xidmətlə bağlı əlillik.

Sual: Hərbi qulluqçular (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) sırasından olan əlillər hansı kateqoriyalara bölünürlər?
Cavab: 1.Müharibə əlilləri-əlillik hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı xəstəlik nəticəsində üz verərsə;
2.Hərbi qulluqçular sırasında olan digər əlillər-əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə bağlı olmayan bədbəxt hadisə nəticəsində alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində üz verərsə.

Sual: Müddətli həqiqi hərbi (alternativ) xidmətdə olan şəxslər hansı halda müharibə əlili hesab olunurlar?
Cavab: Bu kateqoriyadan olan şəxslər hərbi və ya alternativ xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya, zədələnmə nəticəsində, yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatı aparan ölkədə hərbi xidmət borcunun yerinə yetirilməsi ilə bağlı xəstəlik nəticəsində üz verdikdə.

Sual: Əlilliyə görə əmək pensiyasının təyin edilməsi şərtləri necə müəyyən edilir?
Cavab: Əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığorta olunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Bu məsələyə tam aydınlıq gətirərək bildirirəm: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 42-ci maddəsinin 3-cü bəndində qeyd edilir ki, on beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Deməli, şəxs 18-30 yaş arasında birinci, ikinci və üçüncü qrup əlillik dərəcəsi aldıqda və əlilliyə görə əmək pensiyasına çıxdıqda ən azı 5 il sığorta stajı olmalıdır. Bu yaş həddindən sonra, yəni 30 yaşdan yuxarı hər il üçün 4 ay əlavə sığorta stajı tələb edilir.

Sual: Hərbi qulluqçuların əlilliyə görə pensiya təyinatı iş stajından asılıdırmı?
Cavab: Hərbi qulluqçulara (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) əlilliyə görə əmək pensiyaları xidmət müddətindən asılı olmayaraq, əlillik hərbi qulluqçuların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra 3 aydan gec olmayaraq üz verdikdə, yaxud əlillik bu müddətdən sonra, lakin xidmət dövründə alınmış xəsarət nəticəsində üz verdikdə stajdan asılı olmayaraq təyin edilir.

Sual: Əlilliyə görə əmək pensiyasının məbləği necə təyin edilir?
Cavab: Əlilliyə görə əmək pensiyasının baza hissəsinin məbləği yaşa görə əmək pensiyasının baza hissəsinin (yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 85,00 manatdır) məbləğinin birinci qrup əlillərə 120 faizi, yəni 85,00 manat *120 faiz = 102,00 manat, birinci qrup gözdən əlillərə 200 faizi, yəni 85,00 manat * 200 faiz = 170,00 manat, ikinci qrup əlillərə 100 faizi, yəni 85,00 manat * 100 faizi = 85,00 manat və üçüncü qrup əlillərə isə 55 faizi, yəni 85,00 manat * 55 faiz = 46,75 manat müəyyən edilir.
Əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı (gözlənilən pensiya ödənişinin sayı 144-dür) sığorta davamiyyəti əmsalına vurulur.
Sığorta davamiyyəti əmsalı üçün tələb olunan sığorta stajı aylarının sayının 184-ə olan nisbəti şəklində müəyyənləşdirilir (184 nə deməkdir, yəni əlillikdə maksimum sığorta stajı tələbi 15 il 4 ay * 12 ay = 184).

Əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin hesablanmasını əyani misalla aydınlaşdıraq: Şəxsin 52 yaşı var və ümumi səbəbdən II qrup əlildir. 01.01.2006-cı il tarixədək ümumi iş stajı 20 ildir. Onun yaşına müvafiq 12 il 04 ay iş stajı tələb olunur (52 yaş – 15 yaş = 37 yaş * 4 ay = 148 ay:12 ay = 12 il 04 ay).
Davamiyyət əmsalı bu qaydada tapılır; 12 il * 12 ay = 144 ay + 4 ay = 148 ay:184 ay = 0,8043 * 144 ay = 115,82 davamiyyət əmsalıdır. Qeyd etdik ki, şəxsin 01.01.2006-cı il tarixədək 20 il sığorta stajı vardır. Bu halda 170 manat (170 manat hər il üçün təsdiq edilmiş kapitaldır) * 20 il = 3400,00 manat (bu məbləğ 2006-2011-ci illərin inflyasiya indeksinə vurulur) x 1,083 x 1,208 x 1,015 x 1,057 = 5569,12 manat: 115,82 manat davamiyyət əmsalına = 48,08 manat şəxsin sığorta məbləği. Misaldan göründüyü kimi, şəxs II qrup əlilidir, baza hissəsi 85,00 manat + 48,08 manat sığorta hissəsi = 133,08 manat + cəmi pensiya məbləği. Əgər şəxsin əmək fəaliyyəti 01.01.2006-ci ildən sonra olmuşsa, o halda sığorta hissəsi qeyd olunan qaydada hesablanılır və işləmədiyi dövrdən cəmi pensiyasının üzərinə əlavə edilir.

Şərhlər bağlıdır.