Mary, Christine və Richel Mingəçevirdə
Hər il olduğu kimi bu il də Sülh Korpusunun könüllüləri şəhərimizdədirlər. Ötən il dekabrın 9-da Mingəçevirə gələn Mary Branom, Christine Hasan və Richel Sladich şəhərimiz barədə təəssüratlarını bizimlə bölüşdülər.
“TOEFL proqramı üzrə könüllüyəm. Gələn günün səhəri AMİ Mingəçevir filialının nəzdində fəaliyyət göstərən AzETA-da işə başladım. Bundan başqa, filialda ingilis dilini mükəmməl öyrənmək istəyən tələbələrə yardımçı oluram”-deyən Mary Branom Vaşinqtondan gəlib. İlk dəfədir ki, ölkəmizdə, o cümlədən şəhərimizdə olduğunu deyir. Bildirdi ki, azərbaycanlı ailə ilə birlikdə qalsa da dilimizi öyrənmək ona çətin gəlir: “Cümlə quruluşu çox fərqlidir. Amma ümid edirəm ki, müəllimlərimin və qaldığım ailənin köməyi ilə tezliklə Azərbaycan dilində sərbəst danışacam”.
Mary şəhərimizin təmiz, görməli və gəzməli olduğunu söylədi: “Bakıda da olduq, amma ən çox Mingəçevir xoşuma gəldi. Təmizliyi ilə fərqlənir. Hər səhər qadınların yolu təmizləmələrinin şahidi oluram”.
Dörd övlad və üç nəvə sahibi olan Mary ailəsi üçün çox darıxdığını da dilə gətirdi.
Christine Hasan Kaliforniyadan gəlib. İqtisadi İnkişaf proqramı üzrə şəhərimizdə fəaliyyət göstərən “World Vision” təşkilatında könüllü olaraq məsləhətçi kimi fəaliyyət göstərir. O, qaldığı ailədən razı qaldığını dedi: “Bizi çox yaxşı qarşıladılar. Çox səmimi ailədi. Elə bil öz evimdəyəm. Başqa ölkədə olduğumu hiss etmirəm.”
Richel Sladich Gənclərin İnkişafı proqramı əsasında “CompStudy” tədris mərkəzində könüllü kimi fəaliyyət göstərir. Bildirdi ki, mərkəzdə ingilis dilininin öyrənilməsi üçün yazı və danışıq klubları təşkil edib.
Richel da Cristiane kimi Kaliforniyadan gəlib. Gecələr şəhərin işıqlı olması onun çox xoşuna gəlir.
“Mətbəxtimizi bəyənirsinizmi?” sualına könüllülərin hər üçü eyni anda “bəli” cavabını verdi. Şirniyyatlarımızdan ən çox paxlavanı, xörəklərdən isə plov və kələm dolmasını xoşladıqlarını bildirdilər.
Elnarə
Şərhlər bağlıdır.