Yay mövsümünün gəlişi ilə əhalinin çimərliklərə axını artır və insanların təhlükəsizlik qaydalarını bilməməsi və ya buna əməl etməməsi xoşagəlməz və ya bədbəxt hadisələrə gətirib çıxarır. Bu cür hadisələrin qarşısının alınması məqsədi ilə sizlərə bəzi tövsiyyələrimizi bildirir, xoş istirahət və təhlükəsiz həyat arzulayırıq:
-Yalnız Fövqəladə Hallar Nazirliyi Dövlət Sularda Xilasetmə Xidməti tərəfindən nəzarətdə olan, məntəqələr təşkil olunmuş yerlərdə çimin!
-Suya sərxoş vəziyyətdə girməyin.Alkoqol beyinin fəaliyyətini zəiflədir ki, bu da bayılma və bədbəxt hadisələrə gətirib çıxarır. Çimmək üçün yer seçən zaman təmiz suda çimin.Sürətli axını olan yerlərdə çimmək təhlükəlidir.
-Günəş altında uzun müddət qaldıqda suya ehmalca girin. Suya qəflətən girmək nəfəsin dayanmasına səbəb ola bilər. Çimərkən kobud oyunlara yol verməyin, bir-birinizi suda batırmaq, yalandan boğulma işarələri vermək və s.təhlükəlidir.
-Uşaqlar ancaq yaxşı üzməyi bacaran böyüklərin nəzarəti altında çimməlidirlər. Körpələri təkbaşına su hövzəsi kənarına buraxmayın. Onlar suya düşər və boğula bilərlər.
-Suda 10-15 dəqiqədən artıq qalmaq məsləhət deyil. Bədənin çox soyuması qıc olmalara səbəb ola bilər.
-Qıc olmalar baş verdikdə ucu iti əşya (sancaq, iynə və s.) ilə sancmaq kömək edə bilər. Əgər belə bir vasitə yoxdursa, qıc olan hissənin ucunu möhkəm çimdikləyin.
-İti axına düşsəniz, axına qarşı mübarizəyə cəhd etməyin.Tənəffüsü bir qaydada saxlamağa çalışın və axın istiqamətində sahilə yan alaraq üzün.Burulğana düşsəniz, bacardığınız qədər ciyərlərinizə hava alın, suya baş vurun, güclü təkan verərək aralanmağa çalışın və suyun səthinə çıxın.
-Əgər siz sualtı yosunlar və bitkilərə ilişmisinizsə, əllərinizi yosundan azad edin, kürək tərəfinizə çevrilin, bərabər şəkildə əllərinizi hərəkət etdirərək, gəldiyiniz istiqamətə üzməyə çalışın.
-İnsan batdığını görsəniz, cəld xilasediciləri çağırın və ətrafdakıların diqqətini oraya yönəltməyə çalışın. Öz gücünüzə əmin olduğunuz və üzməyi yaxşı bacardığınız zaman batan insanı xilas etməyə cəhd edin.Tanış olmayan su hövzəsinə tullanmaq və ya suya baş vurmaq təhlükəlidir – baş his sənizdən zədə almaq, boyun fəqərələrini sındırmaq, huşu itirmək kimi təhlükəli hallarla qarşılaşa bilərsiniz. Çimmə zonasında balıq ovlamaq olmaz. Üzən gəmilərə yaxınlaşmayın. Gəminin yaxınlıgında əmələ gələn axın sizi özünə çəkə bilər.
Suda zərərçəkənə ilk yardım
-Batan insana arxa tərəfdən yaxınlaşın. Əgər batan adam özünü xilas üçün sizdən yapışsa, onun alt hissəsindən suya baş vurun. Zərərçəkəni sahilə kürək nahiyəsinə çevirərək çənə nahiyyəsindən və ya saçından tutaraq aparmaq mümkündür.
-Zərərçəkmiş huşsuz halda olarsa, tənəffüsü çətinləşər və ya nəfəs almazsa, qanaxması dayanmırsa, bərk ağrılardan şikayət edirsə təcili yardım çağırın.
-Zərərçəkmişin ciyərlərini sudan azad etmək üçün onun döş qəfəsininin alt hissəsini dizdən bükülmüş ayağınızın üzərinə elə yerləşdirin ki, başı bədənindən aşağı hissədə olsun. Barmağınızı dəsmala dolayıb, zərərçəkənin ağzını qumdan, gildən və s. təmizləmək, sonra isə bədənə təzyiq göstərərək, suyu qarın və tənəffüs orqanlarından çıxarmaq lazımdır. Sonra zərərçəkəni kürəyi üstə çevirərək bədənini quru dəsmalla silmək və onu ovuşdurmaq vacibdir.
-Zərərçəkən nəfəs almadığı halda süni nəfəsvermə üsulunu tətbiq etmək lazımdır. Bu ağızdan ağıza və ya ağızdan burun dəliklərinə dəsmal və ya tənzif vasitəsilə edilə bilər. Zərərçəkənin bədəni bərk səth üzərində yerləşməli, başın vəziyyəti isə havanın mədəyə yox, ciyərlərə daxil olmasını saxlamalıdır.
Ürəyin dayandığı zaman isə eyni zamanda ürək masaj olunmalıdır, belə ki, süni nəfəsvermə arasında döş qəfəsini 3-4 dəfə basmaqla bunu həyata keçirin.
Boğulmamaq üçün qıc olma baş verən kimi zərərçəkəni tez sudan çıxarmaq lazımdır. Əgər bu mümkün deyilsə, onu kürək hisəsinə çevirməyə çalışın.
Əl barmaqlarının keyiməsi baş verərsə güc verərək pəncəni yumruq kimi sıxın,sonra əlinizi hərəkət etdirərək yumruğunuzu açmağa çalışın.
Ayaq əzələlərinin qıc olması baş verdikdə iki əllə ayağınızın alt pəncə hissəsindən tutun və güc verərək özünüzə tərəf çəkin. Bud əzələlərinin qıc olması zamanı ayağınızı dizdən bükün, əlinizlə topuğunuzdan yapışın və kürəyinizə tərəf var gücünüzlə çəkin.
Nəfəs yollarının iflic olması su altında 4-6 dəqiqə qaldıqdan sonra baş verir, ürəyin fəaliyyəti isə 15 dəqiqəyə qədər davam edə bilər.Buna görə də zərərçəkəni vaxtında və düzgün ilk yardım etmək çox vacibdir.
Y A D D A S A X L A Y I N !
Hər bir vətəndaş xilasedicilərin çağırış və tələblərinə riayət etməlidir.Xəbərdaredici nişanların və lövhələrin tələblərinə riayət edin. Belə lövhələri sındırmaq, başqa məqsədlər üçün istifadə etmək qadağandır.
FHN Aran Regional Mərkəzi
İctimaiyyətlə əlaqə və təbliğat sektoru
Şərhlər bağlıdır.