“Mənim lənətlənmiş dünyam”
Aprelin 27-də Bakıda, “Prezident kitab evində” Ziya Səfərbəyovun “Mənim lənətlənmiş dünyam” kitabının təqdimatı keçirilib. Təqdimatda ziyalılar, jurnalistlər, tələbələr iştirak ediblər. Əməkdar təhsil işçisi Firuzə Səmədova, tanınmış jurnalist Solmaz Əmirli, tələbə Ülvi Hüseynov və başqaları əsərin məziyyətlərindən danışıblar. Həmçinin kitabdan müəyyən hissələr oxunub. Təqdimatda ABŞ-ın Reklayfing nəşriyyatı ilə Ziya Səfərbəyov arasında müqavilə bağlanılması haqqında da məlumat verilib. Müqaviləyə əsasən Reklayfing nəşriyyatı “Mənim lənətlənmiş dünyam” kitabını rus dilində ABŞ-da çap edərək, orada yaşayan rus dilli əhaliyə satışını təşkil edəcək. Ziya Səfərbəyov təqdimatda iştirak edən qonaqların suallarını cavablandırıb, fikirləri ilə bölüşərək, hamıya öz təşəkkürünü bildirib.
“Mənim lənətlənmiş dünyam” kitabı çıxılmaz halda olan üç insanın taleyindən bəhs edir. Ağır bir xəstəliklə mübarizə aparan gənc qadın öz acizliyini unutmaq üçün hər gün sevərək, qulluq etdiyi “brunfelsiya” adlı zərif bir çiçəyin gözəlliyində təsəlli tapmağa çalışır.
Məşuqəyə görə ailəsindən imtina edən vəfasız atanın oğlu anasının intiharı ilə barışa bilmir. Narkotikdə təsəlli tapan oğlan öz taleyini puç etməklə yanaşı, günahsız və məsum bir qızı zorlayaraq, onun həyatında unudulmaz bir iz qoyur.
Zorlanmış qızın acınacaqlı taleyi, onun cəmiyyətdə üzləşdiyi problemlər, ittihamlar, mühakimələr və həyat yolunda rast gəldiyi insanların ətrafında baş verən hadisələr burulğanı bir anlıq olsa belə sizləri qəddar reallıq ilə qarşı-qarşıya qoyacaq. Bir kövrək, əlacsız qızın cəmiyyətlə olan mübarizəsi nə ilə bitəcək? Qüvvələrin qeyri-bərabər olduğu bu mübarizədə kim qalib gələcək? Kitabı oxuyanlar bu suallara cavab tapa biləcəklər.
Kitabım müəllifi Ziya Səfərbəy oğlu Səfərbəyov 1991-ci ilin sentyabr ayının 11-də Bakı şəhərində anadan olub. Uşaqlıq illərindən qiraətə böyük həvəsgöstərib, üzgüçülük və şahmatla məşğul olub. Məktəbi bitirdikdən sonra Moskva Dövlət Texniki Universitetinin \”Biznesin təşkili və idarəetməsi\” fakultəsinə qəbul olub. İnsan psixologiyası və jurnalistikaya dərin maraq göstərməklə yanaşı, gənc nəslin mənəvi və fiziki problemlərinin səbəbləri, həlli yolları haqqında da araşdırmalar aparmaqdadır. 2012-ci ildə rus dilində \”Мой проклятый мир\” kitabı nəşr olunub və oxuculara təqdim edilib. Hazırda müəllifin qələmə aldığı \”Билет в капкан\” kitabı nəşrə hazırlanmaqdadır.
Şərhlər bağlıdır.