Stereotiplər insanların həyatına əngəl törədir
Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 10-cu maddəsində nikah yaşı 18 yaş müəyyən olunub. Qanuna görə, üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının bir ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Lakin ekspertlerin fikrinə görə, qız və oğlanların fizioloji yetkinlik yaşı 23-25 arasıdır. Amma müəyyən səbəblərdən vaxtında ailə qurmayan hər iki cinsin nümayəndələrini sonradan tənha ömür sürmək kimi acınacaqlı sonluq gözləyir. Bu insanlar bəxtlərindən küskün şəkildə həyatlarını başa vururlar.
Cəmiyyətdə evlilik yaşı keçmiş və “yaşlı qız” kimi yanaşılan insanlara münasibət birmənalı deyil. Həyat yoldaşından ayrılan və yaxud xanımı vəfat edən kişilər öhdələrində qalan azyaşlı uşaqlara və ya xəstə valideynlərinə baxmaq üçün belə qızlarla evlənirlər. Belə qızların bir-birindən maraqlı həyat hekayələri var. Onlar talelərini lənətləsələr də onunla barışmalı olurlar. Bu qismət, yoxsa qədərdirmi bilmirik.
Oğlanların başqa bölgələrin qızları ilə evlənməsi üzündən kəndimizin qızları yaşlanır
Həsən Həsənov Daşkəsəndən Qobustan rayonunun Cəyirli kəndinə gəlib və kənd məktəbində riyaziyyat müəllimi kimi fəaliyyət göstərib. O, kəndin ilk təhsilli qızlarından sayılan Gülsurə xanımla ailə qurub. Tanrı bu ailəyə altı övlad-üç oğlan və üç qız nəsib edib. Ailənin sonuncu uşağı Mətanət 1962-ci ildə dünyaya göz açıb. Həsən kişi 13 ildən sonra ailəsindən ayrılıb, elinə-obasına qayıdıb. Ailənin yükünü çiyinlərində daşıyan Gülsurə xanım əvvəl kənd sovetinin sədri vəzifəsində, kolxoz və sovxozlar dağılandan sonra isə kənd məktəbində ibtidai sinif müəllimi işləyib. Övladlarının təhsil almasında maraqlı olub. İki oğlu atalarının ixtisası üzrə təhsil alıb, riyaziyyat müəllimi işləyib. Ailənin digər övladları da təhsil alıblar. Mətanət isə Mədəni Maarif texnikumunu bitirib və doğma kəndlərində ümumi orta məktəbdə ibtidai sinif müəllimi işləyir. Onun dediklərindən: “Mən anamdan örnək almışam. Anam ailəcanlı olub, atamı, övladlarını sevib. Atam bizi qoyub getsə də, anam heç vaxt onun qarasına güldən ağır söz söyləməyib. Biz atamızı bir ilahi qüvvə sanmışıq”.
Mətanət xanım kənd bələdiyyəsinin üzvü və həm də mühasibidir. Özünə güvənir, təminatı var və kimsədən asılı deyil. Dediyinə görə, bacı-qardaşlarının ailələri var və onlar problemləri birgə aşırlar. Lakin özü ailə qurmayıb: “Ailə vacibdir və hər şeydən gözəldir. Mən evimizdə sonbeşik idim və qoca anamı tək qoyub, ailə həyatı qurmadım. Valideynlərimin ölümündən sonra bu boyük evdə tək yaşayıram. Hazırladığım xörəyi yemək üçün süfrə ətrafında oturanım yoxdur”.
Onun fikrincə, qızlar üçün təhsil vacibdir. İstədikləri təhsil ocağını bitirəndən sonra onlar ailə qurmalıdırlar: “Çünki maddi cətinliyi olsa da insan başını dolandıra bilir. Amma mənəvi cəhətdən (Allahdan başqa) insana bir dayaq duran mütləq lazımdır. Karyera sonranın işidir”.
Mətanət xanımın dediyinə görə, kəndlərində uzun illər qadınlara qarşı münasibət o qədər də ürəkaçan olmayıb: “Əkinçilik və maldarlıq bu regiona xas xüsusiyyətdir. Burda qadınlar təsərrüfatla məşğul olublar. Əvvəllər analar çox dəyanətli, dəyərli qadınlar olub. Onlar gəlinlərinə çox hörmətlə yanaşıblar. İndiki gənc ana və qaynanalar onlar kimi tolerant deyil. Orta yaşlı qaynanalar gəlini psixoloji zorakiliğa məruz qoyurlar. İstəyirlər ki, gəlin onun bir sözünü iki eləməsin. İndiki zamanədə çox şeylər qəlizdi.
İnkişafa aparan yol təhsildən keçir. Təhsil həm də dünyagörüş deməkdir. Kəndimizdə qadının təhsil almaq, işləmək, söz demək haqqı pozulur. Savadlı qadınların sayı da çox deyil. Buna baxmayaraq, son illər kəndimizin qızları fəallaşıb, təhsil alırlar. Lakin valideynləri onlara az halda Bakı və Gəncə kimi iri şəhərlərə getməyə izacə verirlər. Onlar yaxın rayonlardakı universitet və kolleçlərdə təhsil ala bilirlər. Qızların təhsilləri olsa ailədə, ətrafında münasibət qurmaqda problem yaşamazlar. Özlərini ifadə etməkdə çətinlik çəkirlər. Qadın kollektivdə olması üçün təhsillənməlidir. Yaxşı ki, kənddə iki məktəb (9 və 11 illik) var.
Kəndimizdə bir dənə də olsun istehsal müəssisəsi yoxdur. Bəzi diplomulu qızlar da evdə oturmağa məcburdurlar. Oğlanlar üçün isə yaşıl işıqdır. Onların oxumağa meyli azdır, həm də indiki gənclər passivdirlər. Onlar işləmək üçün Bakıya, yaxın rayon və qəsəbələrə gedirlər. Orda bəyəndikləri qızla ailə qururlar. Kəndimizdəki qızlar da yaşlanır…”
Züleyxa Məmmədova: “Xəyallarım məni yarı yolda qoydu”
Qız vaxtı çox şıltaq idim. Toy-düyündə istənilən havaya rəqs edirdim. Zarafatlarımı hamı bəyənirdi. Tanıdığım qadınlar məni öğluna almaq arzusunu deyəndə, zarafata salıb gülürdüm. Məktəbi bitirən kimi kənd təsərrüfatı avadanlıqları istehsal edən müəssisəyə kuryer kimi işə düzəldim. Elə ilk günlərdən çalışdığım müəssisədə müdirin sürücüsü mənə göz qoyduğunu hiss etmişdim. Həmyaşıdım idi. Bilirdim ki, evlidir, iki uşağı var. Məktubları təyinat yerinə çatdırmaq üçün onunla getməli olurdum. O, hər dəfə mənə şirin sözlər deyirdi. Onun zarafatlarına gülürdüm. Ciddi baxmasam da, özüm də bilmədən ona öyrəşdim. Həftə sonunun gəlməsi mənim üçün əzaba çevrilirdi. Onun zəngləri, lətifələri üçün darıxırdım.
Evimizə çox elçilər gəlirdi. Hərəsinə bir irad tutub, evlilikdən imtina edirdim. İlləri beləcə yola verdim. Soverlər dağılanda müəssisəmiz də bağlandı və biz ayrı düşdük. O, ailəsi ilə birlikdə Maqadana köçəndə artıq 42 yaşım vardı. Təbii ki, bu yaşda subay oğlanla ailə qurmaq xəyal idi. Mənə yalnız dul kişilər elçi göndərirdilər. “Ağ atlı oğlanın” əvəzinə mənə iki uşağı və altı nəvəsi olan 60 yaşlı kişi elçi gəldi. Xəstə anamın gözü arxada qalmaması üçün Tanrıverdi ilə evləndim. Gəlinlik paltarı, dəbdəbəli toy mərasimi və saysıq-hesabsız toy xonçalarını isə yuxuda görürəm”.
Uzun illər İctimai İaşə Birliyində çalışan, təqaüdçü Şərqiyyə Əliyeva qızların ailə həyatı qurmamasını onların qeyri-aktiv həyat tərzi ilə əlaqələndirir: “Qonşuluğumda iki bacı yaşayır. Onların hər ikisinin yaşı 60-dan yuxarıdır. Heç biri ailə qurmayıb. Onların həyatları şəxsi mağazalarında keçir. Bu qızlar nadir halda yas mərasimlərində iştirak edirlər. Toy şənlikləri onlar üçün əhəmiyyətsizdi. “Mən ərə getməyəcəm ki?”-deyirlər. Mağazadan kənara çıxmayan və kişi cinsi ilə heç bir ünsiyyəti olmayan o bacıların xoşbəxtliyi qazandıqları puldadır ”.
Niyə yaşlı sayılan qızlarla ailə qurmurlar? Hətta yaşlı oğlanlar da 18-19 yaşlı qızla evlənməyə üstünlük verirlər.
Cəmiyyətdə formalaşan stereotiplərə görə, yaşı 35-i keçən qızlara “artıq yaşlanıb” fikri ilə yanaşılır. Bu stereotiplər həmin qızları mənəvi basqı altında qoyur. Həmyaşıdı onunla evlənmək istəsə belə onun ailəsi bu izdivacın əleyhinə çıxır. 52 yaşılı Ələkbər Mahmudov isə məhz 30-36 yaşı olan qızla evlənəcəyini deyir: “Fikrimcə, ailə müqəddəsdir və insan bir dəfə ailə qurmalıdır. Mən ata olmağı arzulayıram. Həyatıma qəbul edəcəyim qız bu sevinci mənə bəxş etsə, xoşbəxt olaram”.
Kənd yerlərindən fərqli olaraq iri şəhərlərdə yaşayan qızlar yaşlarını özlərinə dərd etmirlər. Onlar düşünürlər ki, ərə gedəcəyi insan ondan cəmi 6-7 yaş böyük ola bilər. Çünki təhsil almış, bəlli bir yaşda olan qızlar iqtisadi asılılığı olmadan öz təminatlarını ödəmək qabiliyyətinə malikdirlər. Ona görə də özlərini müstəqil sayırlar. Tam orta məktəblərin birində müəllimə işləyən və yaşı 45-i keçən Məlahət (ad şərtidir) ərə gedəcəyi adamda nəzərdə tutduğu keyfiyyətləri gördükdən sonra evliliyə qərar verəcəyini deyir: “Gənc yaşlarımda elə bilirdim ki, gözəl olduğum üçün istəyənlərim həmişə olacaq. Ona görə adımı çəkənləri bəyənmir, daha yaxşısının gələcəyini gözləyirdim. Anam deyərdi: “Qızın da bir istənilən vaxtı var. Çalış onu ötürmə”. Doğru fikir imiş. Mən bunu lap gec bildim. İndi heç ər, ailə barədə düşünmürəm. Bundan sonra məni qulluqçu kimi almaq istəyəcəklər (Gülür). Arvadı ölmüş bir qohumumun dediyi sözü unutmuram. “Mənə gəlmədin, amma zənn etmə ki, cavan oğlan gəlib səni alacaq”. Sonra eşitdim ki, o, 30 yaşında qız alıb”.
Mental stereotiplərin təməlini qoyanlardan sayılan dünya görmüş Dünya nənə 13 yaşında olarkən özündən iki dəfə böyük oğlana ərə verilib: “Gəlinciyimi də özümlə aparmışdım. Qaynanam məni oyatmırdı, yazığı gəlirdi. İstəyirdi ki, yuxudan doyanda qalxım. Bizim dövrümüzdə subay qızın yaşı 18-ə çatanda artıq yaşlı qız sayılırdı. Ona görə də qız uşağı doğulanda onu kiminsə oğlu ilə göbəkkəsdi edirdilər. Qız bir az boy atan kimi onları evləndirirdilər. İndiki qızlara oğlan bəyəndirmək olmur”.
“Bacımın balaları mənim balalarımdır”
Südabə Məmmədova Tibb kollecini bitirən ili Tibb Universitetinə qəbul olundu. Kənddə yaşadığından tələbə yoldaşlarının onlara qonaq gəlməsini hər dəfə bir bəhanə ilə əngəllədi. Təhsilini başa vurandan sonra Ucar rayondakı Mərkəzi Xəstəxanaya təyinat aldı. Həkim həmkarının ona elçi gəlmək istədiyini eşidəndə, evlərinin təmirsiz olmasınından utanacağını dedi. Valideynlərinə isə “Evimizi təmir etdirməyənə kimi mənim ailə qurmağımı istəməyin”-dedi. İllər ötdü. O rayon mərkəzində bacısının evində yaşadı. Onun üç övladının təhsilinin, toylarının xərcini çəkdi. “Bacımın balaları mənim balalarımdır”-dedi. Amma günlərin birində taleyindən şikayətləndi: “Pulun, evin, istədiyin hər şeyin ola, amma istirahətə gedəndə sənə hayan olan, yol cantana kömək edən bir can yoldaşın olmaya. Gənclikdə buraxılan səhvlər yaşlaşanda insanı çox incidir”.
Stereotiplər düşüncələrdədir
Avropada insanlar istədiyi yaşda arzusuna uyğun ailə qura bilər. Yaş kriteriyaları insanların həyatına əngəl törətmir. Azərbaycanda da bütün stereotipləri aradan qaldırmağın ən sadə yolu insanların onlara yanaşmasını dəyişməkdir.
Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinə üzvü Leyli Tahirovanın dediyinə görə, qadınlara qarşı cəmiyyətin yanaşması dəyişməlidir: “Əvvəllər qadınlar idarəetmə orqanlarında az təmsil olunurdular. Buna mane olan bir sıra səbəblər vardı. Məncə, qadın özü iddialı olmalıdır. Sadəcə burda bəzi stereotiplər var və bu da düşüncələrdədir. Bəzi ailələrdə kişi tərəfindən qısqanclıq olur. Belə ki, qadın daha çox maaş alanda və yüksək vəzifədə olanda və yaxud kişi həmkarları ilə çalışanda həyat yoldaşı süni şəkildə münaqişə yaradır. Lakin vəzifədə olan və səlahiyyətləri çox olan xanım artıq hər bir məsələyə başqa prizmadan baxır.
Cəmiyyətimizdə xanımların üzə çıxması və irəli getməsinə mane olan stereotiplərin qarşısını elə qadınların özləri ala bilərlər. Düşünürəm ki, qadın və kişi mütləq təhsilli olmalıdır. Biz təhsilli insanların vasitəsilə bu stereotipləri qıra bilərik. Təəssüf ki, bəzi məktəblilər hələ də elə düşünürlər ki, qadının vəzifəsi gələcəkdə yalnız ərə gedib, ailəyə xidmət etməkdir. Biz uşaqları öz hekayəmiz və digər lider qadınların nümunələri ilə bəsit fikirləri dəyişməyə, qadınların da kişilərlə birgə inkişaf etməsinin və cəmiyyət üçün faydalı olmasının əhəmiyyətinə inandırmağa çalışırıq”.
Fizika müəllimi olan Afət Aslanova cəmiyyətdə gender bərabərliyinin həllində qadınların rolunun zəif olduğunu deyir: “Elə aktiv xanımlar var ki, ailəsi ona müəyyən qadağalar qoyur, hətta onu cəmiyyətdən təcrid etməyə çalışır. O xanımlar da hüquqlarını müdafiə etmək əvəzinə, vəziyyətlə barışırlar. Amma həyatda “bacarmıram” deyilən bir şey yoxdu. İnsan istəsə, qarşısına məqsəd qoysa, hər şeyi bacarar”.
Afət xanimin fikrincə, cəmiyyət bilərəkdən qadınları mental məngənədə sıxır. Bütün sahələrdə qadınlara qarşı ayrı-seçkilik, hüquqlarının pozulması hallarına rast gəlinir. Lakin əlində səlahiyyət olan qadınların imkansız, təhsilsiz, evdar xanımlara diqqət ayırması onların da inkişafına yol açar. Bununla da ailədaxili zorakiliq hallarını, qanunsuz qadağaları, mentalitetin yaratdığı stereotipləri aradan qaldırmaq mümkündür: “Əksər qadınlar öz hüquqlarını bilmirlər. Amma stereotiplər ailədən gələndə onları aradan qaldırmaq o qədər də asan olmur. Təbii ki, ailələrlə söhbət aparmaq çox yaxşı təşəbbüsdür. Bəzən başa salmağa çalışırsan, danışırsan. Kimsə başa düşür, dediklərimizi dəyərləndirir. Baxırsan ki, xanım yavaş-yavaş cəmiyyətdə özünə mövqe tuta bilir. Amma elə aillələr də var ki, kişi həyat tərzində, davranışında dəyişiklik etməyə meylli deyil. Bu da ən çox təhsilsiz ailə üzvləri arasında baş verir. Təhsilsizlik həmişə ailədə problem yaradır. Təhsilsiz kişi isə çox ambisiyalı olur. Elə qısqanclıq da bu səbəblərdən başlayır”.
“Quyuya su tökməklə, quyu sulu olmaz”. Təəssüf ki, xanimlarımız mübarizə aparmaqdan ehtiyat edirlər. Yəqin onlar ailədə yaranacaq söz-söhbətdən və yaxud boşanmadan qorxurlar. Bəzən onlar ailədə daha fəal olur, amma cəmiyyətdə sakit davranış sərgiləyirlər. Qadın əmək haqqını alıb, son qəpiyinə kimi həyat yoldaşına verir və bu haqda çox normal şəkildə danışır. “O evin kişisidir, belə olmalıdır”- yanaşmasını qəbul etmirəm. Mən başa düşürəm ki, ailə büdcəsi deyilən bir şey var. Amma düşünürəm ki, belə xanımlar ərləri tərəfindən istismar olunur. Çünki, qadının özünün təlabatını ödəmək üçün ona da müəyyən məbləğdə vəsait lazımdır”.
Gəncə şəhər 10 saylı körpələr evi-uşaq bağçasının müdiri Günay Filmanova deyir ki: “Qadının cəmiyyətdəki rolunu artırmaq üçün gender bərabərliyini tarazlamaq lazımdır. Tərəzinin hər iki tərəfi eyni yüksəklikdə durmalıdır. Bu tarazlıq evdə, işdə, idarəetmə orqanlarında, vəzifə bölgüsündə, bir sözlə, hər yerdə olmalıdır. Maarifləndirmənin gücünü, sayını artırmaq lazımdır. Cəmiyyətin irəli getməsində təhsilli insanların rolu böyükdür. Qadın ağıllı ideyalar verəndə, fikir söyləyəndə ailədə onun səsini eşidirlər, onunla hesablaşırlar. Bunun da kökündə yenə təhsil, dünyagörüşü və illərin təcrübəsi durur. Savadsız qadın necə düzgün yol göstərə bilər? Erkən nikahlar da əksər halda bununla bağlı olur. Buna görə qaynana-gəlin münasibətləri pozulur. Aqressiv yanaşmalar münaqişələrə yol açır, insanlarda dözümsüzlük yaradır”.
İngilis dili müəllimi işləyən Aynur Axundova yaşadığı kəndin bir az konservativ olduğunu və dindarlığa, adət-ənənələrə bağlı kənd olduğunu deyir: “Müəyyən ailələr hələ də təhsil almağa yaxşı baxmırlar. Məktəbdə şagirdlərimin valideynləri ilə söhbətlər aparıram. Müəyyən hissəsi qulaq asır. Bəziləri laqeyd qalır, susur, sadəcə baxır. Azərbaycan müstəqillik qazandığı dövrə qədər erkən nikahlarla bağlı problemlər olub. Qızı başından edən ailələr də çox olub. Amma indi belə hallar yoxdur. Kəndimizdə azad fikirli qadınlar çox azdır. Onların düşüncələri bəzən düzgün qəbul olunmur. Bu da mental dəyərlərdən irəli gəlir və stereotiplər inkişafa mane olur.
Qadınlar cəmiyyət içində az görünürlər. Onlar çərçivədən kənara çıxa bilmirlər. Yalnız öz dünyalarında, yəni ailədə özlərini sübut edə bilirlər. Hər bir insan təhsili, dünyagörüşü və imkanlarından istifadə etməlidir. İndi hər şey əlçatandır. Hətta təhsil ala bilməyibsə, internet resursları var. Adicə seyr etdiyi filmlərdən xoş nümunə mənimsəyə bilər. Təəssüf ki, bəzən mənfi nələrisə götürürlər”.
Şərhlər bağlıdır.