Bizimlə həyatınız həmişə işıqlı olacaq!

İ.İsmayılov: “Sadəcə bütün problemləri bir gündə həll etmək mümkün deyil”

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov yanvarın 29-da Statistika İdarəsinin iclas salonunda Nərimanov və Nizami küçələrinin sakinləri ilə görüşüb. Ölkədə aparılan islahatlardan, eyni zamanda şəhərdə görülən işlərdən danışan başçı bu şəhərin 2020-ci ildə daha böyük uğurlara imza atacağını vurğulayıb.

Mingəçevir Dövlət Dram Teatrının aktyoru Aydın Quliyev dam örtüklərinin dəyişdirilməsindən razılıq edib: “Biz 5-ci mərtəbədə yaşayırıq. Əvvəllər yağış suları mənzilimizə axırdı. Binanın üstü dəyişəndən sonra rahat olmuşuq. Ümumiyyətlə şəhərdə aparılan abadlıq işləri ürəyimizcədir. Yaxşı olar ki, hamılıqla olanları qoruyaq, tullantıların hara gəldi atılmasına yol verməyək”.

A.Quliyev şəhər liseyinin qarşısında həmişə sıxlıq yarandığını, qadağan nişanı olmasına baxmayaraq, bir çox avtonəqliyyat vasitələrinin həmin yerdə dayandığını da xatırladıb.

Ağsaqqal Şəmistan kişi Nizami küçəsinin sol sahilində tikilən binanın qarşısında və arxasında səki üçün məsafənin normadan az olmasından gileylənib: “Orda yerimək olmur, az qalırıq yıxılaq. Xahiş edirik əncam çəkəsiniz”.

Nizami küçəsindəki 7 saylı ünvanda yaşayan Səlim Salamov həyətdə oturacaqların və işıqlanma sisteminin quraşdırılmasını, köhnəlmiş bardürlərin dəyişdirilməsini, Elbrus Abdurahmanov Nərimanov 30/1 ünvanında şəhid bulağının ətrafında gölgəlik və oturacaqlar qoyulmasını, Ağdam rayonundan məcburi köçkün olan Əziz Əliyev yaşadığı evin qarşısındakı ağacların suvarılmasına kömək göstərilməsini xahiş edib.

“Mingəçevir işıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyev koronavirusu ilə bağlı şəhərdə hansı qabaqlayıcı tədbirlərin həyata keçirilməsi ilə maraqlanıb. Mərkəzi Xəstəxananın və Gigiyena Epidemiologiya Mərkəzinin nümayəndələri açıqlama veriblər ki, şəhərdə belə xəstəliyə məruz qalan şəxs hələlik aşkar olunmayıb, lakin Səhiyyə Nazirliyinin əmrinə əsasən tibb və məktəbəqədər müəssisələrə, digər qurumlara xəbərdarlıq göndərilib, xəstəxanada ayrıca palata açılıb və o, Bakıdan göndərilmiş avadanlıqlarla təchiz olunub. O da diqqətə çatdırılib ki, indiyə qədər də şübhəli xəstələrdən qan analizləri götürülürdü və müayinə üçün mərkəzə ötürülürdü.

Çıxışları diqqətlə dinləyən icra başçısı bildirib ki, Prezidentin tapşırığı ilə yanvarın 28-də baş nazirin yanında koronavirusla mübarizə ilə əlaqədar müşavirə keçirilib: “Xəstəlik çox ciddidir. Bütün dünya mətbuatı ondan yazır. Mənim məlumatıma görə, Ağ Ciyər Xəstəlikləri İnstitutunda ayrıca palatalar açılıb. Səhiyyə təşkilatları və digər qurumlar, ictimaiyyət kifayət qədər diqqətli olmalıdır”.

İlham İsmayılov Nizami və Nərimanov küçələrində, digər məhəllələrdə, şəhər liseyinin qarşısında vətəndaşları narahat edən məsələlərin həlli ilə bağlı müvafiq təşkilatların rəhbərlərinə yerində göstərişlərini verib, abadlıq-quruculuq işlərinin davamlı şəkildə aparılacağını və bütün şəhəri əhatə edəcəyini deyib: “Sadəcə bütün problemləri bir gündə həll etmək mümkün deyil. Həm də nəzərə alın ki, bu işləri biz əsasən daxili imkanlarımız hesabına icra edirik. Eyni zamanda sizinlə bir xoş xəbəri də yaxın günlərdə paylaşmaq arzusundayam. Hazırda mühüm bir layihənin gerçəkləşdirilməsi gözlənilir, o baş tutarsa, şəhərdə mindən artıq yeni iş yeri yaradılacaq”.

Şərhlər bağlıdır.