Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Sosial yardım asılılığından kiçik sahibkarlığa doğru

Regionlarda əlil, şəhid, məcburi köçkün, aztəminatlı ailələlərin, işsiz və işaxtaran vətəndaşların fərdi təsərrüfatlara sahib olması onların dövlət yardımından asılılığının aradan qalxmasına, öz zəhmətləri hesabına ailə gəlirlərini artırmalarına və sahibkarlığa çıxış imkanı qazanmalarına, nəticədə ölkədə kiçik ailə biznesinin genişlənməsinə şərait yaradır.   “Yüksəliş” Sosial İnkişafa Kömək İctimai Birliyinin  Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə gerçəkləşdirdiyi layihə də bu barədədir. Layihə heyəti bir müddətdir ki, “Özünüməşğulluq-sosial yardım asılılığından kiçik sahibkarlığa doğru” mövzusunda seminarlar təşkil edir. Növbəti seminar 11 iyul 2019-cu ildə Şəmkir rayonunda reallaşıb. Rayonun Heydər Əliyev Mərkəzində baş tutan tədbiri giriş sözü  ilə layihə rəhbəri  Nəzakət Balabəyova açıb, məqsəd və fəaliyyətlərdən danışıb, “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın hədəflərinə nail olunması istiqamətində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi istiqamətində təşəbbüsləri diqqətə çatdırıb.

Layihənin eksperti Zaur Quliyev öznüməşğulluq proqramının faydası və iqtisadi əhəmiyyəti, ondan istifadədə üstün hüquqa malik əhali kateqoriyası, müraciət qaydaları, əhatə dairəsi, konkret statistik və analitik göstəricilərlə əks olunmuş təqdimatla çıxış  edib.

Seminara qatılan rayon təmsilçiləri-İcra Hakimiyyətinin əməkdaşı Natiq Qələndərov, Məşğulluq Mərkəzinin direktoru Namiq İsmayılov, DSMF yerli şöbəsinin əməkdaşı Mədət Qasımov  vurğulayıblar ki, özünüməşğulluq proqramı aktiv əmək bazarında, mikro və kiçik sahibkarlığın inkişafında mühüm rol oynayır, sosial yardım asılılığından kiçik sahibkarlığın inkişafına doğru atılmış mütərəqqi addımdır. Qeyd olunub ki, özünüməşğulluq  iqtisadiyyata, vergi və sosial sığorta daxilolmalarına müsbət təsir göstərir, işçilərin əmək və sosial müdafiə hüquqlarının təmin olunmasına gətirib çıxarır.

Seminarda özünüməşğulluq proqramından faydalanaraq, öz kiçik bizneslərini quran və inkişaf etdirən şəxslərin uğur hekayələri dinlənilib və qarşılıqlı diskussiya şəklində  müzakirələr aparılıb. İştirakçılara layihə çərçivəsinə çap olunmuş buklet də paylanıb.

Şərhlər bağlıdır.