Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Yay ayı olsa da, bazarda qiymət od tutub yanır

Mingəçevir bazarında meyvə və tərəvəzlərin qiymətində xeyli bahalaşma müşahidə olunur. Bu günlərdə aparığımız sorğular onu göstərdi ki, bazarda bolluq olsa da alan da narazıdı, satan da. Bazarda  satıcı  alıcıdan çox idi.  Göyərtinin bir dəstəsi 30-40 qəpik, pomidor 1 manat, meyvələrdən ərik 3 manat 50 qəpik, gilas 3-4 manat idi.

Şahin Rüstəmov

Meyvə-tərəvəz satışı ilə məşğul olan Şahin Rüstəmov deyir ki, yay ayı olmasına baxmayaraq, qiymətlər düşmür: “Biz də satdığımız məhsulu  topdansatış  yerindən alırıq. Vallah, yalan niyə deyim, biz də üstünə 15-20 qəpik qoyub satırıq. Günümüz bu piştaxtanın arxasında keçir. Alıcı gəlib qiymətlərlə maraqlanıb gedir. Gün ərzində gətirdiyimiz meyvə-tərəvəzi sata bilmirik. Qazanmaq əvəzinə ziyan çəkirik. Çünki meyvədir, havanın istisindən  axşama  qədər xarab olur. Hər gün piştaxta yeri üçün 3 manat pul ödəyirik. Qazansan da, qazanmasan da yer haqqını ödəməlisən”.

52 yaşlı satıcı  Əsli  Məmmədova deyir ki, tərəvəzləri kəndlərdən alıb gətirir: “Kəndli də bizə baha verir,  çünki o da deyir ki, suyu sayğacla alır, suyun qiyməti də bahadır, Hamımız çətin vəziyyətdəyik. Mənim indi pensiya alıb evdə oturası vaxtımdır. Pensiyanın yaş həddini də qaldırdılar. Məcburuq ki, necə də olsa çörək pulumu çıxarım. Göy-göyərtinin də axşama kimi çoxu xarab olur.O da bizim ziyanımıza gedir”.

Alıcı Ceyran Əliyeva da qiymətlərdən şikayətləndi: “Deyirk ki, yay ayı olsun, heç olmasa yay tərəvəzləri ilə keçinərik. Amma yayda da heç nə ucuzlaşmır. Hər gün bazara gələndə müxtəlif qiymətlərlə rastlaşırıq. İlin bu vaxtında kilosu 1 manata pomidor olar? Belə getsə, qış tədürükü üçün mürəbbə, kompot, turşu  bağlaya bilməyəcəyik. Vallah, bu satılan meyvələrdən ürəkli alıb yeyə bilmirik. Qiymət od tutub yanır”.

Günəş Şəfaqətov

İqtisadçı Günəş Şəfaqətov qiymətlərin yüksək olmasını bir çox səbəblərlə izah edir: “Kənd təsərrüfatı məhsulları əsasən iqlim şəraitindən asılıdır. Bu il iqlim şəraiti imkan verməyib ki,bol məhsul olsun. Digər səbəb isə ölkədə minumum əmək haqqı, sosial yardım və pensiyaların artması ilə bağlıdır. Adətən əhalinin gəlirləri artanda qiymətlər də ona uyğun artır. Başqa bir səbəb kənd təsərrüfatı məhsullarının bazara birbaşa daxil olmaması ilə bağlıdır. Əldən-ələ keçdiyi üçün qiymətlər artır. Burda sırf satıcıları günahlandırmaq düzgün deyil, əsasən vasitəçilər qiyməti qaldırır. Bizim aldığımız məlumata görə, kəndliyə bazarda öz məhsulunu sata bilmək imkanı yaradılmır. Onlar məhsullarını bazarın girişində alverçilərə verməyə məcburdurlar. Bu işi  nizamlamaq mümkün olsa, qiymətləri müəyyən dərəcədə aşağı salmaq olar. Bu da əhalinin rifah halının yaxşılaşmasına gətirib çıxarar. Doğrudur, bu gün dövlət səviyyəsində sosial tədbirlər həyata keçirilir və bu sosial siyasət əhalinin, əsasən  aztəminatlı təbəqənin həyat səviyyəsinin yaxşılaşdırılmasına xidmət etmək məqsədi güdür. Amma real həyatda bunu görmək mümkün deyil. Çünki həmin artımlar olunmamış bazar artıq yüksək qiymətlərə keçir. Deyirlər ki, bazar iqtisadiyyatı sərbəst iqtisadiyyatdır, amma sərbəst iqtisadiyyat 19-cu əsrdə qalıb. Hazırda tənzimlənən və idarə olunan iqtisadiyyat olmalıdır. Buna sərbəst deyib qiymətləri tamamilə özbaşına buraxmaq olmaz. Bu da əhalinin həyat səviyyəsinin çox aşağı düşməsinə təsir göstərir. Biz ancaq əməkhaqqlarında, gəlirlərdə nominal artımı görürük, real artımı isə görə bilmirik. İnsanların həyat səviyyəsini yaxşılaşdıran cəhət isə real artımdır. Çox arzu edərdik ki, dövlətimiz bu sahədə tədbirlər görsün, əhalinin real həyat səviyyəsi onların gəlirlərinin real alıcılıq qabiliyyətinin artırılmasına xidmət etsin”.

Şərhlər bağlıdır.