Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Partiyaları ləğv edin!

Azərbaycanda 50-dən çox siyasi partiya var.

 

Bu yazını müəllimlərimə həsr edirəm. Həm orta məktəbdə mənə dərs demiş, həm ali məktəbdə, həm də mənəvi müəllimlərimə, hansı ki, mənə dərs deməsələr də onlardan da həmişə nə isə öyrənirəm. Sağ olanlarına Allahdan can sağlığı diləyirəm, bu dünyadan köçənlərin isə ruhları şad olsun!

Müəllim, bəzən səhrada susuz qalan yolçuya bənzəyir, bəzən bağındakı gülləri, ağacları şaxta vurmuş bağbana, bəzən də ümidsiz xəstəyə. Amma daha çox gizli qəhərmana bənzəyir və qəlbindəki sevgi ilə ürəkləri fəth edir. Bu isə qarşılığı olmayan bir şeydir.

İnsanlar partiyalar yaradırlar, sonra yaratdıqları bu partiyaların əsirinə çevrilirlər. Guya insanları ətraflarına yığırlar, ancaq əslində onları qruplara ayırıb “həbs edirlər”. Ən maraqlsı isə odur ki, bir partiyanın insanları, digər partiyaların insanlarına düşmən kimi baxırlar. Burada hansı milli birlikdən, milli maraqlardan danışmaq olar? Hər partiyanın başqanı da özünü daha ağıllı, mövqeyini daha doğru hesab edir. Bu ayrıseçkilik, bu parçalanma sosial şəbəklərdə də aydın görünür. Əgər hansısa partiyanın üzvü deyilsənsə, onda bəyənilmə ümidində olma, hətta yazdığın şərhlər, fikirlər belə heç kimin vecinə olmur. Əsarətin bu növünü də bizimkilər “kəşf” edib. Kölə psixologiyasından azad ola bilmirik ki, bilmirik. İnsan mənəvi cəhətdən azad deyilsə, onu həmişə kənardan yönləndirəcəklər. Düşünürəm ki, partiyalardakı insanların çoxu belədir, yəni yönləndirilirlər. Bu insanlar birmənalı şəkildə azad deyillər. Azad olmadıqları halda hansı azadlıqdan danışa bilərlər? Onlar dövlətin, millətin müstəqilliyini, azadlığını nədə görürlər görəsən? Mən haqlıyam, başqaları haqsızdır!- iddiaları ilə iqtidar və ya müxalifət olmaq bizə yaxşı heç nə vəd etmir. İllərdir ki, biz bunun şahidiyik.

Mən siyasətçi deyiləm, heç olmaq fikrində də deyiləm. Amma dörd bir yanımız siyasət girovluğundadır: Təhsilimiz, səhiyyəmiz, mədəniyyətimiz, ordumuz. Mən müəlliməm, peşəm mənim həyatımdır. Yaxşı müəllim olmaq üçün nə qədər bacarıramsa, o qədər çalışıram. Amma görürəm ki, mənim çalışmağım heç nəyi dəyişmir. Çünki partiyalar insanları elə “həbs” edib ki, həmfikir tapmaq, birgə fəaliyyət göstərmək, problemlərin həllində həmrəy olmaq çox çətindir. Hamı “siyasətçi” olub və heç kim öz işi ilə məşğul olmur. Müəllimlərin, həkimlərin çoxu və məmurların isə hamısı demək olar ki, YAP üzvləridir. YAP isə hakim partiyanı təmsil edir. Əgər YAP üzvüsənsə, deməli problemdən danışmaq olmaz, sanki hər şey qaydasındadır, heç bir problem yoxdur, çünki işini itirmək qorxusu var. Yaxud da müxalifətçisənsə heç nə qaydasında deyil, hər şey kökündən dəyişməlidir, yaxşı nəyəsə cəhd etmək mənasızdır. Savadlı insanların isə belə düşünməsi faciədir. Problemlər isə həmişə var və onların həllində hamımız maraqlı olmalıyıq, özü də hansı partiyanın üzvü olmağından asılı olmayaraq. Çünki partiya maraqları dövlət maraqlarından üstün ola bilməz! Hər bir dövlət başçısı da vətəndaşlardan bunu istəyir.

Hörmətli soydaşlarım, özünüzü partiyalara həbs etməyin! Vətəndaş cəmiyyəti qurmağın yolları həmrəylikdən keçir. Bir-birimizə düşmən kimi yox, vətəndaş kimi baxaq. Kimsə işini yaxşı bacarır, kimsə pis, amma hamımız bu ölkədə yaşayırıq, əgər yaxşı cəmiyyətdə yaşamaq, güclü dövlətə sahib olmaq istəyiriksə, problemlərin həllində də birgə olmalıyıq. Bunun üçünsə ilk növbədə daxilən azad olmalıyıq.  Partiyalar insanları  ifadə etmir,  sadəcə eyni əqidəli insanlar partiyalarda təmsil olunar və cəmiyyətə töhvələr verərlər. İnsan özünü işinə, səlahiyyətinə, mövqeyinə, nəfsinə, mənfəətlərinə həbs etməməlidir.

İnsan azaddır- əxlaqlı, dürüst olduğu qədər;

İnsan azaddır-mərhəmətli, xeyirxah olduğu qədər;

İnsan azaddır-vicdanlı, ədalətli olduğu qədər.

Əgər insan bunlardan imtina edirsə, deməli öz azadlığından da imtina etmiş olur.

 

Mehparə Rəhimqızı.

Şərhlər bağlıdır.