Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Sevginizi teatrdan əsirgəməyin”

275

Teatr uşaqlıq yaddaşımda

İnsanlar işdən sonra, axşamlar bu möhtəşəm binaya gələr, tamaşalara baxar, mənən və ruhən dincələrdilər. Sənətkara, aktyora, teatra böyük hörmət vardı. Ən çox da Bakıdan qastrol truppalarının gəlişi şəhərimizdə toy-bayrama çevrilərdi. Mərziyə Davudova adına Mingəçevir Dövlət Dram Teatrının tamaşa saloninda iynə atsan, yerə düşməzdi.
Uşaq vaxtı valideynlərim mənim əlimdən tutub, tez-tez teatra gətirərdilər. Yaşımın azlığından nəzarətçi içəri keçməyimə mane olurdu. Bəzən anam arxasında gizlədib, icəri keçirir, bəzənsə: “Sonuncu dəfə olsun, bir də gətirməyəcəm”- deyərək, istəyinə nail olurdu. Sonralar isə bir tamaşa da ötürmürdüm. Səhnənin işıqları sönəndə və yananda qəribə hislər keçirirdim, nağıllar dünyasına düşdüyümü zənn edirdim. Bəli, beləcə keçdı o illər…

45 yaşlı Mingəçevir teatrı

Azərbaycan teatrının 141 illik inkişaf yolu keşməkeşli olub. 1969-cu ildə isə Mingəçevir Dövlət Dram Teatrı pərdəsini C.Cabbarlının “Almaz” pyesi ilə açıb. Teatr Mingəçevirdə yaradılan xalq teatrı və teatr institutu məzunlarının köməyi ilə fəaliyyətə başlayıb.
Bu səhnədə uzun illər boyunca Azərbaycan dramaturqları ilə yanaşı dünya klassiklərinin saysiz-hesabsız əsərləri teatrsevərlərin rəğbətini qazanıb.
Martın 10-da MDDT-nın yaradılmasının 45 illik yubileyi münasibətilə təntənəli mərasim keçirildi. Tədbirin ssenari müəllifi və quruluşçu rejissoru Gənc Tamaşaçılar Teatrının aktyoru Sərvər Əliyev zala toplaşanları salamladı və önəmli günlə bağlı hamını təbrik etdi. O Azərbaycanın teatrının tarixinə nəzər saldı, dahi sənətkarları xatırladı: “1873-cü il martın 10-da Bakı Realnı Məktəbinin teatr həvəskarları truppası tərəfindən M.F.Axundovun “Sərgüzəşti-Vəziri-Xani Lənkəran” komediyası tamaşaya qoyulub…”
Elə bu mərasimdə MDDT-nın uğurları bir daha yada salındı. Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə heyətinin 10 mart 2004-cü il tarixli qərarıyla H.Cavidin “Ana” tamaşasının ugurlu səhnə təcəssümünə görə “Qızıl Dərviş” mükafatına layiq görülüb. “Əgər biz cəmiyyəti gözəl görmək, özümüzdə estetik zövq formalaşdırmaq istəyiriksə, teatrın daimi tamaşaçı audiyoriyasının bir üzvü olmalıyıq”- S. Əliyev belə dedi və bu teatrın divarları arasında misilsiz əmək sərf edən aktyorlardan Əşrəf Qoçəliyev, Gəray Gərayev, Lətifə Hüseynova, Şirəli İlyasov, Heftun Tağıyev, İsa Alimov, Nisə Rzayeva, Zülfüqar Abbasov, Nazir Qafarov və başqalarının adlarını ehtiramla çəkdi.

“Tez-tez teatrın qapılarını açın…”

Tədbir boyu H.Əliyevin mədəniyyət ocaqlarına ziyarəti ilə bağlı görüntü, mərhum İldırım Cabbarın (“Bayramın birinci günü”) və Zülfü Məmmədovun (“Kişi və qadın”) oynadıqları tamaşalardan fraqmentlər göstərildi.
Hüseyn Cavidin “Ana”, Nodar Dumbadzenin “Mən, nənəm, İliko və İllarion” tamaşalarından səhnəçikləri Ella Yaqubova tərəf müqabilləri ilə məharətlə ifa etdi. Azərbaycanın Əməkdar artisti Akif Mirabovun M.F.Axundovun monoloqunu ifa etdi.
C.Cabbarlının “Dönüş” pyesindən, Əli Əmirlinin “Mən səni sevirəm” tamaşasından səhnələrə aktyorlar can verdilər. “Gizli məhəbbət” tamaşasından kadr (İbrahim Türksoy və Əsmər Qurbanova), uşaqlardan (“Nur”) və teatrın nəzdində aktyorlardan ibarət rəqs qruplarının ifaları alqışlarla qarşılandı.
Azərbaycanın Əməkdar artisləri Zakir Əliyev, Gülüstan Əliyeva, mügənnilərdən Alim Mirzəyev, Filarmoniyanın solisti Xana Ağazadə, “Azəristar” mahnı müsabiqələrinin iştirakşıları Xəyyam Zeynalov, Vuqar Əliyev şən-şux mahnıları ilə xoş ovqat bəxş etdilər.
Finalda isə teatrın kollektivi pərəstişkarlarına Günay Səttarovanın otən illərdə səhnələşdirdiyi “Can bizimkilər” tamaşasından mahnı ilə vida etdilər.
Bayram Mustafanın “Tez-tez teatrın qapılarını açın, bu adamların heç nədə təmənnası yoxdur. Bunlara sizin tək alqışlarınız lazımdır. Bu sevgini əsirgəməyin” sözləri tamaşaçıların ürəyincə oldu.
Aktyorlardan Afət Əliyeva, Şıxı Yaqubov, Nəsibxan Əliyev, Firuz Hacıyev, İlqar Rəhimov, Asim Muxtarov, Elmira İbrahimova, Eyvaz Əliyev, Asim Məmmədov, Paşa Salmanov, Asim Əmirov və başqalarının əməyi nəticəsində ərsəyə gələn yubiley tədbiri teatrsevərlərin yaddaşında maraqlı iz buraxdı.

P.S. Amma nədənsə Mingəçevir İcra Hakimiyyətinin məsul şəxslərini, şəhərimizin müğənni və xanəndələrini bu axşamda görmədik…

Şərhlər bağlıdır.