Seçki bayrama çevrilmişdi
66 yaşlı Rəbiyyə Allahverdiyeva bülleteni seçki qutusuna salandan sonra müşahidəçilərin oturduğu masaya yaxınlaşdı. Nurlu sifətində təbəssüm vardı. “İnşallah, hər şey yaxşı olacaq”-dedi. Ona baxdığımı görüb ah çəkdi:
-Yaxşı olacaq deyirəm, amma heç yaxşı olmur.
-Niyə bilə fikirlisiniz, bir dərdinizmi var? – soruşdum.
Rəbiyyə xala qayğılı gözlərini əvvəl üzümə, sonra isə seçki kabinəsinə tuşladı.
-Hər dəfə seçkilərə ümidlə gəlirəm. Uşaqların dərdindən evimi satıb qalmışam çöldə. Üç övladım var, hamısı da ev istəyirdi. Yaxşı-pis ikisi “Günəşli” qəsəbəsində bir koma qaraldıb, biri kirədədi. Hər gecə birinin bucağına siğinıram. Özümə birotaqlı mənzil ala bilmədim ki, kürəkən yanına da getməyim. Yataqxanadan bir otaq almaq istədim, 3-4 min manata dedilər. O qədər pulu düzəldə bilmədim. Nə bilim, ümid edirəm ki, hər şey yaxşı olacaq.
Əsl seçki günüydü. Günəş də öz səxavətini əsirgəmirdi insanlardan. Qeyri-iş gününün olmasına baxmayaraq, səhər tezdən Mingəçevirdə qəribə bir qələbəlik vardı. Hamı küllü-külfətli seçki məntəqələrinə axışırdı. Uzun illərdi ki, seçki zamanı məntəqələrdə müşahidəçi qismində iştirak etmişəm, amma cəmi bir neçə dəfə bu fəallığın şahidi olmuşam. Düzü bunun nəylə bağlı olması mənə təəccüblü gəldi. Redaktorumuz Fərman Nəbiyevlə məntəqələri gəzdik. Gün ərzində 47 saylı Mingəçevir və 49 saylı Yevlax-Mingəçevir seçki dairələrinin 14, 20, 21, 22, 23, 26, 28, 30, 32 saylı seçki məntəqələrində müşahidə apardıq. Səhər saatlarından bütün məntəqələrdə “tıxac” yaranmışdı. Bu proses saat 13.00-dək davam etdi (Məntəqə seçki komissiya sədrlərinin verdiyi məlumata görə, seçicilərin 60-70 %-i bu saatlarda artıq səs vermişdi). Sonra qəribə bir sükut çökdü məntəqələrə. Seçicilər aram-aram, tək-tək gəlməyə başladılar və nahardan sonra bu ziyarətlər tədricən kəsildi. Bəzi məntəqələrin qarşısında EXİT POLL-un nümayəndələri işləyirdilər.
Hər məntəqədə 8-16 nəfər müşahidəçi seçkini izləyirdi. ATƏT-in nümayəndələri də məntəqələri gəzirdi. Bəzi komissiya katıbləri seçiciləri şəxsiyyət vəsiqəsini yoxlamadan məntəqəyə buraxır, başqa ünvanda qeydiyyatda olanlara bülleten də verilirdi.
22 saylı məntəqənin nəzarətçisi Atəş Məmmədov Yevlaxda yaşayan qızının səs vermək üçün Mingəçevirə gələcəyini dedi. MnSK-nın sədri Xumarə Mikayılova ilk dəfə səs verən dörd gəncə hədiyyələr təqdim etdi. Nərmin Mirzəliyeva: “Xəstə olmağıma baxmayaraq, ilk səsvermə həyəcanını qaçırmaq istəmədim”-dedi.
20 saylı seçki məntəqəsində Yeni Azərbaycan Partiyasının müşahidəçisi Mehman Kərimov hər şeyin yüksək səviyyədə keçdiyini və güclü təbliğatın görünməmiş fəallığa səbəb olduğunu dedi. Amma bəllidir ki, builki təbliğat və təşviqat kampaniyasına ayrılan vaxt da məhdudlaşdırılmışdı.
Maraqlı faktlardan biri bu məntəqədə 1 saylı peşə məktəbin tələbəsi Ruhəngiz Məmmədovanın seçkiyə gəlməsi haqda bildiriş vərəqəsinə katıb Elçin Əliyevin qeyd yazması və möhür vurması oldu. Bu hal başqa məntəqələrdə də müşahidə olundu. Seçki Məcəlləsində bunun nəzərdə tutulmamasına baxmayaraq, onlar öz hərəkətlərinə qanuni don geyindirməyə çalışdılar. Amma bəzi MnSK sədrləri bunun cinayət xarakterli hal olmasını qeyd edir və ona razı olmadıqlarını söylədilər.
Müsavat Partiyasının müşahidəçisi İsgəndər İbrahimov nahar fasiləsinə ayrılarkən həyat yoldaşını öz yerində əyləşdirdiyini və müşahidə aparmağı tapşırdığını dedi: “Biz ailəlikcə “Musavat”çıyıq. 2 xanımın ərlərinin yerinə bülleten atdığını gördüm. Burda əsas iki namizədin müşahidəçisi seçkini izləyir. Qalanları siqaret çəkməyə gəliblər”-İsgəndər dayı dedi.
14 saylı seçki məntəqəsində adının çəkilməsini istəməyən və müxalifəti təmsil edən müşahidəçi məmurların seçicilərə tapşırıq verdiyini bildirdi: “Elə bil insanlar seçki kabinasından qorxurlar. Təzyiqlər o qədər güclüdür ki, onlar kabinada kamera quraşdırıldığını zənn edirlər. Çoxu da seçkiyə gəlmir və deyir ki, daha doymuşuq, onsuz da qutudan istədikləri adam çıxacaq. Qızının, gəlininin yerinə də səs verənlər oldu”.
MnSK-nın üzvü İslam Savxanov təkrar səsverməyə cəhd edən seçicini aşkarladığını nəzərimizə çatdırdı.
21, 32 , 27 və 28 saylı seçki məntəqələrində səsvermə prosesi aramla davam edirdi.
23 saylıda YAP-ın müçahidəçisi Ömər Şəmilov seçkidə gənclərin fəallığını vurğuladı: “Mən bu ərazidə yaşayıram və qonşuların hamısını demək olar tanıyıram. Kənar adamların da burda səsverməsinin şahidi olmadim. Səhər 8-də 10-15 nəfər artıq qapının açılmasını gözləyirdi ki, səs verib getsinlər”.
AXCP-nin təmsilçisi Əlişad Abbasov bu fəallığın Azərbaycan üçün görünməmiş hadisə olduğunu dedi: “20 il Rusiya Federasiyasında yaşamışam. Orda seçkilərə 28%-dən çox adam gəlmir. Bizdə isə 60-70% insan seçkidə iştirak edir. Təəccüblüdür, bu fəallıq nəylə bağlıdır?”.
30 saylı məntəqədə Milli Şuranın məşvərətçi səs hüquqlu komissiya üzvü Agahüseyn Mahmudbəyli dedi ki, “Karusel” dəhşətli dərəcədə oldu: “İnsanların maşınlarda gətirilməsi əhəmiyyətli rol oynadı. İnstitut tələbələri avtobuslarla daşındı. Eyni adamlar bir neçə məntəqədə səs veriblər. Mən burda 3-4 idarə müdirinin təkrar səs verdiyini gördüm. Onları yaxşı tanıyıram. İnsanlar tapşırıqla gətirilir, başqa ünvan sahiblərinin digər məntəqələrdə səs verməsinə şərait yaradılir. Əlavə bülletenlər salındı qutulara”.
Onu təkzib edən digər müşahidəçilər-“Müasir Müsavat” və “Ədalət” Partiyalarının nümayəndələri Könül Fətullayeva və Elşən Rəhimov seçki prosesinin şəffaf keçdiyini söylədilər.
Saat 19-a bir neçə dəqiqə qalmış 26 saylı seçki məntəqəsinə gəldik və yekun olaraq səslərin sayılmasında iştirak etdik. MnSK sədri Əsgər Məmmədov ərazi üzrə 727 seçicinin qeydiyyata alındığını, 3 nəfərin qeydiyyatdan çıxma vərəqiylə getdiyini, 16 nəfərin həmin sənədlə bu məntəqədə səs verdiyini, daşınan qutu üçün 3 nəfərin müraciətinin təmin edildiyini, 4 gəncin ilk dəfə prosesdə iştirakını nəzərimizə çatdırdı.
19.00. Məntəqənin qapıları bağlandı və qutular boşaldıldı. Bülletenlər dəstələndi və səslər sayıldı:
1. İqbal Ağazadə-2 səs
2. İlham Əliyev-395 səs
3. Araz Əlizadə-1 səs
4. Hafiz Hacıyev-3 səs
5. Qüdrət Həsənquliyev-0 səs
6. Cəmil Həsənli-55 səs
7. İlyas İsmayılov-0 səs
8. Fərəc Quliyev-0 səs
9. Sərdar Məmmədov-1 səs
10. Zahid Oruc-1 səs.
P.S. Gün ağir keçdi. İnsanların tələsərək məntəqələrə axışmağı sirli, müammalı qaldı bizə. Evə gələndə yol boyu arada gözlərimi yumub, dərindən ah çəkib, ilıq havadan ciyərlərimə çəkirdim. Hələ də Rəbiyyə xalanın yarı qəmli, yarı nəmli, yarı sevincli gözləri mənimləydi. Qulaqlarımda isə sözləri səslənirdi: “İnşallah, hər şey yaxşı olacaq”. “İnşallah”-deyə içimdə təkrarlayırdım.
Şərhlər bağlıdır.