Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Kimə istəyirsiniz səs verin, amma seçkiyə gəlin”

Oktyabrın 7-də Mingəçevir Media Mərkəzində seçki təbliğatına həsr olunmuş növbəti və hələlik sonuncu müzakirə keçirilib. Əsasən tələbə və gənclərin toplaşdıqları tədbirdə Rusiyanın Berdsk şəhərində 2010-cu ildə keçirilmiş mer seçkilərindən bəhs edən ”Bir etiraz səsinin tarixçəsi” sənədli filminin nümayişi və müzakirəsi aparılıb. Eyni zamanda “Gəl seçkilərə! 9 oktyabr 2013-cü il- gələcəyini özün müəyyən et!”, ” 9 Oktyabr Seçkilərində səs ver! 5 ilini özün müəyyən et!” , “SƏSVERMƏDƏ BU CÜR İŞTİRAK ET! BU SƏNİN HÜQUQUNDUR!” və “Səsvermə günü müşahidəçinin hüquqları” adlı videoçarxlara da baxış keçirilib.
Gənclərdən Rəşad Qurbanov, Rəxşan Rəhimov, Şölə İbrahimli və başqaları insanların seçkiyə marağını artırmağa xidmət edən belə filmlərin nümayişini və müzakirəsinə həqiqətən ehtiyac olduğunu nəzərə çatdırıblar. Aqşin Səmədzadə Azərbaycanda ümumi idarəetmə məktəbinin yaradılmasının vacibliyindn danışıb: “Biz neçə gündür ki, prezidentliyə namizədlərin debatlarını izləyirik. Təəssüf ki, onların əksəriyyəti idarəetmə nə olduğunu bilmirlər. Amma bu debatlar, sənədli filmdə olduğu kimi, bizə nanizədləri tanımaq imkanı verdi. Mən kimə səs verəcəyimi müəyyən etdim”.
MVA-nın prezidenti Fərman Nəbiyev, tədbirin aparıcısı Yeganə Nəbiyeva gənclərin bu seçkilərdə də aktiv iştirak edəcəklərinə, layiqli namizədə səs verəcəklərinə əmin olduqlarını bildiriblər. Müzakirəyə qonaq ekspert kimi dəvət olunan Əmrah Mystafayev 80-ci illərin sonu-90-cı illərin əvvəllərində və gərgin mübarizə şəraitində yerli və Ali sovetlərə deputat seçildiyini, Azərbaycanın müstəqilliyinin ilk sənədi olan Konstitusiya aktının qəbulunda demokratik qüvvələrin rolunu xatırlayaraq, hər bir səsin nə dərəcədə əhəmiyyətli olduğunu vurğulayıb : “Kimə istəyirsiniz səs verin, amma seçkiyə gəlin, mövqeyinizi bildirin”.

Şərhlər bağlıdır.