Elm və təhsilMDUXəbərlər

Mingəçevir Dövlət Universitetinin rektoru “Gələcəyin müəllimi” təqaüdünə layiq görülən tələbələrlə görüşüb

Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsis etdiyi “Gələcəyin müəllimi” təqaüdünə layiq görülmüş birinci kurs tələbələri ilə görüşüb.

Rektor Şahin Bayramov Azərbaycan Respublikası Təhsil Nazirliyinin 17 sentyabr 2014-cü il tarixli 1002 nömrəli əmrilə pedaqoji kadr hazırlığı aparılan ali təhsil müəssisələrinin müəllimlik ixtisaslarına yüksək balla qəbul olunmuş tələbələr üçün məqsədli təqaüd təsis edilməsi barədə məlumat verib. Ş.Bayramov “Gələcəyin müəllimi” təqaüdünün təsis edilməsinin əsas məqsədinin “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq peşəkar bilik və kompetensiyalara malik pedaqoji kadrların hazırlanmasından ibarət olduğunu diqqətə çatdırıb.

“Riyaziyyat və informatika müəllimliyi” ixtisası üzrə birinci kurs tələbələri Alsu Məmmədovanı və Elmira Xəlilovanı, “Tarix müəllimliyi” ixtisası üzrə birinci kurs tələbələri Sevinc Əhmədovanı və Anar Hüseynovu təbrik edən Ş.Bayramov 2019-cu ildə MDU-nun dörd tələbəsinin bu təqaüdə layiq görülməsini, bununla da MDU üzrə həmin təqaüdü alanların sayının səkkizə çatmasını yüksək qiymətləndirib.

“Gələcəyin müəllimi” təqaüdünün cəmiyyətdə müəllim peşəsinin nüfuzunun artırılması istiqamətində atılan mühüm addımlardan biri olduğunu qeyd edən rektor bu təqaüdün həmin tələbələrin tərcümeyi halında əhəmiyyətli yer tutacağına və onların müasir dövrün tələblərinə cavab verən innovativ düşüncəli müəllim kimi yetişməsində mühüm rol oynayacağına əminliyini bildirib.

Görüşdə təqaüdə layiq görülən tələbələr tədrisin məzmunu və universitet həyatı ilə bağlı fikirlərini səsləndiriblər.

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Close