Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Ölkə üzrə 31432 nəfər narkoloji xəstə kimi uçota alınsa da, bu rəqəm reallığı əks etdirmir

Oktyabrın 30-da Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun Mingəçevirdəki Heydər Əliyev Mərkəzində şəhər aktivinin iştirakilə növbəti toplantısı keçirilib. Tədbirdə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramının icra vəziyyəti müzakirə olunub. Mövzu ətrafında Dövlət Komissiyasının işçi qrupu rəhbərinin müavini Tanrıverdi Aydınov, Mingəçevir Şəhər İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Mahir Əliyev, şəhər Təhsil şöbəsinin müdiri Sahib Məmmədov,  Rayonlararası Narkoloji Dispanserin həkim-narkoloqu Eldar Mustafayev, polis əməkdaşı Rəhman Babayev fikir və təkliflərini səsləndiriblər.

Qeyd olunub ki, son 5 ildə narkotik vasitələrin qeyri-qanuni hazırlanması, əldə edilməsi, saxlanması və satışı ilə bağlı şəhərdə 370 cinayət faktı aşkarlanıb və hər bir fakt üzrə istintaq aparılıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan şəxslərdən 378,888 qram heroin, 7647,187 qram qurudulmuş marixuana və başqa narkotik maddələr götürülərək, yandırma üsulu ilə məhv edilib. “Xaş-xaş” şərti adı ilə 2007-ci ilin may ayından başlayan cinayət axtarış tədbirləri davam etdirilib və nəticədə 9 fakt aşkarlanıb. Şəhərin təhsil müəssisələrində zərərli vərdişlərin qarşısının alınması ilə bağlı mütəmadi tədbirlər təşkil olunub, videofilmlər nümayiş etdirilb, şagird və tələbələrlə maarifləndirici söhbətlər aparılıb. Ölkənin və şəhərin KİV-ləri bu tədbirləri geniş işıqlandırıblar.

O da vurğulanıb ki, 2013-2018-ci illərdə Mingəçevir Rayonlararası Narkoloji dispanserə 321 xəstə qəbul edilib (91–i Mingəçevir şəhərinin, 230-u isı ətraf rayonların sakinləridir). 203 nəfər anonim müalicə alıb. Hazırda dispanserdə 520 nəfər qeydiyyatdaır.   Ölkə üzrə isə narkoloji xəstə kimi uçota alınanların sayı 31432 nəfər olub. Lakin təcrübə göstərir ki, heç də bu rəqəm reallığı əks etdirmir, çünki qeydiyyatdan kənarda qalanların daha çox olduğu iddia edilir.

“Mingəçevir işıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyev bildirib ki, normal həyata qayıdan narkomanların uğur hekayələrini qələmə almağa ehtiyac var. Çoxmənzilli binaların girişlərində qapılar qoyulması narkomanların yaşayış evlərinin dəhlizlərinə daxil olmasını yasaqlaya bilər. 7 saylı məktəbin direktoru Anar İsmayılovun fikrincə, narkoman həyatı yaşayan məşhurların internetdə daha çox reklam olunması bəzən gəncləri şirnikləndirir, bu isə narahatlıq doğurur: “Hətta onların həbsdən vaxtından qabaq buraxılması da birmənalı qarşılanmır”.

Şərhlər bağlıdır.