Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Hərbi geyim Adilə çox yaraşırdı”

241

Aprel döyüşlərində şəhid olmuş Adilzadə Adil Kamran oğlu  Azərbaycan Respublikası Prezidentinin sərancamıyla “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif olunub. Mayın 21-də Heydər Əliyev Mərkəzində keçirilən təqdimetmə mərasimində Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bildirib ki, vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Adil kimi qəhrəman oğullarımızın xatirəsi daim əziz tutulur: “Adilin qəhrəmanlığı doğulub, boya-başa çatdığı elə-obaya, torpağa və vətəndaşı olduğu ölkəyə məhəbbətdən qaynaqlanır”.

“N” saylı hərbi hissənin  komandir müavini Qafqaz Əsgərov Adilin  valideynlərinə üzünü tutaraq, onun cəsurluğundan böyük fəxr hissi ilə  danışıb: “Siz bu gün fəxr etməlisiniz ki, vətən üçün belə layiqli övlad böyütmüsünüz. Valideyn kimi çəkdiyiniz əziyyət öz bəhrəsini verib”.

Qafqaz Əsgərov deyib ki, Adilin ən böyük arzularından biri böyük mövqelərdə yer tutmaq idi: “Adil ən böyük, şərəfli arzusuna,  şəhidlik zirvəsinə ucaldı”.

Mingəçevir Dövlət Dram teatrının aktyoru, əməkdar artist Akif Mirabovun fikrincə, Vətəni qorumaq hər bir vətəndaşın vətəndaşlıq, əsgərin isə vəzifə borcudur: “Adil öz borcunu layiqincə yerinə yetirdi”.

Medalı qəbul edən şəhidin valideynləri Kamran Adilzadə və  Gülnarə Abdullayeva oğulları ilə fəxr etdiklərini bildiriblər. Bacısı Adilzadə Könülün sözləri isə daha təsirli olub: “Hərbi geyim Adilə çox yaraşırdı. Mən həmişə onun hərb geyimi ilə fəxr etmişəm. Bu gün isə qardaşımın şəhid adı  ilə fəxr edirəm.”

Şərhlər bağlıdır.