Sahibkarların əli kreditlərə çata bilirmi?
18 aprel 2012-ci ildə Mingəçevir şəhər İcra Hakimiyyətində İqtisadi inkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun nümayəndələri ilə yerli sahibkarların görüşü olub. Tədbirə gələnlər foyedə müvəkkil bankların nümayəndələri ilə görüşmək və fondun fəaliyyətindən bəhs edən sənədli filmi izləmək imkanı qazanıblar. Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov sənaye şəhəri kimi tanınan Mingəçevirdə yeni iş yerlərinin açilması istiqamətində görüləcək vəzifələrə yönəldib.
Fondun nümayəndəsi Arif Məmmədov güzəştli kreditlərin ayrılması prosedurundan danışıb. O, bildirib ki, müvəkkil banklar tərəfindən fondun tövsiyyəsi ilə illik 6%-lə kreditlər verilir: “Siz müvəkkil bankların Mingəçevirdəki filiallarına biznes planlarınızı və tələb olunan məhdud sayda sənədləri təqdim etməklə 5 mindən 50 minə qədər kiçik, 50 min 1 manatdan 500 minə qədər orta, 500 min 1 manatdan 10 milyona qədər isə iri həcmli investisiya layihələrinizi gerçəkləşdirə bilərsiniz.”.
A,Məmmədov bildirib ki, onlar hazırda Mingəçevirə 3 layihə gətiriblər: “Bunun birinin dəyəri 1 milyon 25 min manat olan çörək zavodunun qurulmasıdır. Fond məbləğin 70%-ni maliyyələşdirməyi öhdəsinə götürür. Digər layihələr orta həcmli tikiş müəssisəsinin və istixana kompleksinin yaradılmasıyla bağlıdır. Tikiş müəssisəsi üçün ayrılacaq 52253 manat kredit bütünlüklə bank tərəfindən ödəniləcək. Amma istilikxana torpaq ərazisindən asılı olaraq kiçik və böyük ola bilər. Onun üçün ən azından 300 kv.m sahə lazımdır, amma 1 ha ərazidə daha böyüyünü qurmaq olar. İkinci halda dəyəri 1260 min manat olan investisiya layihəsinin 70%-i maliyyələşdiriəcək”.
Sahibkarlardan Rəhman Qurbanov, Hüsaməddin Əliyev, Vaqif Həsənov və başqaları üzləşdikləri manelərdən, xüsusən bankların süni əngəl yaratmalarından danışıblar. Fondun icraçı direktoru Şirzad Abdullayev məsələlərə aydınlıq gətirib: “Biz başa düşürük ki, hardasa sizə kreditlərin verilməsində kimsə maneçilik törədib. Bizə müraciət edn, hər bir halı yoxlayaq, sizə kömək göstərək. Amma unutmayın ki, vəsaitin verilməsi zamanı bankın girov tələb etməsi normaldır, çünki məsuliyyət onun boynundadır. Həm də təcrübə göstərir ki, verilən kreditlərin müəyyən hissəsi qaytarılmır”.
Tədbirdən sonra bir neçə sahibkara müvəkkil banklar tərəfindən yerində kreditlər verilməsi baş tutub.
Şərhlər bağlıdır.