Cəmiyyət

“Aslanın erkəyi – dişisi olmaz”

Qarabağ döyüşçüsü, birinci qrup əlil Sevil Rəhimovanın və ailəsinin döyüş şücaəti haqqında əksəriyyətin xəbəri yoxdur

Tarix boyu ölkəmiz şücaətli qadınları ilə fəxr edib. Onlardan biri 1958-ci ilin aprel ayında Rəsulovlar ailəsində dünyaya göz açıb. Adını Sevil qoyublar.
O da hamı kimi taleyindən xəbərsiz idi. Nə biləydi ki, kişilərlə çiyin-çiyinə döyüşüb, qəhrəmanlıqlar göstərəcək.
Uşaqlıqdan ailələri ilə birlikdə Ağdaşdan Bakıya köçəndən sonra Sevil Rəsulova Bakı şəhərində 175 saylı orta məktəbdə təhsil aldı. Məktəb illərində dərslərini yaxşı oxuyurdu, idmanı isə daha çox sevirdi. Fəallığı, istedadı ilə həmişə yaşıdlarından seçilirdi. Amma xoşbəxt günləri az çəkdi. Ata-anasını lap balacalıqdan itirdi.
O, şəxsi həyatı barədə danışmağı xoşlamır. Sevil xanım yalnız onu dedi ki, gənc yaşlarında ailə həyatı qurub və bu, uzun müddət davam etməyib. 1982-ci ildə övladları ilə birlikdə Mingəçevirə gələndə 24 yaşı vardı. Ailənin bütün ağırlığını üzərinə götürməyə, iki övladını tək başına böyütməyə məcbur idi.

20 Yanvarın şahidləri

1990-cı ilin yanvar ayında Sevil Rəsulova övladları Tahir və Təranəni götürüb Bakıya, bacısına baş çəkməyə getmişdi: “Həmin vaxt uşaqlar da qış tətilinə buraxılmışdılar. Həmin ərəfədə mitinqlərdə də iştirak etdim. 19-dan 20-nə keçən gecədə dəhşət dolu anlar yaşandı. 20 Yanvar faciəsinin canlı şahidi oldum. Faciə baş verəndə hər kəs qarışmışdı bir-birinə. Ayaq altda qalanlar da oldu. Uşaqlarım qorxudan yapışmışdı ətəyimdən. Çox çətinliklə Mingəçevirə gələ bildik. Həmin gündən düşmənə nifrətim artdı”.
O gündən sonra Sevil xanım heç kəsə heç nə demədən evindən, övladlarından ayrılıb, döyüşə getməyə qərar verdi. O, evdən çıxarkən 12 yaşlı Təranəni 14 yaşlı Tahirə tapşırdı.
“Ağdama getdim. Mənə evə qayıtmağı təklif etdilər. Yalvardım, əlimdən gələni əsirgəmərəm dedim, inadımdan dönmədim, könüllü batalyona qoşuldum. Mənə silahla necə davranmağı öyrətdilər. Tez bir zamanda güllə atmağı da bacardım, ən gərgin döyüşlərdə öndə getməyi də…”
Xocalı qırğını zamanı Ağdamda olub. Canlı qəhrəmanımız ilk hücum əməliyyatını Əsgəranda keçirib. Döyüş texnikasında atıcı olub. Həmin vaxtlar Mingəçevir batalyonuna qoşulub və üçüncü rotanın komandiri təyin edilib.
Onun barəsində Azərbaycan Jurnalistlər Birliyinin üzvü Zümrüd Rəhimova “Od içindən keçən ömür” adlı kitabını yazıb. Bu kitab onun döyüş həyatından bəhs edir.

“Bir ədəd kərpic çörəyini böləndə hərəmizə 1 dilimin 4/1 hissəsi düşürdü”

Döyüşdüyü illərdən danışan Sevil xanım döyüşçü yoldaşlarını da unutmur: “Mənim döyüş yoldaşlarım əsl kişilər idi. Biz elə olub ki, həftələrlə ac qalmışıq. Yemək tapmayanda ot yeyirdik. Qadın olduğum üçün çörəyi bölməyi mənə təklif edirdilər.

Bir ədəd kərpic çörəyini böləndə hərəmizə 1 dilimin 4/1 hissəsi düşürdü. Elə olurdu ki, mənə çatmırdı çörək. Mən onu dostlarıma bildirmirdim. Çörəyin ovuntuları ilə dolanırdım. Onlar biləndə ki, mənə çörək çatmayıb, məni danlayırdılar. Deyirdilər ki, sən bizə ana kimi fədakarlıqlar göstərirsən. Olarmı sənə ana deyək. Mən onda özümü xoşbəxt hesab edirdim”.
Sevil xanım zabit və əsgərlərimizə döyüşdə silahdaş, arxada ana-bacı olub. Ona əsgərlərin qız qardaşı deyirdilər: “Kişilərə xas hərəkətlər edirdim ki, mənim qadın olmağımı unutsunlar. Hətta onlar mənə deyirdilər ki, doğrudan sən qadınsan? Göstərdiyim şücaətə görə mənim qadın olmağıma şübhə ilə yanaşırdılar”.
Haqsızlıqlarla üzləşməsinə baxmayaraq, bu qadının qəlbi vətən sevgisi ilə döyünür: “Nənəm həmişə müharibədə olmuş qardaşlarımdan, dayılarımdan danışardı. O vaxtlardan məndə düşmənə nifrət, vətənə məhəbbətim artıb. Uşaq vaxtlarında hərbi dərslərdə iştirak edirdim”. Amma döyüş vaxtlarını yada saldıqca, o günləri yenidən yaşamaq istəmədiyini deyir.

“Evdən nəyisə satıb, döyüş dostları üçün siqaret və mer-meyvə aparırdı”

Sevil xanımın qızı Təranə Əliyeva 1979-cu ildə dünyaya gəlib. Hazırda Bakıda yaşayır. Ailəlidir, 3 övladı var. O, 20 Yanvar qırğınını gözləri ilə görüb, faciənin acısını dadıb: “Hərə bir tərəfə qaçırdı. Atəş səsləri məni qorxuzurdu. Biz qatarla Bakıdan Mingəçevirə gəlirdik. Hətta mən az qala qatarın altında qalmışdım. Bizimlə yol gələnlərin elələri var idi ki, evsiz qalmışdılar. Biz onları da özümüzlə evimizə gətirdik. Onlar bir müddət bizimlə qaldılar”.
Təranə xanım dedi ki, o zamankı şərait üzündən o, təhsilindən geridə qalıb, 5-ci sinfə qədər oxuya bilib: “Anam döyüşdə olarkən sanki bizim evdə də döyüş idi. Onun evə gəlməyi ilə qayıtmağı çox çəkmirdi. Evdən nəyisə satıb, döyüş dostları üçün siqaret və mer-meyvə aparırdı. Anam əvvəllər hamıya əl tuturdu. Ancaq indi ona kömək edən yoxdu. Döyüşlərdə sağlamlığını itirən anama fəxri ad da verilmədi. Anamın bu şücaəti qiymətləndirilmədi. Çox heyf…”

“Yaralandığın üçün səni əvəz edəcəyəm”

Tahir Əliyev Sevil Rəsulovanın oğludur. O, 1977-ci ildə doğulub. Anası döyüşə getdikdən az sonra o da döyüş bölgəsinə üz tutub. Hazırda ailəlidir. 2 övlad atasıdır. Tahir uşaq ikən döyüşə getməyə qərar verib: “Anamın yaralandığını eşidib, döyüşəcəyimi qərara aldım. Anama məktub yazıb, evdən çıxdım”. Hələ də Sevil xanım o məktubu saxlayır. Məktubda belə yazılmışdı: “Ana, mən Ağdama getdim. Yaralandığın üçün səni əvəz edəcəyəm. Artıq böyümüşəm. Özündən və bacımdan muğayat ol. Seyid Lazım ağanın şəklini, bir də yol pulu götürdüm. Bağışla məni, öpürəm sizi”.
Tahir bildirdi ki, anası 3 dəfə ağır yaralınıb: “Anam sağalar-sağalmaz döyüş bölgəsinə qayıdırdı. Onunla çiyin-çiyinə döyüşürdük. Hətta məktəb vaxtlarında əsgərlərimiz üçün corab, sabun və digər lazımlı ləvazimatları mən özüm aparırdım cəbhəyə. Qorxu nədir bilmirdim. Bu cəsarət, mərdlik mənə anamdan keçib”.

“Adım siyahıda yox idi”

Sevil Rəsulova şəhid və Qarabağ əlilləri üçün Mingəçevir şəhərində, Azərbaycan DRES qəsəbəsində tikilən binada yaşayır. O, I qrup Qarabağ əlilidir. Bu yaxınlarda qadın xəstəlikləri ilə əlaqədar əməliyyat keçirib.
4 il döyüşlərdə olan Sevil xanım çox haqsızlıqlarla üzləşdiyini deyir: “Döyüşdüyüm vaxtlardan indiyə kimi mənə heç bir yardım edilməyib. İndi yaşadığım bina əlillər üçün olsa da mənim adım siyahıda yox idi. Aidiyyatı qurumlara müraciət edəndən sonra mənə 2 otaqlı mənzil verdilər. Ciddi cəhdlə tələb etməsəydim, hələ də evsiz-eşiksiz idim”.

Gülnarə Mirzəqızı

Daha çox

Oxşar yazılar

Close