Bizimlə həyatınız həmişə işıqlı olacaq!

KOS-u dəstəkləmək üçün

239

Ötən sayımızda xəbər verdiyimiz kimi, aprelin 17-də ATƏT-in Bakı Ofisinin maliyyə dəstəyi ilə “İnsan Hüquqları üzrə Maarifləndirmə” İctimai Birliyi Mingəçevirdə hüquq məsləhət mərkəzini açıb. Açılış mərasimindən sonra “KOS-un iqtisadi inkişafda rolu” mövzusunda dəyirmi masa keçirilib. Dövlət qurumları, özəl sektor və vətəndaş cəmiyyətini təmsil edən iştirakçılar ATƏT-in səfiri ilə birgə biznesin inkişafına şərait yaradan mühitin formalaşdırılması və KOS-un dəstəklənməsi yollarını müzakirə ediblər.
“İnsan Hüquqları üzrə Maarifləndirmə” İctimai Birliyinin sədri İradə Cavadova Mingəçevirdə 213 hüquqi, 1814 fiziki şəxsin sahibkar kimi fəaliyyət göstərdiyini, onlardan 477-nin qadın, 1337-nin kişi olduğunu bildirib. Natiq bildirib ki, mərkəzdə sahibkarlara məhkəməyəqədər məsləhətlər, iddiaların və apellyasiya şikayətlərinin hazırlanmasında, dövlət qurumları ilə əlaqələrin qurulmasında yardım ediləcək: “Çalışacayıq ki, sahibkarlar Mingəçevirdəki mərkəzdən narazı qalmasınlar”. İ.Cavadova onu da deyib ki, sahibkarlar korrupsiyadan, lisenziyaların verilməsindən əziyyət çəkirlər. Son vaxtlar idxal-ixracla bağlı Dövlət Gömrük Komitəsindən də şikayətlər olur.
İnkişaf etmiş ölkələrin əksəriyyətində bu tip mərkəzlərin fəaliyyət göstərdiyini deyən ATƏT-in Bakı Ofisinin rəhbəri Koray Tarqay Mingəçevirdə açılan mərkəzin sahibkarlar üçün önəmli olduğunu vurğulayıb.
Mingəçevir İcra Hakimiyyətinin məsul işçisi İlqar Pirməmmədov yerli icra hakimiyyəti tərəfindən sahibkarlara diqqət göstərildiyini, kredit ödəmələrinə görə Mingəçevirdə problem yaşanmadığını, banklar və müvəkkil kredit təşkilatları tərəfindən yerli sahibkarlara 18 milyon manat məbləğində kredit verildiyini diqqətə çatdırıb.
Tədbirdə kiçik və orta sahibkarlığın inkişafına şərait yaradan əlverişli mühitin formalaşdırılması, qeydiyyat, vergilər və lisenziyalaşdırma ilə bağlı hüquqi tənzimləmə və digər məsələlər müzakirə edilib, iş adamlarını narahat edən suallar cavablandırılıb.

Şərhlər bağlıdır.