Tacikistanda baş vermiş təbii fəlakətdən sonra quruculuq işlərinə cəlb olunacağımızı deyirdilər. Çernobıla 30 km qalmış şlaqbaum vardı. Ordan işdən qayıdanlar ağ xalat geyinmişdilər. Avtobusdan düşən kimi insanlar qaçmaq istəyirdilər və onları güclə qalmağa məcbur edirdilər. Onları görəndə adam vahiməyə düşürdü. Məni bloka plitələri götürmək üçün təhkim etmişdilər. Əvvəl təlimatlandırdılar. 20 dəqiqədən artıq orda işləməyə icazə vermirdilər. Xüsusi geyim, skafandr verdilər. Özümüzü pis hiss edəndə paltardakı qirmizi siqnal düyməsini basmalıydıq. Bakılı Yura, mən və Valera yuxarı qalxdıq. Yura bayıra getmək istədi və hasarın o biri tərəfinə keçdi. Bir neçə saniyə sonra ağ xalatlılar xərəklə yüyürüb, Yuranı götürdülər. Sonra bildim ki, ora təmizlənməmiş ərazi imiş. Onu Kiyevə apardılar. Öldü-qaldısından xəbərim olmadı. Bir qapıdan küçib, digərindən çıxanda hərbçinin əlindəki aparata baxdım. 0,9 rəqəmini gördüm. Gündəlik yığdığımız dozanı qeyd edirdilər. Qayıdanda kazarmada da qeyd edirdilər. Mən gördüm ki, qeydiyyatçı dozanı 0,3 yazdı. Soruşanda ki, niyə 0,3 əvəzinə 0,9 yazmısan, əsəbiləşdi: “Kim sənə icazə verib baxmağa”. Sonra izahat verdi ki, onlara belə əmr olunub. Əvvəl 25 rengenə kimi icazə verilirdi, ölənlər çox oldüğü üçün dozanı 15 rengenə saldılar. Bunu 1-2 dəqiqədə yığan kimi oranı tərk etməliydin. Çox şüalı yerləri təmizləyənlərin iş rejimi 1 sutkada 20 saniyə idi. Biri vedrə, o biri bel götürüb, qaçaraq həmin əraziyə çatır, belin ucunda nə götürsə, vedrəyə atıb, dərhal geri qayıdırdı. Bununla o adamların işi bitirdi. Geyindiyin paltarı derhal dəyişirdin və onu yandırıb basdırırdılar. Ancaq mineral su içirdik.
Çernobıl Atom Elektrik Stansiyasının tikintisi zamanı altında quyu qazılmadığından qəza təhlükəsi zaman problemlər yaşandı. Bu stansiya Çernobldan 17 km aralı idi. Pripyat şəhərinin 45 min nəfər əhalisi məhv olmuşdu. 15 min maşın sahibsiz qalmışdı. O maşınları da əzib torpağa basdırdılar. Bloku isə 1 metr enində sink betona aldılar. Mütəxəssislərin dediyinə görə, 412 ildən sonra o şüa təsirini itirməyə başlayır. Yanğını söndürən 27 nəfər ilk ölənlərdəndir. Onları Moskva ətrafında dəfn etdilər. Sonra şüanın yayıldığını görüb, sinkdən tabut hazırlayıb onları təkrar dəfn etdilər.
Əvvəllər bizə yaxşı baxırdılar. HTEK-in yoxlamasından sonra biz peşə xəstəsi kimi təqaüdə çıxdıq. Başqa MDB dövlətlərində təhlükəli qəza yerinə göndərilən çernobılçılara dövlət tərəfindən prezident təqaüdü verilir. Əslində bizim statusumuz 1941-45-ci illər Vətən Müharibəsi əlilləri ilə eynidir. Amma bizə maşın verilmir.
Yevlaxda Səlim Müslümovun qəbulunda oldum. Dərdlərimizi dedim. Keçən ilin aprelində Çernobıl faciəsinin 28-ci ildönümüylə bağlı hər birimizə 50 manat pul ayrıldığını dedi. Amma bizə o pulu vermədilər. Bizi hansisa qurumlar aldadırlar. Bir dəfə isə şikayət etdiyimə görə mənə 100 manat maddı yardım etdilər. Bizdəh hər ay üzvlük haqqı tələb edirlər. İldə 24 manat üzvlük haqqı verməyə məcburuq. Bizə heç bir güzəşt tətbiq olunmur. Bütün güzəştlərimizi əlimizdən alıblar. Qarabağ əlillərinə ev verilir, maşın verilir, bizə isə yox.
Binaların altındakı obyektlərimizi satıb. Əlillərin əlindən alıb bu obyektləri satmaq olar? Əvvəllər 15 obyektimiz vardı, Bizə 16 ha torpaq sahəsi verilmişdi ki, orada təsərrüfatımızı quraq. Bu obyektlərimizi və torpağımızı əlimizdən alıblar. Cəmiyyətin yeri də yoxdur. Kimə şikayət edirik, baxmır. Üzvlərimizin arasında ikitirəlik hökm sürür.
Çernobıl Əlilləri Cəmiyyəti Mingəçevir şöbəsi üzvlərini ən çox itirən təşkilatlardandır. İndiyə qədər 47 nəfəri itirmişik. Get-gedə sayımız azalır, amma özümüz birləşə bilmirik. Çox can atırıq ki, birləşib, işimizi bir görək. Əfsuslar olsun ki, bizdə o birlik yoxdu. Çox əziyyətləri görmüşük. Onu öz həyatımızda yaşamışıq. Amma dərdlərimizi bilən, səsimizi eşidən, bizi sayan yoxdu. Sözümüzü deməyə simsar adam tapmırıq. Əksinə, səsimizi çıxanda bizi qınayırlar. Dəfələrlə TV-lərə, açıq yayıma çəxmaq istəmişik. Görüşlər keçiririk ki, görsünlər biz çernobılçılar hələ sağıq. Acılarımız içimizdədir.
Niyətulla Əzizov,
Çernobıl əlili
Şərhlər bağlıdır.