Ədəbiyyat

Sərnişinlərin söhbəti

Hekayə

İsti yay günü idi. Sərnişinlər 7 nömrəli marşrut avtobusuna əyləşib, avtobusun getməsini gözləyirdilər. Bu zaman avtobusa hündürboylu, iri cüssəli ağsaqqal bir kişi yaxınlaşdı və soruşdu:
-A bala, tərpənmirsən?
-Hə, əmi, tez ol, min! -deyə sürücü ağsaqqalı tələsdirdi.
-Hə-ə, onda kömək elə, minim! – deyib ağsaqqal əlləri ilə maşının girəcəklərindən tutub, bizim köməkliyimiz ilə bir qədər çətinliklə də olsa avtobusun salonuna daxil oldu. Nəfəsini dərib, sanki kimi isə axtarırmış kimi salona göz gəzdirdi və qabaq yerlərdən birində əyləşdi. Ağsaqqal yerini təzəcə rahatlamışdı ki, bir qadın əlində 2 çolpa və bir torba ilə yaxınlaşıb, ağsaqqaldan marşrutun nömrəsini soruşdu. Ağsaqqal nömrəni deyən kimi, hə, mənim marşrutumdur deyib, o da əlindəki yük ilə birlikdə avtobusa mindi. Ağsaqqal istədi ki, yanındakı boş yeri xalaya təklif etsin, ancaq alınmadı, çünki o, oturduğu yerdən də əlavə yerin yarısını tutmuşdu. Xala boş yerlərdən birində əyləşdi. Ağsaqqal başını bir az arxa tərəfə çevirib, söhbətə başladı.
– Amma yaman istidi haaa, nəfəs almaq olmur.
– İstilər hələ qabaqdadır – başda oturan bir sərnişin dilləndi. Bu sərnişinin adı Rəşid idi.
Adətən istiyə kök adamlar çətin dözürlər, arıq da olsa da Rəşid dayının istiyə dözümü yox idi. O, əlindəki dəftər vərəqi ilə özünü yelpələyirdi. Axı indiki marşrutların heç birində sərinkeş yoxdur, odur ki, avtobuslarda istidən oturmaq olmur.
-Əşi, heç gecələr də yatmaq olmur-deyə ağsaqqala yaxın oturmuş sərnişin əlini havada yelləyə-yelləyə söhbətə qarışdı. Bu sərnişin evinə bazarlıq etmişdi. Çantasında kartof, pomidor, soğan, badımcan, bibər və bir qədər də göy-göyərti var idi. Yəqin ki, əmi bu tərəvəz məhsullarından əcəbsandal bişirtdirmək istəyirdi.
-Olmaz da, canım, istilər bir yandan, maşınların səs-küyü də bir yandan- arxa tərəfdə əyləşən sərnişin hirslə dilləndi. Görünür, bu sərnişinin sağlamlığında nə isə bir narahatçılıq var idi, çünki o tez-tez göz qapaqlarını yumub-açır və ayaqlarını əsdirirdi. Sərnişinlər getdikcə daha da mehribanlaşırdılar. Sanki hər kəs öz ürəyini boşaltmaq istəyirdi. Axı belə imkan hər saat ələ düşmür.
-Əşi, maşının səsi azmış kimi hələ üstəlik mahnının səsi. Özü də bilmirsən nə oxuyur, nə çalır-bayaqdan sakit oturub qulaq asan sərnişin əlini-əlinə vurub gözünü ağartdı.
-Əmi, başa düşməyə nə ehtiyac var ki…Əsas odur ki, şən mahnı olsun-deyə cavan oğlan ağsaqqalın söhbətinə aydınlıq gətirmək istədi. Bu gözündə gün eynəyi (maşının salonunda yəqin ki, ona ehtiyac yox idi) bığlı-saqqallı (əgər ona bığ-saqqal demək olardısa və bizim ulu babalarımız belə bığ və saqqala görə yəqin bizləri topa tüfəngə tutardılar. Bəs biz hara baxırıq, bu bığlara, saqqallara necə salam verib, necə onlardan salam alırıq) bir cavan oğlan idi.
– A bala, gecə saat 2-də, yaxud 3-də o mahnının şənliyi kimə lazımdır?
– Əmi, cavan uşaqlardı da, özləri üçün istirahət edirlər -cavan oğlan yenə mübahisə etdi.
– A bala, deyəsən sən gecə ilə gündüzü qarışdırırsan. Gecə saat 2-də şəhərin küçələrində o tərəf-bu tərəfə təhlükə törədə-törədə sürətlə şütümək olarmı? Sən buna istirahət deyirsən? Qabaqlar Sovet hökumətinin vaxtında kimin həddi idi ki, şəhərdə maşını sürətlə sürə, muzıka qoyub camaatı narahat edə. QAİ var idi, hökumət var idi, qayda-qanun var idi.
– Əmi demək istəyirsən ki, indi nə qayda var, nə də qanun? Araya bir anlığa sükut çökdü. Bu zaman çolpalar çırpınıb qaqqıldadılar və elə bil söhbətə qarışmaq istəyirdilər. Onların səsi söhbəti başqa istiqamətə yönəltdi.
– A bacı, o çolpaları neçəyə alıbsan? – Rəşid əmi soruşdu.
– Əşi, alverçilər yazıq kəndçilərin əlindən elə avtobusun içindəcə dartıb alırlar ki, gətirdiklərinə də peşiman olurlar. Gah o tərəfə dartırlar, gah bu tərəfə. Az qalır ki, toyuğun başı qopsun. O deyir bu qiymətə alıram, bu deyir mənə çörək pulu qalsın, o biri deyir əşi bundan artıq qiymət verəsi deyiləm, ala, tut pulunu. Əgər kəndçi bir az sakit oldu, vay onda kəndlinin halına, istədikləri qiymətə alırlar. Biz alana kimi bir-iki əldən keçir, ona görə də hər şeyi baha alırıq.
Bu xala ilə yanaşı oturan qadın yerindən tərpənib danışmağa başladı:
– Əşi, heç toyuq almağa deyək ki, mənim pulum çatmır. Pensiya alandan-alana imkan edib, bir çolpa alam, ya almayam. Ancaq bu kartof-soğan satanlara nə deyirsən. O günü 2 kq kartof, 2 kq soğan aldım, özü də soruşdum ki, a bala, düzmü çəkirsən? “Hə, xala narahat olma”-dedi. Mən də inanıb gəldim evə. Gətirib evdə çəkəndə gördüm ki, hərəsindən yarım kilo əskik gəlir. Nətəri hirsləndimsə, zənbili götürüb getdim bazara.
Dedim ay utanmaz, ana yerində arvadam, niyə əskik çəkibsən. Hələ məndən soruşur ki, ay xala, məndən almısan? Gördü ki, əl çəkmirəm, ağzındakı barmaqla sayılan qırıq qızıl dişini göstərib güldü və iki ovuc kakrtof və soğanı zənbilimə atıb, bu da əvəzi-dedi.
Bu söhbətə qulaq asan əmi sanki oyandı və dedi:
– Əşi, mən də yazıq arvadı danlayıram, deməli günah onda yox, tərəvəzi satanda imiş. Mən əcəbsandalını xoşduyanam. Ancaq o dəfə yedim, gördüm ki həmişəki kimi dadmır. Dedim ki, arvad, deyəsən qocalıbsan, qabaqkı kimi bişirə bilmirsən. O, yazıq da and-aman etdi ki, həmişə necə, indi də elə bişirib. Mən də ona inanmayıb, bu dəfəki əcəbsandalın nə əcəbdir nə də sandal deyib yeməyi stolun üstündə qoyub, getdim televizora baxmağa. Ancaq indi bildim ki, tərəvəzin çəkilərində fərq olub. Gərək indən sonra bazara gedəndə öz tərəzimi aparım ki, məni aldatmasınlar. Ay qadanız alım, mən Rusiyanın şəhərlərində görmüşəm ki, bazarın çıxışında kontrol tərəzi qoyulub, kim şübhələnirsə tərəzidə yoxlaya bilər.
– Eh ay əmi, sən nə qoyub, nə axtarırsan, – bığlı-saqqallı oğlan yenə söhbətə qarışdı.- O xala çolpa alıb, indi o nə bilir ki, çolpalar xəstədir ya yox. Ancaq başqa Avropa dövlətlərində həkim yoxlamasından keçməmiş məhsulu satışa buraxmırlar. Bizdə isə o çolpaların üzünü həkim heç görmür də.
– Əşi, bu sürücü nə oldu ey, gəlib çıxmadı. Gəl, sür, gedək də-tərini dəsmalla silən sərnişin tərini silməkdən sifətini pomidora döndərmişdi.
– A bala, bəs deyirdin indi çıxırsan, sən ölmiyəsən, heç kimə inam yoxdur ey. Bilsəydim, o biri marşrutla gedərdim-bazarlıq edən əmi əllərini dizinə qoyub qışqırdı. Görünür ki, o, acmışdır. Axı hələ o bu tərəvəzləri evə çatdırana qədər xeyli vaxt keçəcəkdi. Bu əminin sözünə qüvvət kimi Rəşid dayı ilə yan-yana əyləşən, əlində qovluq, gözündə eynək olan sərnişin də eynəyini silə-silə:
– Əşi, bu sürücülər də nə istəyirlər, onu da edirlər ey. Gah tez çıxırlar, gah da gec. Heç bilmirsən hansı marşruta minəsən. Bizim idarəmizdə belə işləyən olsa, o dəqiqə işdən azad edərlər. Düzdür bizdə maaşı vaxtlı-vaxtında vermirlər, ancaq nizam-intizam möhkəmdir.
– Qardaş, icazə ver, mən çıxım, bir siqaret çəkim – deyə, pəncərə tərəfdə əyləşən sərnişin ayağa qalxdı. O bir əlində “West” siqaret qutusunu, o biri əlində isə alışqanı tutmuşdu.
– Rəhmətliyin oğlu, bu istidə də siqaret çəkərlər?! Onsuz da havamız çatmır… Bir yandan da siqaretin tüstüsü havanı zəhərləyir – deyib sərnişin yerini bir az da rahatladı.
– Ay əmi, sən allah, icazə ver, çıxım – naəlac qalmış sərnişin ayaq üstə dayanıb bir daha üz-gözünü turşutdu.
– Ay qadan alım, nə güc-bəla ilə özümü oturacaqların arasına salmışam. Zalım uşaqları oturacaqları o qədər dar eləyirlər ki, nə oturmaq olur, nə də oturandan sonra durmaq. A bala, bax, bu oturacaqları düzəltdirəndən soruşan yoxdurmu ki, elə biri mən- 92 kq çəkim var, axı mən bu oturacağa necə yerləşim?
O biri oturacaqda əyləşib zorla nəfəs alan pörtmüş daha bir sərnişin yarı zarafat, yarı gerçək dedi: “Əmi, sən tək özünü fikirləşmə, mənim boyum bir səksəndir, oturmaq üçün məcbur oluram ki, üzr istəyirəm, ya ayağımın birini oturacaqdan qırağa çıxardım, ya da ayaq üstə gedim”.
– Hə, əyləşin, gedək – böyük həvəslə maşına minən sürücü yerində əyləşdi və maşını işə salıb yerindən elə tərpətdi ki, maşının qapısı öz-özünə örtüldü.
– Ay əmi, qoymadın siqaretimi çəkəm – deyə oğlan narazılığını bildirib, alışqanı pəncərədən tullayıb, yerində oturdu.
– Ziyan ha eləmədim, a bala – kişi cavab verdi.
– Düşən var? – deyə, sürücü dayanacağa çatmamış soruşdu.
– Ə bunun sürdüyü maşına bax ey, ə belə də abqon olar, sən ölmiyəsən, kim necə istəyir, elə də sürür. Nə qayda var, nə qanun.
Sürücü başqa maşını ötmək üçün maşına qaz verdi.Digər sürücü də qazı artırdı. Qırmızı işıq yananda hər iki sürücü maşına tormoz verdi. 07-nin təkərləri asfaltda bir qədər iz qoyub tükürpədici bir səs çıxardıb dayandı. Marşrut avtobusu isə o maşından bir qədər qabaqda, sanki yerə dirəndi. Bu zaman salondakı sərnişinlər öz məharətlərini yaşamaq arzusu ilə göstərdilər. Kimi əl tutulan yerdən iki əlli yapışdı, kimi o biri sərnişindən yapışdı, kimisi 45 dərəcə əyilib sonra əvvəlki vəziyyətinə qayıdı. Ancaq qabaqda əyləşən ağsaqqal çəkisinin ağırlığına görə heç yerindən də tərpənmədi. Elə ki, yaşıl işıq yandı, yenə marafon başladı. Bu zaman əlində süpürgə və bükülü bağlama olan bir qadın qabaq tərəfə yaxınlaşdı və:
– A bala, yavaş sürə bilmirsən – deyə soruşdu.
– Görmürsən onu ay xala, hələ o bilmir ki, mən maşını iki təkər üstündə sürə bilirəm.
Bunu eşidən xala sanki həyatını sığortalamaq istəyirmiş kimi:
– A bala, qadan alım, burda niyə saxlamadın mən düşüm -xalanın artıq dili topuq çalırdı.
– A xala, bəs bayaqdan soruşmuram ki, düşən var, ya yox, niyə dillənmirsən?
Sürücü yenə də maşına tormoz verəsi oldu. Artıq bu maşına uyğunlaşmış sərnişinlər daha əvvəlki kimi narahat olmadılar. – Ay oğul, elə mən də düşürəm, saxla – deyə, başqa bir xala irəli gəldi.
– Ay xala, burda düşmək olmaz, bura svetoforun yanıdır.
– Əşi canın sağ olsun – bizim evimiz odur ey, görünür.
– Cərimə etsələr, canım necə sağ olacaq? – sürücü roldan yapışaraq danışırdı.
– Ay bala, kimdi ey səni cərimə edən, odur ey maşın piyadalar keçən xətdən gör nə qədər qabağa çıxarıb, niyə onları cərimələmirlər, elə mən düşürəm deyə səni cərimələyəcəklər? -deyib, xala maşından düşdü və qapını elə çırpdı ki, yalançılar sözü, az qaldı sürücü o tərəfə düşsün.
– Ay xala, bəs yol pulunu vermədin axı – o açıq pəncərədən xalanın arxasınca əlinin birini tapança atırmış kimi uzadıb var səsi ilə qışqırdı.
– Pulum var ki, verəm – deyib, xala maşından uzaqlaşdı.
– Sən ölmiyəsən, mənimki bu gün gətirmir ey, biri deyir burda saxla, biri düşür, deyir pulum yoxdur. Ə belə də iş olar. Kim nə istəyir, onu da eləyir – deyib, sürücü maşını yerindən elə tərpətdi ki, çəkisinin ağırlığına baxmayaraq ağsaqqal da müvazinətini bir qədər itirdi. O, müvazinətini düzəldib:
– A bala, bir az yavaş sürə bilmirsən? – sualını verib bərkdən asqırdı.
– Sürə bilirəm. Görmürsən, qoymurlar ki, rahat işimizi işləyək. Düşən var? – sürücü yenə də dayanacağa çatmamış artıq xırıltılı bir səslə soruşdu.
– Saxla, gələn var – deyə, sərnişinlərdən biri gələn adam tərəfə baxdı. Sürücü maşını hələ dayanacağa çatmamış saxladı. Kimsə arxayın-arxayın gəlirdi. Sürücü onu gözləyirdi və bu vaxtdan istifadə edən sərnişin qabağında dayanan adamı əli ilə itələyib sürücünü görmək istədi.
– A bala, hirslənməyə qalsa, onda gərək mən hamıdan çox hirslənəm. O günü getmişdim JEK-ə. Arayış lazım idi, sosial yardım almaq üçün. Arayışı yazıb nəvəmin adına, guya ki, evin sahibi nəvəmdir. Mən də baxmamışam. Getdim sosiala, dedilər arayış düz yazılmayıb. Bir də yayın o istisində qayıtmışam JEK-ə. 1 manat verib arayışı almışdım. 1 manat da taksiyə, təzədən qayıdıb gəlməyə-getməyə. Bunların hamısı puldur axı. Hələ əsəbləşməyim də bir yana. Özümün də təzyiqim var.

Sərnişin söhbəti qurtarmışdı ki, çöldəki sərnişin axır ki, gəlib çatdı. Marşrutun nömrəsini görüb, “A qardaş, mənə 4 nömrəli marşrut lazımdır” – deyib yenə də asta-asta dayanacağa tərəf getdi. Bu sözləri eşidən sürücünün imkanı olsaydı, marşrutu orada qoyub qaçardı. O, əsəbilərini cilovlamaq üçün dodaqlarını, sonra isə bığını dişləməyə başladı. Ancaq nə faydası, ya dodağından qan töküləcək, ya da bığsız qala bilərdi. Ancaq bir şey sürücünü narahat etmirdi, o da marşrutun ağzınacan dolu olması.
Növbəti dayanacaqda iki sərnişin dayanmışdı. Onlar da minmək istəyirdilər. Qapını açdılar, ancaq minə bilmədilər, ayaq qoymağa yer yox idi. Bu zaman hirsli olan sürücü: “Əşi, bir az mehribanlaşın da, qoyun camaat da minə bilsin də”- deyərək, əllərini rola döşəyib qışqırırdı.
– A bala, Azərbaycan xalqı onsuz da mehriban xalqdır, daha nə qədər mehribanlaşmaq olar-deyə ayaq üstə duran sərnişinlərdən biri hirslənib: “Sür gedək, daha yer yoxdur. Bayaqdan bir ayağım üstə dayanmışam. Onlar da minsələr, göydən asılı qalacam”.
– Əşi, arxa tərəf boşdur da, keçin arxaya – deyib sürücü axır ki, havaların isti olmasına baxmayaraq, yerdəki sərnişinləri də mindirdi. Sanki pulu verməyən xalanın heyfini çıxırdı. Axı xala pulu verməyəndə heç kim dillənmədi ki, ay xala, axı sürücü düz deyir, pulunu ödə. Xala da düz edir. Niyə onlar ödəniş haqqı üçün bilet vermirlər. Bığlı-saqqallı oğlan demişkən, başqa dövlətlərdə gediş haqqını ödədikdə bilet verirlər.
Bu anda gözümə maraqlı bir yazı dəydi. Mağazanın qabağına satmaq üçün qarpız tökmüşdülər və qarpızın üstünə qoyulmuş kartonun üstündə belə bir yazı var idi: “Şirin, sərin, qırmızı qarpız”. Deyək ki, qarpızın şirinliyi var, bəs sərinliyi? Yayın bu istisində, günün altında sərin qarpız olar? Qırmızı sözünü görəndə isə yadıma maraqlı bir əhvalat düşdü. Rusiyanın əksər yerlərində olduğu kimi Moskva şəhərində də qarpızı bizim azərbaycanlılar satırlar. Bir dəfə bir qarpız satılan yerə yaxınlaşmaq istəyirdim, gördüm ki, iki cavan rus qızı da yaxınlaşdı və mən adətim üzrə onlara növbə verdim. Qızlar qarpızın qiymətini soruşdular və yəqin qiymət onları qane etmədiyi üçün alası olmadılar, çönüb getmək istədilər. Bu zaman qarpız satan oğlan əlinə bıçaq alıb qışqırdı: “Davay, zareju”. Bunu görən qızlar “Oy, mamoçka” – deyib elə qaçdılar ki, gəl görəsən. Mən qarpız satandan niyə belə etdiyini soruşdum. Cavabında nə eşitsəm yaxşıdır:
– Qardaş, vallah istəyirdim qarpızı kəsib, onlara göstərəm ki, yetişib, qırmızıdır.

Sənan ABDULLAYEV

Daha çox

Oxşar yazılar

Bu xəbəri oxumusunuz?

Close
Close