Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Dövlət Universitetinin komandası Azərbaycan və Türkiyə universitetləri arasında “Virtual Hackathon–2020” müsabiqəsində uğurla iştirak edib

Bakı, 5 may, AZƏRTAC

Koronavirus pandemiyası ilə mübarizə məqsədilə texnoloji həlləri bir araya gətirmək üçün Azərbaycan və Türkiyə universitetləri arasında keçirilən “Virtual Hackathon–2020” müsabiqəsi başa çatıb.

“Biz birlikdə güclüyük” adlı müsabiqə Azərbaycan Texniki Universiteti (AzTU) ilə Türkiyənin OSTİM Texniki Universitetinin təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Innoland” İnkubasiya və Akselerasiya Mərkəzi və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tərəfdaşlığı ilə keçirilib.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, müsabiqənin şərtlərinə görə, komandalar 48 saat ərzində “Slak” və “ZOOM” proqramlarından istifadə etməklə bir araya gəlib, müzakirələr aparıb və mentorların dəstəyindən faydalanıblar. Müsabiqədə əsasən səhiyyə, təhsil, əyləncə və sosial mövzu sahəsində olan ideyalar təqdim edilib.

Komandaların təqdimatları bitdikdən sonra qaliblər “Virtual Hackathon” müsabiqəsinin “Facebook” səhifəsində canlı yayımda elan olunub.

Müsabiqənin nəticələrinə əsasən, birinci yerə OSTİM Texniki Universitetinin komandasının hazırladığı “CoroWarner” proqramı layiq görülüb. “CoroWarner” pandemiya zamanı insanların və təşkilatların bir-birinə kömək etməsi üçün məlumatlandırıcı funksiya daşıyacaq.

İkinci yerə AzTU komandasının “Kondor” dronu layiq görülüb. “Kondor” infeksiyasının yayıldığı dövrdə əhalinin temperaturunun alternativ enerji ilə işləyən cihazlar vasitəsilə ölçülməsi, tibbi ləvazimatların təhlükəsiz çatdırılması, ərazilərin və kənd təsərrüfatı sahələrinin dərmanlanması üçün nəzərdə tutulur.

Üçüncü yerə Azərbaycan-Fransız Universitetinin (UFAZ) “Academy Azərbaycan” və Lənkəran Dövlət Universitetinin ideyası olan “Relive” platformaları layiq görülüb.

“Academy Azərbaycan” təhsil saytıdır, müəllim və tələbələrin virtual ünsiyyəti üçün nəzərdə tutulur. “Relive” portalı isə psixoloji yardım saytıdır, insanlara onlayn xidmət göstərəcək. Hər iki portal xüsusi karantin müddəti bitdikdən sonra da fəaliyyətini davam etdirəcək.

Müsabiqədə Mingəçevir Dövlət Universitetinin (MDU) “Danışan ixtisas” portalı fərqlənən layihə olaraq dördüncü yerə layiq görülüb. “Danışan ixtisas” portalında tələbələr ixtisas fənlərini oxumaqla yanaşı, bədii qiraətlə də məşğul ola biləcəklər. Portal elektron kitabxana funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, qalib komandaların hər birinə “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi tərəfindən 3 aylıq İnkubasiya xidməti veriləcək. Həmçinin müxtəlif hədiyyələr təqdim olunacaq. “CoroWarner” və “Kondor” layihəsinin prototipi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə hazırlanacaq.

   https://azertag.az/xeber

Əlavə edək ki, ümumilikdə 27 komandanın qeydiyyatdan keçdiyi və 16 komandanın yarımfinala yüksəldiyi sözügedən müsabiqədə Mingəçevir Dövlət Universitetinin (MDU) “Crisis Heroes” komandası tərəfindən hazırlanan “Danışan ixtisas” portalı fərqlənən layihə olaraq dördüncü yerə layiq görülüb. Portalın karantin və karantindən sonrakı dövrdə ali təhsil müəssisələrinin ixtisaslar üzrə online və offline tanınması və təşviqinə, abituriyentlərə ixtisas seçimi zamanı dəstək göstərilməsinə xidmət etməsi nəzərdə tutulur. Eyni zamanda, portal müvafiq elektron resurslar da təklif edəcəkdir.

MDU-nun “Crisis Heroes” komandasının üzvləri: Elvin Muradzadə (kapitan, İTM19 qrup magistrantı), Xavər Kərimli (R17 qrup tələbəsi), Fəxriyyə Qüdrətli (AƏ17 qrup tələbəsi), Nurlan Əzizli (İ17.2 qrup tələbəsi).

MDU-nu beynəlxalq müsabiqədə layiqincə təmsil edən tələbələrimizi təbrik edirik və onlardan daha böyük nailiyyətlər gözləyirik.

Komandamızın üzvlərinə, eləcə də tələbələrimizin müsabiqəyə hazırlaşmasında əməyi olan MDU əməkdaşlarına təşəkkür edirik.

Şərhlər bağlıdır.