Elm və təhsilMDUXəbərlər

Mingəçevir Dövlət Universiteti Elmi Şurasının növbəti iclası keçirilib

2020-ci ilin 04 may tarixində Mingəçevir Dövlət Universiteti (MDU) Elmi Şurasının növbəti iclası keçirilib. “Microsoft Teams” platforması üzərindən online formatda keçirilən iclası açan MDU-nun rektoru Şahin Bayramov gündəlikdə duran məsələləri diqqətə çatdırıb.

Ş.Bayramov qlobal pandemiya ilə mübarizə sahəsində ölkəmizdə həyata keçirilən sistemli tədbirlər və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən atılan qətiyyətli addımlar barədə ətraflı məlumat verib. O, COVID-19 infeksiyası ilə mübarizədə ölkəmizdə tətbiq edilən modelin beynəlxalq ictimaiyyət tərəfindən və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yüksək qiymətləndirildiyini xüsusi vurğulayıb. Ş.Bayramov məhz düşünülmüş siyasətin məntiqi nəticəsi olaraq son həftələrdə ölkəmizdə virusa yoluxma sahəsində pozitiv tendensiyanın müşahidə edildiyini bildirib.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması və həmin rejimlə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə” 01 may 2020-ci il tarixli Qərarının detalları barədə danışan Ş.Bayramov ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin 31 may 2020-ci il tarixinədək uzadılmasını diqqətə çatdırıb. Rektor Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin dayandırılması barədə” eyni tarixli Sərəncamı barədə də məlumat verib. Mingəçevir şəhərində xüsusi karantin rejiminin yumşaldılmasına dair nüanslara toxunan Ş.Bayramov MDU-da online (“Microsoft Teams” və “ZOOM” platformaları üzərindən) və offline (“videodərs”lər vasitəsilə) dərslərin davam etdirilməsi istiqamətində həyata keçirilməli olan tədbirlər barədə danışıb.

Ş.Bayramov Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinin 01 may 2020-ci il tarixli birgə məlumatını diqqətə çatdırıb və yaxın günlərdə Təhsil Nazirliyi tərəfindən ali təhsil müəssisələrində yay imtahan sessiyalarının təşkili haqqında konkret təlmatın veriləcəyini bildirib.

Sonra iclasda 2019-2020-ci tədris ilində dövlət imtahanlarına və magistr dissertasiyalarının müdafiəsinə hazırlığın vəziyyəti haqqında, qiyabi şöbədə yaz semestrinə hazırlığın vəziyyəti haqqında və MDU-da kommunikasiyanın təşkili barədə məlumatlar dinlənilib. Müzakirə olunan məsələlərlə bağlı fakultə dekanlarına, kafedra müdirlərinə və Tədris şöbəsinə müvafiq tapşırıqlar verilib.

Cari məsələlər çərçivəsində təhsil haqqı, akademik borcların ləğvi, online tədris prosesinin keyfiyyət monitorinqinin gücləndirilməsi, kafedralarda həyata keçirilən elmi tədqiqat fəaliyyətinin əlaqələndirilməsi və digər mövzularda müzakirələr aparılıb.

 

Daha çox

Oxşar yazılar

Close