Region sakinləri insan alveri problemi ilə bağlı maarifləndiriləcək
Son illər respublikamızda insan alverinə qarşı mübarizə tədbirləri gücləndirilib. Amma paytaxta nisbətən regionlarda əhalinin hüquqi biliklərinin azlığı onların potensial qurbana çevrilmə riskini artırır. Digər tərəfdən regionlarda keyfiyyətli hüquqi müdafiə imkanlarının olmaması insan alveri qurbanlarının və potensial qurbanların pozulmuş hüquqlarının bərpasına imkan vermir. Bu səbəbdən region əhalisinin insan alveri qurbanına çevrilmə riskinin qarşısının alınması və onların öz hüquqlarını bərpa etməsi üçün maarifləndirilməsinə, eyni zamanda bölgədə fəaliyyət göstərən KİV nümayəndələrinin bu sahədə biliklərinin artırılmasına ehtiyac var.
Oktyabr ayından Beynəlxalq Miqrasiya Təşkilatının və «İnsan Alveri Qurbanlarına Dəstək» Konsorsiumunun birgə proqramı çərçivəsində regionlarda bu istiqamətində maarifləndirmə tədbirlərinə başlanıb. Məqsəd regionlarda yaşayan insan alveri qurbanları, o cümlədən potensial qurbanlarla işləyən jurnalistlərin bilgilərinin artırılması, bölgə və paytaxt mətbuatı arasında əməkdaşlığın qurulması, region mətbuatında daha keyfiyyətli yazılar dərc edilməsi, maarifləndirici xarakterli TV verilişlərin və sosial çarxın hazırlanıb yayımlanması ilə yerli əhalini miqrasiya və insan alveri probleminə dair maarifləndirməkdir.
Bu barədə qəzetimizə «İnsan Alveri Qurbanlarına Dəstək» Konsorsiumundan məlumat verilib. O da bildirilir ki, konsorsium üzvlərinin bu günkü toplantısında proqram çərçivəsində ilk tədbirin- region mətbuatında çalışan jurnalistlər üçün 2 günlük təlimin gələn həftənin sonlarında keçirmək nəzərdə tutulub. Eyni zamanda KİV-də maarifləndirici yazılar çap ediləcək, yerli televiziyada xüsusi veriliş və sosial çarx yayımlanacaq.
Şərhlər bağlıdır.