Rəqəmləri toplayan insanların Mingəçevirdə bayram tədbiri
Oktyabrın 20-də Mingəçevir şəhər Statistika İdarəsində Ümumdünya Statistika günü münasibətilə bayram tədbiri keçirilib. Qurumun rəhbəri Etibar Kərimov bildirib ki,Azərbaycanda statistikanın yaranmasından 169 il, dövlət statistikasının təşkilindən isə 95 il ötür: “1920-ci il avqustun 19-da Azərbaycan İnqilab Komitəsi dövlət statistikası haqqında ilk əsasnaməni təsdiq edib. Bu gün ölkəmizdə beynəlxalq standartlara cavab verən statistika fəaliyyət göstərir. Dövlət Statistika Komitəsi 50-dən çox beynəlxalq təşkilatla, eyni zamanda ölkənin statistika orqanları ilə əməkdaşlıq edir və məlumat mübadiləsi aparır”.
Qeyd olunub ki, Heydər Əliyev tərəfindən 18 fevral 1994-cü ildə “Statistika haqqında” Azərbaycan Respublikası Qanunu imzalanıb. Həmin Qanunda Azərbaycan Respublikasında təsərrüfatçılıq fəaliyyəti ilə məşğul olan subyektlərin Dövlət reyestrinin və beynəlxalq təsnifatlarla uzlaşdırılmış milli təsnifatların yaradılması, ölkə ərazisində dövlət statistika müşahidələrinin keçirilməsi, statistik sirr, dövlət statistika orqanları işçilərinin sosial müdafiəsi və s. xüsusi maddələr qeyd edilib. Müstəqillik dövrü ərzində Azərbaycanda rəsmi statistikanın təkmilləşdirilməsi, bu sahədə islahatların başa çatdırılması və beynəlxalq standartlara uyğunlaşdırılması, cəmiyyətin daha geniş məlumatlandırılması və statistikanın dövlətin iqtisadi siyasətinə uyğun inkişaf etdirilməsi, ölkənin sosial-iqtisadi inkişafı üzrə informasiya təminatının yaxşılaşdırılması, statistik göstəricilər sisteminin dünya standartları səviyyəsinə çatdırılması, iqtisadiyyatın dünya iqtisadiyyatına inteqrasiyasını səciyyələndirən yeni statistik məlumatların əldə edilməsi və onun beynəlxalq statistika standartları səviyyəsinə yüksəldilməsi diqqət mərkəzində olub. Bu məqsədlə Dövlət Statistika Komitəsi tərəfindən statistika sahəsində islahatların aparılması və onun təkmilləşdirilməsi haqqında beşillik dövlət proqramları işlənib hazırlanıb və həyata keçirilib. Bu illər ərzində 4 Dövlət Proqramı yerinə yetirilib, 2013-2017-ci illəri əhatə edən sonuncu Dövlət Proqramı isə yerinə yetirilməkdədir. Bu, milli hesablar sistemini təkmilləşdirmək, ölkənin sosial-iqtisadi inkişafını əks etdirən statistik istiqamətlərin və statistik təsnifatlar sistemini inkişaf etdirmək, dövlət statistika orqanlarının vahid informasiya sistemini inkişaf etdirmək və təkmilləşdirmək, respondentlərə düşən statistik yükü azaltmaq məqsədi daşıyır.
Hazırda dövlət statistika sistemi Mərkəzi Aparatdan, Naxçıvan MR Dövlət Statistika Komitəsindən, Bakı Şəhər Statistika İdarəsindən, 83 rayon (şəhər) statistika idarəsindən (şöbəsindən) və Dövlət Statistika Komitəsinin Baş Hesablama Mərkəzindən, Statistik Məlumatların Elmi-Tədqiqat və Layihə-Texnoloji Mərkəzindən və Tədris Mərkəzindən ibarətdir. Bu sahənin maddi-texniki bazası ilbəil genişləndirilir. 2013-cü ildə Dövlət Statistika Komitəsinin Mingəçevirdəki idarəsi üçün də yeni inzibati bina tikilərək istifadəyə verilib. Bu, kollektivin daha səmərəli və məhsuldar fəaliyyəti üçün əlverişli şərait yaradıb.
Bayram münasibətilə Mingəçevir Statistika İdarəsində dəyirmi masa ətrafına toplaşanlar statistika orqanlarının ölkənin sosial-iqtisadi inkişafında rolu, elmi cəhətdən əsaslandırılmış statistik məlumatların yazılması, işlənməsi və cəmiyyətin bütün təbəqələrinə çatdırılması haqqında fikirlər səsləndiriblər. YAP yerli təşkilatının sədri, əvvəllər Mingəçevir Statistika İdarəsinə rəhbərlik etmiş Cavanşir Yusubov deyib ki, onun üçün bu insanları görmək çox xoşdur: “Bunlar statistika işini aparan insanlardir. Bu işin özəyini isə bacarıqlı, savadlı insanlar qoyub. Nəsil dəyişib. İllərlə bu proses gedib. Bugün bu çətin işi siz görürsünüz”.
İcra Hakimiyyətinin məsul nümayəndələri İlqar Pirməmmədov və Rizvan Mikayıllı, Mingəçevir Dövlət Universitetinin müəllimləri Günəş Şəfaqətov və Nazim Niftəliyev, “Mingəçevir” qəzetinin baş redaktoru Mirsədi Daşdəmirov iqtisadiyyatın dili olan rəqəmləri toplayan insanların əməyini yüksək qiymətləndiriblər.
“Mingəçevir işıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyev ayda azı bir dəfə bu idarənin kollektivi ilə görüşdüyünü deyib: “Biz qəzet olaraq statistik məlumatları bölüşməkdə maraqlıyıq. İnsanlar informasiyanı biləndə güclüdür. İnformasiyanı da insanlara çatdırmağın bir yolu KİV-lərdir. Çünki minlərlə insanın məlumat almaq üçün bura gəlməyi mümkün də deyil. Kimsə ticarətlə bağlı məlumatı bizim qəzetin səhifələrini açmaqla əldə edə bilər. Bizə isə bu məlumatları peşəkarların toplaşdığı bu kollektiv hazırlayıb ötürür”.
Bayram tədbirinin sonunda tədbir iştirakçılarına “Mingəçevirin statistik göstəriciləri” məcmuəsi paylanıb.
Şərhlər bağlıdır.