Cəmiyyət

Üç ölkəni tək-tənha qarış-qarış dolaşdı

66 yaşlı Abid İsmayılovun velosipedlə səfərlərə çıxmağı yoldaşlarımı da həvəsə gətirib: “Onlardan ikisi Goranboyun Ağcakəndinə velosipedlə səyahət edib. Ən çətini başlamaqdır. Ola bilər gələn il mənə qoşulsunlar”.

Abid müəllim  Mingəçevir şəhər sakinidir, təqaüdçüdür. 66 yaşı var. İxtisasca müəllimdir. Avqustun 10-da  o, növbəti veloturdan qayıdıb: “Bu, mənim uzaq məsafəyə 2-ci veloturumdur. Keçən il bu aylarda Türkiyəyə səfər etmişdim.  Onda 2 min kilometr yol qət etmişdim. Bu il isə qərara aldım ki, daha uzaq məsafəyə səyahətə çıxım, həm də Təbrizi  ziyarət edim”.

Abid İsmayılov iyunun 20-də  səhər tezdən Mingəçevirdən çıxıb:  “Hər gün mənim yuxudan durma vaxtınm səhər saat 6-dır. Səfərə çıxan günü isə 6-nın yarısında qalxdım. İstəmədim ki, istiyə  qalım. İndi məni qarşılayanlar onda yola salmağa gəlmişdilər. Başda Telman İsayev olmaqla, onlardan yerdən göyə qədər razıyam”.

Bu dəfə də Abid müəllim  keçən ilki marşrutu üzrə yola düzəlib:  “Qırmızı Körpüdən keçəndən sonra Gürcüstandakı  kəndlərin  itləri ilə görüşməli oldum. İlahi, kənddə nə qədər it olarmış…Dayanıb gözləyirdim ki, itlər çəkilsin, sonra yoluma davam edim.  Bu minvalla Batumiyə gəldim. Orada çadırımı qurub,  20 gün yaxşıca istirahət etdim.  Bundan sonra Türkiyəyə addadım. Qardaş ölkənin ərazisində 10 gün velosiped sürmüşəm,  təxminən 1000 km məsafə qət etmişəm. Çox çətin yollar keçmişəm, dağlar addamışam. Elə olub ki, 18 km yoxuşu velosipedin arxasınca itələyərək qalxmışam.  Qarsa yaxınlaşmışdım, hava qaralırdı, yatmağa yer axtarırdım.  Böyük bir binanın həyəti olduğunu gördüm  Bir kəsi tapmadım ki, çadırımı burda qurmağa icazə alım. Nəhayət, bir taksi sürücüsü gəldi, mənə yer göstərdi. Amma ərazidə itlər var idi. Səhərə qədər məni yatmağa qoymadılar. Ikisi isə səhər tezdən başladı arxamca gəlməyə. Dayanıram, gəlib velosipedin kölgəsində uzanırlar, gedən kimi düşürlər dalımca. Mənim səhvim onda olmuşdu ki, onlara çörək vermişdim. Buna görə də məndən əl çəkmirdilər. Düşünürdüm ki, bunları gömrükdən necə keçirəcəyəm. Gömrük məntəqəsinə çatanda  qabaqda bir Naxçıvan maşını saxlamışdı. Mən dayandım, itlər də maşının gölgəsində daldalanıb, yuxuya getdilər.. Bundan sonra yoluma onlarsız davam etdim”.

İqdırdan Naxçıvana gələn Abid müəllim  burada çox isti qarşılandığından danışır: “Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Sərdar müəllim  özü məni qarşıladı, mənə oteldə qalmaq imkanı yaratdı.  5 gün ərzində naxçıvanlılaın qonağı oldum. Orda insanlar mənimlə görüşür, evlərinə dəvət edirdilər”.

Abid müəllim  geriyə dönərkən başqa marşrut seçib.  Naxçıvandan Culfaya, oradan da illər boyu arzuladığı Təbrizə  gəlib:  “Urmiyadan, Tehrandan Təbrizin yaxınlığındakı Şahgölə istirahətə gələnlərin sayı-hesabı yox idi. Mən də gölün ətrafında çadırımı qurdum, 5 gün orda qaldım. Təbrizdə keçirdiyim vaxt ömrümün ən silinməz günlərinə çevrildi”.

Amma bu yolçuluğun gedişi kimi qayıdışı da  Abid müəllimə bəzi çətinliklər yaradıb:  “Təbrizdən 50-60 km aralanmışdım, yoxuşa qalxırdım, möhkəm külək vardı. Velosipedin sükanını saxlamaq çox çətin idi, az qala maşınların altına qaçırdı. Bu zaman Yeni Zelandiyadan gəlmiş 2 turistlə -ər-arvadla qarşılaşdım. Sonradan bildim ki, onlar 5 aydır yollardadır. Kişinin saqqalı uzanmışdı. Onlar da  velosipedlərini sürməkdə çətinlik çəkirdilər. Ətrafda isə çadır qurmağa yer yox idi. Onlar əl eləyib, bir maşın saxlatdılar, əşyalarını yük yerinə qoyub,  kabinəyə mindilər. Sürücü elə bildi ki, biz  bir yerdəyik. Məndən  soruşdu ki, bu adamlar hara gedəcəklər.  Dedim ki, mən onları tanımıram,  dillərini də  bilmirəm.  Elə bu məqamda yanımızda dayanan başqa maşının sürücüləri ayaq saxladılar, biri o birinə məni göstərib dedi ki, bu qardaş azərbaycanlıdır. Öyrəndim ki, onlar İranın Biləsuvarındandır. Onlar əşyalarımı maşınlarına yükləyib,  mənə yol bələdçisi oldular. Yolda restorana girdik, şam etduk. Gecə orda qaldım, duş qəbul elədim. Səhər də gömrük postuna gəlib,  Azərbaycana keçdim, tikanlı məftillər boyunca yola düzəldim. Bu müddətdə cəmi 2 dəfə təkər buraxdı. Onu dəyişmək də bizim əlimizdə iki vur ikidir”.

Abid müəllim deyir ki, sonuncu gün ən uzun yolu-120 km məsafəni qət edib: “Ümumiyyətlə, velosipedçi gün ərzində 70-80 km sürə bilirsə, bu çox yaxşı göstəricidir. Gün olub ki, cəmi 50 km sürmüşəm, çünki yoxuşu qalxmaq mümkün olmurdu. Allaha şükür ki,  heç bir xəstəliyə məruz qalmadım. Amma yağışa düşdüm. Əşyalarımın üstünə salafan salır, özüm də yağışdan qorunmaq üçün üst geyimimi geyirdim.    Əslində belə uzun yola ciddi hazırlaşmaq lazımdır.  Mən ilboyu idman edirəm. Gərək ayaqlar və ürək  möhkəm ola. Bir də iradə ola ki, yarı yoldan qayıtmayasan. Bu dəfə 2700 km məsafəni qət etmişəm. Həm də  turis üçün nə lazımsa, məndə var. Yolda çay qızdırır, özümə yemək hazırlayırdım. Apardıqlarımdan hələ qalıb, sizi də qonaq edə bilərəm”.

Abid müəllim gəzdiyi ərazilərdə  azərbaycanlılarla  görüşdüyünü, onlardan diqqət və səmimiyyət gördüyünü  deyir: “İrandakılar  elə təmiz danışırlar ki, elə bilirsən Azərbaycanın ortasındasan. Kəndlərdə, şəhərlərdə məni qonaq  çağırırdılar.  Dünən qayıdanda yolda qarpız satanlar zorla məni qarpıza qonaq edirdilər”.

Özünü gümrah hiss eləyən  müsahibimiz  bu uzun yolu tək getməyinin səbəbini də açıqlayır: “Elə yoldaş olmalıdır ki, xasiyyətin tuta. Yarı yolda dalaşacaqsansa, niyə də bir yerdə yola çıxmalısan. Amma yoldaşla daha yaxşıdır, çünki darıxmazsan. Mənim belə səfərlərə çıxmağım yoldaşlarımı da həvəsə gətirib. Onlardan ikisi Goranboyun Ağcakəndinə velosipedlə səyahət edib. Ən çətini başlamaqdır. Ola bilər gələn il mənə qoşulsunlar”.

Abid müəllim 7-8 ildir ki, davamlı şəkildə velosiped sürür: “ Əvvəllər sürməmişəm. Əksəriyyətin uşaqlıqda velosipedi olub, mənim isə yox. Amma 7 nəvəm var, hamısnın da velosipedi var. Hərdən məndən soruşurlar ki, niyə bu səyahəti cavan  yaşlarınızda deyil, indi edirsiniz?. Bilirsiniz niyə? Belə uzun müddətə səyahətə çıxmaq üçün insanın gərək çoxlu boş vaxtı ola. Mən təqaüddə olan adamam. Ailəmin, övladlarımın heç bir problemi yoxdur. Onlar da istəyirlər ki, mən sağlamlığımın qeydinə qalım. Belə səfərlər mənə stimul verir. Hələ özümü  cavan hesab edirəm. Nə qədər ki, canım suludur,  dünyanı qarış-qarış gəzəcəyəm. Yəqin ki, qocalanda  uzaq məsafə qət edə bilməyəcəyəm,  onda  Azərbaycanın görməli yerlərini ziyarət edəcəyəm”.

Daha çox

Oxşar yazılar

Close